Bu günlərdə "westernarmenian TV" (Qərbi Ermənistan) adlı saytda Qarsla bağlı bir fotoşəkil dərc edilib. Fotoşəkildə 1920-ci ildə tarixi Qars şəhərində “Surp Arakelots Həvari Kilsəsi”nin həyətində erməni əsgərlərinin təsvir edildiyi və bu şəklin Qarsın Ermənistanın sərhədləri daxilində olması sübut kimi iddia edilib.
Faktyoxla Lab. bu fotonun həqiqi olub-olmamasını araşdırıb.
Arayış. Qeyd edilən fotonu paylaşan “WestArmeniantv” (“Qərbi Ermənistan”) internet televiziyası altı dildə- ingilis, fransız, rus, türk, erməni və sayt idarəçilərinin özlərinin uydurduqları “Qərbi erməni” dillərində yayımlanır.
“Qərbi Ermənistan Respublikası” Milli Şurasının təsis toplantısı 17 dekabr 2004-cü ildə o zaman erməni işğalı altında olan Şuşa şəhərində baş tutub. Fondun iclasında iştirak edənlər arasında təsisçilər şurasının nümayəndələri də olub: Armenaq Aprahamyan, Hovsep Hovsepyan, Aşot Babayan, Vaaqn İşxanyan, Hraçya Piliposyan, Vitali Balasanyan, Komitas Danielyan, Melanya Balayan, Samvel Karapetyan, Jiraygik Sefilyan, Gagik Sargsyan...
Bir maraqlı məqamı da qeyd etməliyik ki, qondarma qurumun “parlamenti”nin “3-cü çağırış” “millət vəkilləri”nin adlarının siyahısında Fransadakı erməni lobbisinin ya birbaşa təmsilçisini, ya da onlarla sıx əlaqədə olan şəxsləri görürük.
Məhz həmin qondarma “parlamentin” ilk iclasında özlərini “millət vəkili” adlandıran Vahan Badasyan, Hakob Hagopyan, Avet Ginoyan, Robert Ginoyan, Hovhannes Garabedyan, Haykaram Mnatsakanyan və Volodya Avetisyan Dağlıq Qarabağda hərbi xuntanın nəzarəti altında olan rejimdə (onlar “Artsakh Cumhuriyeti” adlandırırdılar) müharibə getdiyini və “həmkarları” Vahan Badasyanın döyüşlərdə yaralandığını bildiriblər.
Qondarma “respublika”nın keçmiş “xarici işlər naziri” və indiki “prezident”i Lidiya Markosyan fransızlarla əlaqəli işləyir, Burq-le-Valensdəki “Hayastan Mədəniyyət Dərnəyi” ilə tez-tez görüşlər keçirir. Fransada erməni keçmiş müqavimət döyüşçüləri və partizanlar birliyinin dəstəyi ilə Lionda təşkil olunan ermənilərə qarşı qondarma “soyqırımı”nın anım mərasimində və “Nəzarətçilərin Özünə Mübarizə və Özünüminitmə Haqqı” adlı onlayn görüşdə Fransadan əhəmiyyətli dəstək alıblar. Bu da o deməkdir ki, Fransa, ermənilərin Türkiyəyə qarşı əsassız torpaq iddialarını dəstəkləyir və seperatçıların arxasında dayanır.
“Qərbi Ermənistan” adlı qondarma ideologiyanın tərəfdarları ənənəvi erməni düşüncəsinə uyğun olaraq Türkiyə Cümhuriyyəti ilə yanaşı bölgədəki digər dövlətlərə qarşı da ərazi iddialarını açıq şəkildə bildirirlər. Misal üçün, onlar Ərzincanı “Yerzinka”, Ərzurumu “Karin”, Diyarbakırı “Dikranagert”, Siirti “Sgerd” kimi təqdim edirlər.
Bundan başqa, bu qondarma “respublika”nın Argentinadakı “səfiri” adlandırılan Gilyermo Karamanyan westernarmeniantv-yə yazdığı məqalədə Naxçıvan, Qarabağ, Cavaxetiya, Qars, Ərdahan, Van, Ərzincan, Ərzurum, Diyarbəkir, Trabzon, Bitlis, Sivas, Adana, Antep, Antakya, Muş və Sason şəhərlərinin erməni “vilayətləri” olduğunu bildirir.
İndi isə foto ilə bağlı araşdırmaya qayıdaq.
“Google”-da “geri axtarış” metodu ilə şəkli araşdırdığımız zaman ortaya bir çox şəkillər çıxdı. Bu şəkilləri paylaşan erməni, yunan və türk səhifələrində şəklin tarixi ilə şəklin məzmunu ilə bağlı ciddi uyğunsuzluqların olduğunu müəyyən etdik.
Bütün erməni mənbələri bu fotonu “Qarsdakı Müqəddəs Həvarilər Monastırının həyətindəki erməni əsgərləri, 1920” başlığı ilə təqdim edirlər. İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin “Instagram” səhifəsi, “İnteresting Armenia” adlı “facebook” səhifəsi, “Ermənistan qədim diyar” adlı ermənilərin ingilisdilli “facebook” qrupu kimi mənbələrdə görüntü 1920-ci ildə Qarsda erməni əsgərləri tərəfindən çəkilmiş fotoşəkil kimi təqdim olunur.
Araşdırmamız zamanı, digər mənbələrdə fakt təsdiqini tapmadı və bu mənbələrdə mövzunun ermənilərlə heç bir əlaqəsinin olmadığı üzə çıxdı.
Məsələn, Gürcüstan “Dövlət Musiqi, Teatr, Kino və Xoreoqrafiya Muzeyi”nin rəsmi saytının şəkil katoloqunda aşkar etdiyimiz fotonun üzərində yazılıb: “Qars, On iki Apostol kilsəsi yaxınlığında rus hərbi birləşmələrinin andiçmə mərasimi...1914”
Və yaxud, “X” hesabında I Dünya müharibəsi ilə bağlı rəsmlər paylaşan Tuncer Yılmazer adlı istifadəçinin paylaşımlarının birində "1915-ci ilin yanvarı... Qarsda rus əsgərləri" başlığı ilə paylaşdığı başqa bir şəkilə də rast gəldik.
Bu şəkil digər şəklin eyni tarixdə başqa rakursdan çəkilmiş versiyası idi. Gürcüstan Dövlət Musiqi, Teatr, Kino və Xoreoqrafiya Muzeyinin rəsmi saytındakı şəkil katoloqunda da aşkar edildi.
“Uzun Elma” adlı “Facebook” səhifəsi tez-tez Qarsın köhnə fotolarını paylaşır. Qeyd edilən fotoya həmin səhifədə də rast gəlirik.
Amma xüsusi vurğulayırıq ki, ermənilərin 1920-ci ildə çəkildiyini iddia etdikləri fotonun Qars tarixini dərindən araşdıran “Uzun Elma” səhifəsi 1913-cü ildə çəkildiyi bildirir.
Qeyd edək ki, ermənilər tez-tez birinci şəkli paylaşsalar da, digər rakurslardan olan görüntülərə nədənsə məhəl qoymurlar.
Göründüyü kimi:
- Erməni mediasında “Qars, Müqəddəs Həvarilər Kilsəsinin həyətində erməni əsgərləri, 1920” başlığı ilə yayılan foto növbəti saxtakarlıq nümunəsidir;
- Bu şəkil, 1914 və ya 1915-ci ildə Qarsda rus hərbi hissələrinin andiçmə mərasimində çəkilib və bunun ermənilərə heç bir aidiyyatı yoxdur;
- Bu şəklin orijinalı və eyni mərasimdən çəkilmiş digər şəkillər Gürcüstan Dövlət Musiqi, Teatr, Kino və Xoreoqrafiya Muzeyinin rəsmi saytının şəkil katoloqunda qorunur;
- Bu fotonu yayan “WestArmeniantv” internet televiziyası Fransa tərəfindən dəstəklənən separatçı ideologiyanın və qonşu dövlətlərə qarşı əsassız ərazi iddiası qaldıran qondarma qurumun media ruporudur;
- “Müqəddəs Həvarilər” kilsəsinin struktur və ornomentləri də bu abidənin ermənilərə heç bir aidiyyatının olmadığını təsdiqləyir.