“Abzas media” Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılan “Media haqqında” qanunla bağlı jurnalist Rövşən Hacıbəylinin rəyi əsasında məqalə dərc edib. Hazırlanan materialda belə təsəvvür yaradılır ki, qanuna təklif edilən yeni dəyişikliklər medianın fəaliyyətini məhdudlaşdırmağa yönəlib.

R.Hacıbəylinin iddialarına görə, qanun layihəsinə dəyişikliklərin qəbulundan sonra Azərbaycanda qəzet və agentliklərin, saytların fəaliyyət dairəsi daralacaq, informasiya əldə etmək və yaymaq hüquqları məhdudlaşacaq, xarici media orqanlarının Azərbaycandakı subyektlərinə qarşı isə sərt tələblər qoyulmaqla onların fəaliyyəti dayandırılacaq. R.Hacıbəyli xüsusilə də “Media haqqında” qanunun “Media azadlığı” bölməsinin (5-ci maddə) üzərində dayanaraq nəzərdə tutulan dəyişikliyin redaksiyaların müstəqilliyini və informasiya yaymaq imkanlarını azaltmaq məqsədi güddüyünü irəli sürür, eləcə də digər dəyişikliklərin dövlətin sərt nəzarətinə səbəb olacağını bildirir.

Faktyoxla Lab. “AbzasMedia” və R. Hacıbəylinin toxunduğu məsələnin bütün istiqamətləri üzrə detallı araşdırma aparıb, media qanunvericliyinə təklif edilən dəyişikliklərin əsl mahiyyəti, hansı məqsədlərə xidmət etdiyini izah etməyə çalışıb.

Əvvəlcə, 5-ci maddəyə dəyişiklik barədə. “Media haqqında” qanunda “Media subyekti” anlayışı məhdudlaşdırılmayıb, əksinə Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə daha da genişləndirilib. Beynəlxalq təcrübədə və müqavilələrdə olduğu kimi xarici media subyektlərinin filial və nümayəndəliklərinin fiziki və ya hüquqi şəxs kimi ilk növbədə Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət hüququ təsbit olunub. azertag
Layihəyə əsasən, xarici media subyektlərinin Azərbaycandakı filial və nümayəndəlikləri mübafiq ərizə ilə dövlət qeydiyyatından keçməli, qeydə alındıqdan sonra 7 iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün də bu quruma müraciət etməlidir. Xarici media subyektlərinin filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi qanunvericliyin tələblərinin pozulması halı kimi müəyyənləşəcək və yeni tələblər onların ləğvi üçün əsas olacaq. Müvafiq icra hakimiyyəti orqanının (vergi orqanı) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatı (veb-saytı) məhdudlaşdırılacaq.

 

Əslində prinsip etibarilə bu hal yenilik deyil, xarici ölkələrə məxsus subyektlərin qeydiyyatı və fəaliyyətinə dair mexanizmlər onsuz da media qanunvericliyində  öz əksini tapıb. Belə ki, “Media haqqında” qanunun 11-ci maddəsində (“Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti”) Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti barədə hüquqi mexanizmlər təsbit olunub. Həmin maddədə qeyd edilir ki, xarici media subyektlərinin fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Burada əsas məqsəd həmin beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi mexanizmlərin icrasının, daha doğrusu, tələb edilən bir sıra öhdəliklərin yerinə yetirilməsinin tam təmin edilməsidir.
Həmin öhdəliklər hansılardır?
Azərbaycanın normativ hüquqi aktlarında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə qeyri- rezidentlərin, hüquqi şəxslərin, nümayəndəlik və filialların dövlət qeydiyyatına alınması vergi qeydiyyatından keçməsi əsas tələblərdən biri kimi müəyyənləşib.  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 6-cı maddəsinə əsasən (“Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri”) xarici ölkələrə məxsus hüquqi şəxslər Azərbaycanda müvafiq qurumda qeydiyyatdan keçməlidirlər.

Vergi Məcəlləsinin 13-cü maddəsində “hüquqi şəxs” və “qeyri-rezident” anlayışlarının izahları verilib. “Hüquqi şəxs” Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. “Qeyri-rezident” isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləridir. Həmin Məcəllənin 14-cü maddəsində nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi öhdəlikləri qeyd olunub. Vergi ödəyicilərinin uçotu ilə bağlı normalar və öhdəliklər isə Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrində əks olunub. Bu maddələrdə hüquqi statusundan, mükəlləfiyyətindən və digər meyarlardan asılı olaraq vergi ödəyicilərinin, onların təsərrüfat obyektləri və subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları təsbit edilib. Məcəllənin 33.8-ci maddəsinin tələblərinə əsasən, xarici dövlətin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələri, eləcə də rezidentləri vergi uçotu nəzarəti tədbirlərinə cəlb edilir. Məcəllənin 34-cü maddəsində  isə (“Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları”) yerli və xarici şirkətlərin uçota alınmasına dair tələblər də hüquqi presedentlərdən biridir.

Göründüyü kimi, xarici ölkələrə məxsus subyektlərin filialları və nümayəndəlikləri üçün dövlət qeydiyyatı və vergi uçotu Azərbaycanın qanunvericliyində tamamilə təsbit olunub. Ancaq bir sıra nümayəndəlik və şəxslər, o cümlədən, media nümayəndəlikləri beynəlxalq öhdəliklərdən irəli gələn həmin tələb və  öhdəlikləri yerinə yetirməyərək fəaliyyət göstərməkdədirlər. Ona görə də “Media haqqında” qanuna bu əlavələr edilməklə xarici media subyektlərinin Azərbaycandakı filial və nümayəndəlikləri qarşısında yuxarıda qeyd edilən qanunların tələblərinə büsbütün riayət edilməsi öhdəliyi qoyulur.

Bu öhdəliyin qoyulması, yaxud qanunvericlikdəki mövcud tələblərin media qanununa transformasiya edilməsində məqsəd nədir?

Dövlət qeydiyyatına və vergi orqanında uçota alınmaq hər bir fəaliyyət sahəsi və növü üzrə həmin təsərrüfat subyektinin şəffaflığı, hesabatlılığı, gəlirlərinin mənbəyi, xərclərinin istiqaməti, gəlir və xərclərinin dəqiqi uçotunu müəyyən etmək üçün başlıca amillərdən biridir. Digər sahibkarlıq növü subyekti kimi media orqanının da əldə etdiyi maliyyənin mənşəyi və mənbəyi dəqiq və ünvanlı olmalıdır. Qeydiyyatdan keçmək istəməyən və vergi uçotunda dayanmayan media subyekti bu davranışı ilə öz fəaliyyəti haqqında şübhə və qeyri-şəffaf olması görüntüsü yaradır.
Beynəlxalq mühitdə transcinayətkar və müxtəlif kriminal şəbəkələrin maliyyələşdirdiyi ictimai institutların, Vətəndaş cəmiyyətlərinin, eləcə də media subyektlərinin fəaliyyətinə dair kifayət qədər məlumatlar var. ABŞ-də Tramp administrasiyası bir müddət əvvəl belə halların mövcudluğunu təsdiqlədi. Oxşar halların Azərbaycanda da mövcudluğunu “AbzasMedia”, “Meydan TV”, “Sputnik-Azərbaycan” və s. media orqanlarında aparılan son araşdırmalar da təsdiq etdi. Məhz bu cür meylləri nəzərə alaraq dünya ölkələrində vergi-maliyyə nəzarəti gücləndirilir, “gizli iqtisadiyyata” bağlı mənbələr haqda ciddi ölçülər götürülür. Bu baxımdan, Azərbaycan Respublikasında faəliyyət göstərən xarici dövlətlərə məxsus biznes və qeyri-biznes, ictimai təşkilat və ya media subyektlərinin dövlət qeydiyyatından keçməsi, vergi uçotuna alınması olduqca aktual və zəruridir. Dürüstlüyün  və şəffaflığın yolu budur, əgər hansısa xarici media subyekti dövlət qeydiyyatından keçməkdən imtina edəcəksə, bu, onun fəaliyyətindəki qaranlıq və gizli məqamlara bağlılığı, qanunsuz xarici mənbələrdən asılılığı barədə şübhələri də artırmış olacaq.
Xarici media subyektlərinin akkreditasiyasına gəlincə, burada da qeyri-adi heç nə yoxdur və “Media haqqında” qanunda ( Maddə 11. “Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti”) Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyətinə aid prinsiplərin müasir baxışını əks etdirir. Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, xarici media subyektlərinin ölkəmizdəki filial və nümayəndəliklərinin akkreditasiyası müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Yəni xarici media orqanı dövlət qeydiyyatından keçdiyi halda akkreditə ilə bağlı heç bir problem olmayacaq.

Digər istiqamət informasiya agentliklərinə münasibətdə xarici ölkələrdə akkreditasiyadan keçmiş jurnalistlər və digər subyektlərlə informasiya əldə edilməsi barədə müqavilələr üzrə minimum sayın müəyyənləşdirilməsidir. Eləcə də media subyektlərinin istehsal etdiyi informasiyanın minimum nisbətinə dair tələblər də yeni normalara aiddir. Belə ki, Qanuna təklif edilən dəyişikliklərə əsasən, (60.5. maddə) informasiya agentliyinin azı 20 media subyektinə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, eləcə də azı əməkdaşlarının 5 xarici ölkədə akkreditasiya olunmalıdır. Həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi müvafiq tələblərə cavab verməlidir. istinad

Məlumdur ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) bütün media subyektlərinə yaratdığı bərabərlik mühitində media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsində əsas məqsədlərdən biri media orqanlarının informasiya əldə etmək və yaymaq imkanlarını təşviq etmək, daha yaxşı motivasiya verməkdir. Bir neçə ildir ki, göstərilən bu dayanıqlı dəstəyin müqabilində media orqanlarının daha  geniş informasiya ötürücülüyü, çoxçeşidli məlumat yayımını stimullaşdırmaqda, xəbər bazalarını böyütməkdədir. Media sektorunda özünü təsdiq etmiş informasiya agentliklərinin əksəriyyəti hazırda bir neçə xarici dildə gündəlik 40-50 informasiya yayır, xarici ölkələrdə akkreditə edilmiş əməkdaşları həmin ölkələrin ictmai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatı ilə bağlı materiallar hazırlayırlar. Bu, onların artıq güclü və böyük media qrumuna çevrildiyini təsdiqləyir. Ona görə də ilk növbədə, həmin agentliklərin məlumatlarını dərc edən media orqanları ilə müqaviləsinin  olması onların xeyrindədir. Bu, həm müqavilə üzrə müəyyən qədər gəlir əldə etmək imkanı yaradır, eyni zamanda, həmin agentliklərin xəbərlərini dərc edən media subyektinin məsuliyyətini, habelə, agentliklərin daha geniş informasiya yayımı və media rəqabətində fəallığını artırmasını təşviq edir.
Xarici ölkələrdə akkreditə isə media orqanının əməkdaşının hüquq və mənafeyi, etibarlı müdafiəsi üçün təminat deməkdir. Xüsusi çəkisi və infrastruktur bazası, peşəkar media komandası olan informasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir. Bu baxımdan informasiya agentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətinin əsas istiqamətlərindəndir.
Bununla yanaşı, bir sıra hallarda akkreditə olmadan fəaliyyət hansısa hadisə və jurnalist hüquqlarının pozması halları zamanı media orqanının öz əməkdaşının hüquqlarını müdafiə etməsində çətinliklər yaradır. Bundan başqa, daha çox xarici ölkədə əməkdaşın fəaliyyət göstərməsi agentliklərin nüfuzunun, tanınmış media brendi olmasının göstəsicisi kimi mühüm əhəmiyyət kəsb edir. Ona görə də, informasiya agentliklərinin 20 media qurumu ilə informasiya verilməsi haqqında müqaviləsinin və əməkdaşlarının 5 xarici ölkədə akkreditasiyasının olması tələbi ancaq və ancaq həmin agentliyin inkişafına, daha böyük media seqmentinə çevrilməsinə xidmət edə bilər. Bütün bunların isə media azadlığının məhdudlaşdırılmasına heç bir aiddiyyatı yoxdur və əksinə media azadlığınını genişlənməsinə təşviqedici təsir göstərir.
“AbzasMedia” və R.Hacıbəylinin iradlarından biri 62.6-cı maddəyə təklif edilən dəyişikliklərlə bağlıdır. Həmin dəyişikliyə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.
Əslində bu tələblər “Media haqqında” mövcud qanunda təsbit olunub, yeni dəyişikliklər isə həmin sahədə konkretliyi və müasir baxışı əks etdirir. Belə ki, sözügedən qanunun 74-cü maddəsində (74.1.6.) qeyd edilib ki, Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır.

Yeni dəyişikliyə əsasən, media subyektlərinin loqotipləri ilə bərabər, onların adlarının da digər media subyektlərinin adları ilə eyni və ya oxşar olması tələbinin əks etdirilməsi isə bu sahədə indiyədək müşahidə edilən süi-istifadə hallarının, başqa media subyektinin oxşar adı altında qanunsuz fəaliyyətlərin qarşınının alınmasına xidmət edir. Dəyişikliyin təşəbbüskarı və müəllifi isə birbaşa medianın özüdür. Belə ki, MEDİA dəfələrlə müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı müraciətlər etmiş və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürmüşdür. Bu amil nəzərə alınaraq qanuna müvafiq dəyişikliyin olunması təklif edilib. apa
Onu da qeyd edək ki, nüfuzu olmayan media orqanının tanınmış və peşəkar brend formalaşdırmış media subyektinin adından sui-istifadə etməsi ən azından media peşəsinə və əxlaqına ziddir. Eyni zamanda, başqa bir media brendinin çətiri altında oxşar emblem və adla nəşr və yayım etmək dələduzluq əməlləridir və cinayət halı sayılır. Bu, bütün dünya ölkələrində belədir və Azərbaycan qanunvericliyində özünün hüquqi təsbitini tapması tam normaldır. Bu dəyişiklik, media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.

Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərdən biri də çap mediası subyektinin Media Reyestrində olmadan fəaliyyət göstərdiyi halda çap mediası məhsulunun özü, yaxud nəşriyyat və ya yayım orqanı tərəfindən nəşri və ya yayımının qadağan edilməsidir.

Əslində bu da əsaslı bir yenilik deyil, hazırda qüvvədə olan Qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilir. Dəyişiklik sadəcə reyestrdə olmayan çap mediasının nəşri ilə bağlı qərarın məhkəmə orqanından media orqanına həvalə edilməsidir. Burada sadəcə hüquqi ünvan dəyişir.

Media qanunvericliyinə təklif edilən dəyişikliklərdən biri də 14.1.11-1 maddə ilə bağlıdır. Bu dəyişikliyə əsasən, saxta məlumatların dərcinə və yayımına yol verilməməsi nəzərdə tutulur.Saxta xəbərlər” və ya “jurnalist reportajı” kimi təqdim edilən uydurma və ya bilərəkdən təqdim edilən yalan məlumatlar oxucuları aldatmaq və ya çaşdırmaq üçün qəsdən yaradılır. Eləcə də, daha geniş kateqoriyanı əhatə edən “dezinformasiya” ictimai rəyi çaşdırmq, aldatmaq, manipulyasiya etmək və ya müəyyən hədəflərə çatmaq məqsədi daşıyır. Hər iki hal “feyk-xəbər”lər olmaqla ictimai anlayışı təhrif etmək, jurnalistikaya inamı azaltmaq və demokratik prosesləri sarsıtmaq potensialına malikdir.
Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri hazırda məhz informasiya məkanında mənbəyi bilinməyən saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial medianın təsiri altında olan media subyektlərinin lentinə ayaq açması, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir.
Azərbaycanda söz və məlumat azadlığı üçün güclü hüquqi arxitektura formalaşdırılıb. Konstitusiyanın 32.2-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var və hüquqi məsuliyyət yaradır. Bu, Azərbaycan mediasının azadlığını legitimləşdirən əsas atributlardan biridir və Əsas Qanundan irəli gələn tələblər də kiminsə haqqında saxta və yalan informasiya yayılmasını qadağan edir. mənbə
“Fərdi məlumatlar haqqında” Qanuna əsasən, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir. (Maddə 4.2). Eyni zamanda, fərdi məlumatlar toplandığı andan mühafizə olunur ( Maddə 5.1).

“Məlumat azadlığı haqqında” Qanunda  məlumat azadlığının təminatı təsbit edilib, ancaq eyni zamanda, qeyd edilir ki, məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən (“Şəxsi həyatın toxunulmazlığını pozma”) şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, eyni zamanda, foto, video, yazışma, telefon danışıqları, səs yazısı, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların toplanmasına görə günahkar şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətinə islah işləri ilə cəzalandırılırlar.

Eləcə də, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə əsasən, hər bir şəxsin təhlükəsizliyinin qorunması əsas hüquqlardan biridir. Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs şəxsi toxunulmazlıq,  ailə həyatı, mənzil və yazışma sirrinə hörmət hüququna malikdir. Bu halların pozulması aşkar edildikdə vətəndaş Avropa İnsan Hüquqları Konvensiyasına müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini göndərmək hüququ var. echr.coe.int 

Bütün bu hüquqi istinadlar onu ehtiva edir ki, azad söz və məlumat azadlığının geniş təsbit olunmasına baxmayaraq azadlıqdan sui-istiafədəyə yol vermək olmaz, yalan, böhtan, iftira və dezinformasiyalarla ictimai rəyi aldatmaq yolverilməzdir. Dövlətin milli maraqları hər şeydən üstündür, medianın da milli maraqlardan, vahid mövqedən çıxış etməsi normaldır  və bu, dezinformasiya cəbhəsindəki həmlələrin dağıdılması və milli maraqların qorunmasında mühüm rol oynayır.  Medianın vahid mövqedən, milli maraqlardan çıxış etməsini 44 günlük müharibə və Zəfərdən sonrakı post-münaqişə dövründə müşahidə etdik.
Saxta xəbərlərlə dövlətimizin milli maraq və mənafeyinə, ictimai təhlükəsizliyinə qarşı hansı manipulyativ informasiya təhdidlərinin olmasını biz “Meydan TV”, “Sputnik Azərbaycan”, “Abzas media”nın və digər xarici QHT-lərin və maraqlı xüsusi qrupların maliyyə və siyasi dəstəyinin acı nəticələrini son aylarda müşahidə etdik. Bu cür media orqanlarının zərərli fəaliyyətinin hansı ağır nəticələrə səbəb ola biləcəyini qeyd etməyə ehtiyac yoxdur. Bu baxımdan saxta məlumatların yayımlanmasına qarşı daha etibarlı hüquqi çərçivənin formalaşdırılması düzgün qərar sayıla bilər. 
Digər tərəfdən, saxta məlumatlar və dezinformasiyalar vətəndaşların, fiziki və hüquqi şəxslərin mənafeyinə qarşı yönəldikdə, onların işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirdikdə sözsüz ki, bu halların qarşısı alınmalı, hüquqi məsuliyyət tədbirləri görülməlidir. Ələlxüsus da, son illərdə sosial mediada geniş yayılan bu tipli mənfi təzahürlərlə mübarizədə beynəlxalq təcrübədə konkret hüquqi addımların atıldığını bir vaxtda media sahəsində olan bu problemin Azərbaycan qanunvericiliyində də təsbiti müasir çağırış kimi qəbul olunmalıdır. Bu baxımdan informasiya təhlükəsizliyinin daha güclü və möhkəm olması müasir media islahatlarının ən mühüm elementi kimi ön planda dayanır.
Bütün dünya dövlətlərində dezinformasiyaya qarşı möhkəm hüquqi sədd yaradılır və Azərbaycanın istinad etdiyi hüquqi mexanizmlər aparıcı dünya ölkələrinin media qanunvericliyindən, təcrübəsindən nümunə kimi götürülüb. 
Misal üçün, ABŞ-də hələ Donald Trampın birinci prezidentliyi dövründə (2020-ci il) “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalanıb.

Sənəd ifadə azadlığından sui-istifadə edən çoxsaylı onlayn platformalarda qanunla qadağan edilmiş fəaliyyətin qarşısını alır, yalan və böhtan yayılmasına qarşı hüquqi məsuliyyət çərçivəsini müəyyən edir. ABŞ-nin milli maraqlarına zərər vuran, qərəz və iftira yayan onlayn media platformalarının senzuralaşdırılmasını nəzərdə tutur.
Avropa İttifaqının “Dezinformasiya üzrə Gücləndirilmiş Təcrübə Kodeksi” sənədi üzv dövlətlərin dezinformasiya ilə mübarizə aparmaq üçün özünütənzimləmə standartlarına riayət etmək səlahiyyətini verir. digital-strategy.ec.europa 

Yaxud, Aİ-nin 2025-ci ilin fevralında təsdiqlədiyi və iyulun 1-dən qüvvəyə minən “Dezinformasiya üzrə Davranış Kodeksi” söz azadlığını tam dəstəkləməklə dezinformasiya riskləri ilə mübarizənin hüquqi əsaslarını müəyyən edir. Kodeksi imzalayanlar arasında qlobal sosial media platformaları, o cümlədən, “Facebook”, “Instagram”, “LinkedIn”, “Bing”, “TikTok”, “YouTube” və “Google” platformaları yer alır ki, ümumi anlaşma dezinformasiya riskləri ilə mübarizədə vahid mövqeni əks etdirir, eyni zamanda, bu sahədə hüquqi məsuliyyətin müəyyən edilməsi üçün müvafiq meyar rolunu oynayır.

Həmçinin, digər region dövlətlərinin qanunvericliyində də sosial mediada nifrət, şiddət, terrorizm təbliğatının, böhtan və qərəzin, digər bu tipli informasiya xaosunun qarşısının alınması, təhqir, təhdid, şantaj, şərəf və ləyaqətinin pozulması halları və digər faktlar, habelə xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək zərərli məlumatlarla bağlı sərt cəzalar və məsuliyyət tədbirləri öz əksini tapıb.
Saxta xəbərlərlə mübarizə təcrübəsi Türkiyə Qanunvericiliyində də mövcuddur. “Dezinformasiya ilə mübarizə qanunu” adlandırılan layihə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib. Qanunda qeyd edilir ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı dövlətdən daha ciddi və sərt addımlar atılması nəzərdə tutulur. tbmm.gov.tr

Ermənistanda “KİV haqqında” qanun layihəsinə 2022-ci ildə edilmiş dəyişikliklər (məhdudlaşdırıcı bəndlərin əlavə olunması) saxta məlumatların, yalan və böhtana qarşı cəzaları təsbit edib. newsarmenia

Ermənistan parlamenti tərəfindən 24 mart 2021-ci ildə Cinayət Məcəlləsinə yeni maddənin (137.1) qüvvəyə minməsi sayəsində ağır təhqir və söyüş söymək, şəxsi başqa üsullarla təhqir etməyə görə 100 mindən 1 milyon dram (təxminən 205 -2050 dollar) məbləğində cərimə nəzərdə tutulub. Təhqir eyni şəxsə qarşı təkrarlanırsa, cəza bir milyondan üç milyon drama (təxminən 2050-6150 ABŞ dollar) qədər artırılır və eyni zamanda, 1 aydan 3 aya qədər həbs də nəzərdə tutur. eurasianet

Bütün bu nümunələr ona dəlalət edir ki, ABŞ başda olmaqla, əksər dövlətlərdə media orqanlarının saxta məlumatlar yayması, cəmiyyətdə süni qarşıdurma yaratmğa xidmət edən manipulyativ fəaliyyət qanunlarla məhdudlaşdırılıb və müvafiq media qanunverciliyində bu hallarla bağlı hüquqi məsələlər təsbit olunub. Azərbaycanda saxta məlumatların yayılması ilə bağlı hüquqi məsuliyyət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyənləşsə də “Media haqqında” Qanunda mövcud hal üzrə hüquqi prosedur yox idi. Ona görə də, qeyd edilən Qanunda bu hallarla bağlı hüquqi tənzimləmənin yer almasının vaxtı çoxdan çatıb. Ələlxüsus da, sosial media seqmentlərində saxta məlumatlar və dezinformasiya ilə bağlı fəaliyyətin media qanunvericiliyi ilə tənzimlənməsi həm medianın fəaliyyətindəki keyfiyyəti artıra, həm də cəmiyyət üçün daha etibarlı informasiya mühiti yarada bilər.

Beləliklə, “Media haqqında” qanuna təklif edilən yeni dəyişikliklərin məqsədi dövlətimizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına stimul və motivasiya verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Azərbaycan mediası qlobal informasiya məkanının tərkib hissəsidir və dövlətin informasiya siyasəti də bu mühüm faktoru, habelə müasir çağırışları nəzərə alaraq formalaşdırılır. Mediamızın daha güclü və milli olması dövlətimiz haqqında həqiqətlərin dünyaya çatdırılması və milli maraqlarımızın müdafiəsinə o qədər böyük töhfə vermiş olacaq.

Nəticə:

- “Abzas media”nın istinad etdiyi R.Hacıbəylinin bu mövzuda bütün iddiaları yalnız ümumi sözlərdən ibarət əsassız mühakimələrdir, məsələyə dair əsaslı hüquqi izah verilmir, bu isə onun qərəz və manipulyasiya niyyətlərindən xəbər verir;

- “Abzas media” Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılan “Media haqqında” qanuna yeni dəyişikliklər layihəsi barədə qərəzli və heç bir həqiqəti əks etdirməyən məqalə yaymaqla Azərbaycanda söz və məlumat azadlığını hədəfə almağa çalışır.