Sosial mediada Azərbaycanda 2013-2026-cı illər arasında ərzaq məhsullarının qiymət fərqini əks etdirən cədvəl paylaşılır. İddia edilir ki, son 13 il ərzində Azərbaycanda qiymətlər kəskin şəkildə bahalaşıb. Sosial media istifadəçiləri bildirirlər ki, qiymət artımları dünyada gedən proseslərlə bağlı deyil, iqtisadi idarəetmədəki yarıtmaz işlərin nəticəsidir.

Təqdim edilən cədvəldən belə qənaət yaranır ki, 2013-cü ildən ötən dövrdə, yəni 2026-cı il yanvar ayına qədər olan müddətdə ölkəmizdə malların qiyməti 2-2,5 dəfə bahalaşıb, inflyasiya 2,5 dəfəyə yaxın və yaxud 200-250 faiz arasında dəyişib.

Faktyoxla bu iddialara aydınlıq gətirib.
Əvvəla, təqdim olunan cədvəldə ərzaq məhsullarında qiymət dəyişkənliyi əks olunub. Yəni bu, yalnız ərzaq inflyasiyasındakı dəyişkənliyi göstərir. İnflyasiya və yaxud istehlak qiymətləri indeksi isə daha geniş anlayışdır, inflyasiya zənbilinə təkcə ərzaq mallarının qiymətləri deyil, qeyri-ərzaq mallarının qiymətləri, xidmətlər və s. mallar qrupları da daxildir.
Bir sözlə, inflyasiya zənbilinin strukturunda ərzaq, qeyri-ərzaq, müxtəlif mal və xidmətlərin toplam sayı 100-dən artıqdır.
İstehlak qiyməti indeksi də məhz həmin mal və xidmətlərin cəmi əsasında müəyyənləşir. Ona görə də, iqtisadiyyat haqda yetərli biliyi olmayanların bu cür mövqe bildirməsi, yalnız ərzaq mallarına əsaslanaraq yüksək infilyasiya, ölkədə qiymətlərin kəskin bahalaşması barədə fikir yürütməsi yarımçıqlıq və daha çox manipulyasiya cəhdidir.
Son 13 ildə qiymətlərin necə dəyişməsini, hansı səviyyədə artmasını isə inflyasiya səbətinə daxil olan bütün mal və xidmətlərin qiymət indeksini hesablamaqla da müəyyən etmək mümkündür. Bu göstəriciləri Dövlət Statistika Komitəsinin 2013-2026-cı illər üzrə rəsmi cədvəlində əks olunub.
Cədvəldən göründüyü kimi göstəricilər 2013-2023-cü illərə aiddir. Son 2 ildə isə inflyasiya birrəqəmli olub. Belə ki, 2024-cü ildə inflyasiya 4,9 faiz, 2025-ci ildə isə qiymət indeksi 5,6 faiz təşkil edib.
Beləliklə, 2013-cü ildən 2026-cı ilin yanvar ayına olan dövrə kimi Azərbaycanda inflyasiya toplam 77,6 faiz (2,4+1,4+4+12,4+12,9+2,3+2,8+6,7+13,9+8,8+4,4+5,6 =77,6) təşkil edib.
Yəni ölkədə real inflyasiya “etibarlı mənbələrə” istinad edilərək cəmiyyəti çaşdıran və spekulyativ xarakterli məlumatlardakı kimi 200-220 faiz deyil, 77,6 faiz olub.
Nəzərə alaq ki, qeyd edilən cədvəldə bir sıra malların qiymətləri real bazar dəyərinə uyğun deyil. Məsələn, 2026-cı ildə dana ətinin əksər satış dükanları və qəssabxanalarda bir kiloqramı 17,5-18 manat olduğu halda 21,48 AZN, xamanın 400 qramı bir çox marketlərdə 3-3,5 AZN olduğu halda, 5,89 AZN yazılıb. Yaxud südün 1 litrinin 2,8 AZN, unun 2 kq-nın 3,65 manat göstərilməsi doğru məlumat deyil. Belə aydın olur ki, həmin malların real market satışının qiyməti ilə cədvəl arasında ən azı 25-30 faiz fərq var, yəni süni şişirtmə məqamları açıq görünür. Nümunə üçün marketlərdən birinin tətbiqinə daxil olub, bütün qida və içkilərin satış qiymətlərini müqayisə etmək mümkündür.
İkincisi, 2013-cü ildən sonrakı illər ərzində qiymətlərin bahalaşmasının dünyada gedən proseslərlə bağlı olmaması barədə iddia da səhvdir. Son 15 ildə dünya bazarlarında təkcə qida məhsullarının qiymətləri dəfələrlə artıb, bəzi məhsullarda hətta 120-160, bəzilərində isə 200 faizdən çox artım müşahidə edilib. farmdocdaily

Azərbaycan ərzaq mallarının müəyyən bir hissəsini xarici ölkələrdən idxal edir, həmçinin ölkəmizdə istehsal edilən qida mallarının xammal və digər komponentlərin böyük bir hissəsi xarici ölkələrdən gətirilir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir və nəticədə bu, idxal inflyasiyasını formalaşdırır.
Müxtəlif illərdə ölkəmizdə inflyasiyanın artması birbaşa xarici faktorla - ticarət tərəfdaşımız olan ölkələrdə qiymət artımı sayəsində yaranan dəyişkənliklərlə bağlı olub. Məsələn, əksər ölkələrdə ikirəqəmli inflyasiya baş verəndə, idxal nəticəsində bu, Azərbaycanda da ikirəqəmli qiymət indeksini yaradıb.
Göründüyü kimi, bahalaşmada dünyada gedən proseslərin təsirinin olmaması haqqında irəli sürülən fikirlərin heç bir əsası yoxdur.
Üçüncüsü, qeyd edilən cədvəldəki spekulyasiyanı və uyğunsuzluğu təsdiqləyən digər arqumentə- inflyasiya artımının əhalinin sosial yaşayışına təsir ekvivalentliyinə baxmaq lazımdır.
Məlumdur ki, ölkədə hər bir vətəndaşın istehlak xərcləri minimum istehlak səbətinə əsasən, müəyyənləşir və yaşayış minimumu ilə ölçülür. Minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Ona görə də, son 13 ildəki həmin sosial normalara baxmaqla, sosial vəziyyətin keyfiyyətini müəyyən edə bilərik.
2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində,
2026-cı il üçün isə yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.
Bu rəqəmlərə əsasən, əldə edilən nəticə budur ki, 2013-2026-cı illərdə minimum yaşayış normasının məbləği 2,8 dəfə artırılıb. Bu rəqəm həmin dövrlər üzrə inflyasiyadan ən azı 3 dəfə çoxdur.
Beləliklə,
- Sosial mediada yayılan qiymətlərin kəskin bahalaşması və bunun dünyada gedən proseslərlə bağlı olmaması barədə deyilənlər həqiqəti əks etdirmir;
- Bu baxımdan təqdim edilən cədvəl əsasında əhalinin yaşayış səviyyəsinin pisləşməsi təsəvvürü yaratmaq cəhdi manipulyasiyadır.