Axtarış

Select theme:

Malidə silahlı böhran, tuareqlər nə istəyirlər, regional perspektiv nə vəd edir?

25 aprel 2026-cı il, səhər saatlarında Malinin Kati qəsəbəsindən güclü partlayış və atışma səsləri son illər ərzində ölkədə ən böyük koordinasiyalı hərbi əməliyyatının başlanğıcı oldu. aljazeera

BBC xəbər verib ki, "Azavad Azadlıq Cəbhəsi"nin (FLA) tuareq separatçıları "Əl-Qaidə" ilə əlaqəli olan "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" (JNIM) qruplaşmasının yaraqlıları ilə birlikdə Mali hakimiyyətinə qarşı hücum əməliyyatlarına başlayıblar. Döyüşlər paytaxt Bamako yaxınlığındakı Kati hərbi bazası rayonunda, Qao, Kidal və digər şəhərlərdə gedib.

Mali ordusu məlumat yayıb ki, Bamako və ölkənin daxili hissəsindəki bir sıra yaşayış məntəqələrində milli silahlı qüvvələrin hərbçiləri ilə Sahel bölgəsinin "Əl-Qaidə" ilə əlaqəli olan ən böyük təşkilatı JNIM ("Camaat Nüsrət əl-İslam vəl-Müslimin") yaraqlıları arasında döyüşlər baş verib. Nəşrin məlumatına görə "Cəmaat Nusrat əl-İslam vəl-Müslimin" (JNIM) Malidə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş hökumətə qarşı tuareq üsyançıları ilə əlaqələndirilmiş silsilə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

“Al Jazeera”-nin Sahel üzrə mütəxəssisi bu hücumu "son illərdə JNIM tərəfindən həyata keçirilən dramatik əməliyyatların ən böyük miqyaslıdır" sayaq xarakterizə edib.

FLA nümayəndəsi Mohamed Elmauled Ramadan bəyan edib ki, onun qüvvələri Qao və Kidaldakı bir neçə mövqeni nəzarətə götürüb: "Biz Kidaldayıq və o, hələ tam süqut etməyib. Orada hələ də Mali ordusunun hissələri və rus muzdluları var. Qaonun bütün girişləri keçilib, lakin ordu düşərgələri qalmaqdadır".

Bundan əvvəl Rusiya XİN məlumat vermişdi ki, aprelin 25-də 250 yaraqlı Bamako-Senu beynəlxalq hava limanına və yaxınlıqda yerləşən hərbi bazaya hücum edib. "Bandit qruplaşmalarının" hücumu Mali Silahlı Qüvvələri tərəfindən dəf edilib: "Rusiyanın Bamako administrasiyasındakı səfirliyinin məlumatına görə, hazırkı ana olan məlumata əsasən soydaşlarımızdan heç kim xəsarət almayıb. Diplomatik nümayəndəlik Malinin səlahiyyətli qurumları ilə daimi təmasdadır". 

Hakimiyyət boşluğu və "Hərbi Xunta"nın strategiyası

Mərkəzi hökumət (Sadio Kamara və rəhbərlik) uzun illərdir ki, ölkənin şimalına nəzarəti itirmişdi. 2020-ci ildə hakimiyyətə gələn hərbçilər xalqın narazılığından istifadə edərək Fransanı "effektivsizlikdə" ittiham edərək ölkədən qovdular.

Onlar dövlətin suverenliyini bərpa etmək üçün Qərbin "insan haqları" şərtləri olmayan bir müttəfiq — Rusiya ilə ittifaqı seçdilər. Hökumət ordusu (FAMa) təkbaşına həm cihadçılarla, həm də peşəkar tuareq döyüşçüləri ilə eyni vaxtda mübarizə aparmaq iqtidarında deyil.

Məlumatlara görə, hücumlar eyni zamanda ən azı altı böyük şəhər mərkəzinə yönəldilib:

Müdafiə nazirinin qətli

Malinin müdafiə naziri Sadio Kamara və ailəsinin bəzi üzvləri aprelin 25-də yaraqlıların ölkənin bir neçə şəhərinə, o cümlədən paytaxt Bamako şəhərinə hücumu zamanı öldürülüb. Bu barədə bazar günü "Le Figaro" qəzeti məlumatlı mənbəyə istinadən xəbər verib. npr

NPR-in məlumatına görə, bir kamikaze avtomobillə onun iqamətgahına çırpılıb və Kamara həyat yoldaşı və iki nəvəsi ilə birlikdə həlak olub. Hökumət sözçüsü İssa Usman Kulibali dövlət televiziyasında çıxış edərək nazirin ölümünü rəsmən təsdiqləyib.

Sadio Kamara kimdir?

Polkovnik Sadio Kamara Malidəki hərbi xuntanın ən nüfuzlu simalarından biri və ölkənin Müdafiə naziri idi.

O, 2020 və 2021-ci illərdə Malidə baş vermiş hərbi çevrilişlərin əsas memarlarından sayılır.

Rusiya ilə əlaqələr: Kamara Malinin xarici siyasətində kəskin dönüş yaradaraq, Fransanın hərbi qüvvələrinin ölkədən çıxarılmasının və Rusiyanın "Vaqner" (indiki "Afrika Korpusu") qüvvələrinin ölkəyə gətirilməsinin əsas təşəbbüskarı olub. O, Moskvada hərbi təhsil almış və Rusiya müdafiə rəhbərliyi ilə sıx şəxsi əlaqələri olan bir zabit kimi tanınırdı.

Sanksiyalar: ABŞ və digər Qərb ölkələri onu "Vaqner" qrupunun Malidə genişlənməsinə şərait yaratdığına və insan hüquqları pozuntularına görə sanksiya siyahısına daxil etmişdi.

Qiyamçılar: JNIM və FLA İttifaqı

JNIM ("Camaat Nüsrət əl-İslam vəl-Müslimin")

JNIM, Qərbi Afrika və Sahel bölgəsində fəaliyyət göstərən ən böyük və ən təhlükəli cihadçı çətir təşkilatıdır. Bu qruplaşmanın lideri İyad Aq Qali özü də İfoqas qəbiləsindən olan etnik tuareqdir və bölgədəki bir çox gənc tuareqi öz ətrafında birləşdirə bilib.

Yaranması: 2017-ci ildə bir neçə qruplaşmanın (o cümlədən "Ənsar əd-Din" və "Əl-Qaidə"nin Məğrib qolu) birləşməsi ilə yaranıb.

İdeologiyası: Təşkilat rəsmən "Əl-Qaidə"yə bağlıdır. Məqsədi Saheldə şəriət qanunlarına əsaslanan dövlət qurmaq və xarici (xüsusilə Qərb və Rusiya) hərbi mövcudluğunu bölgədən sıxışdırıb çıxarmaqdır.

Taktikası: Onlar həm mürəkkəb pusqu əməliyyatları, həm də mülki infrastruktura və hərbi bazalara koordinasiyalı hücumlar təşkil edirlər. JNIM-in digər qruplardan fərqi, yerli tayfalarla (məsələn, fulanilər) sıx inteqrasiya edərək sosial bazasını genişləndirməsidir.

JNIM-in bəyanatında xüsusilə Mali prezidentinin iqamətgahına, Müdafiə Nazirliyinin qərargahına və Bamako beynəlxalq hava limanına hücum edildiyi bildirilib.

"Le Figaro"nun qiymətləndirməsinə görə, bu hücumlar son illərdə JNIM və tuareq separatçı qruplaşması olan "Azavad Azadlıq Cəbhəsi" (FLA) tərəfindən Malinin hərbi hakimiyyətinə qarşı həyata keçirilən ən ciddi hücumlar olub. Sahel mütəxəssisi Wassim Nasr bu ittifaqı qeyri-adi hadisə kimi qeyd edbi: "Eyni anda bütün ölkədə koordinasiya — bu, həm hərbi, həm siyasi səviyyədə reallaşdı. Hər iki qrup açıq şəkildə birgə işlədiklərini etiraf etdi. Bu, ilk dəfədir."

Azavad Azadlıq Cəbhəsi (FLA)

FLA (və ya daha geniş yayılmış adı ilə CSP-DPA (Sülh, Ləyaqət və İnkişaf naminə Strateji Çərçivə) koalisiyası), Malinin şimalında (Azavad adlandırdıqları bölgədə) müstəqillik və ya geniş muxtariyyət uğrunda döyüşən tuareq separatçılarının hərbi qanadıdır.

  • Hədəfləri: Onlar dini radikalizmdən daha çox, etnik tuareq millətçiliyinə əsaslanırlar. Əsas məqsədləri mərkəzi Bamako hökumətinin şimaldakı nəzarətinə son qoymaqdır.
  • Cihadçılarla əlaqə: Maraqlıdır ki, FLA və JNIM ideoloji olaraq fərqli olsalar da (biri millətçi, digəri dini radikal), Malinin mərkəzi hökumətinə və Rusiya qüvvələrinə qarşı mübarizədə tez-tez taktiki ittifaqa qoşulublar.
  • Döyüş qabiliyyəti: Tuareqlər səhra şəraitində yüksək manevr qabiliyyəti olan mobil birləşmələrə malikdirlər və 2023-cü ilin sonundan bəri hökumət qüvvələrinə ağır zərbələr endirirlər.

FLA sözçüsü Mohamed Elmaouloud Ramadane bu əməliyyatı "JNIM ilə tərəfdaşlıqda, Bamakodakı hərbi rejimə qarşı xalqı müdafiə etmək üçün" həyata keçirildiyini açıqlayıb.

FLA komandiri BBC-yə verdiyi müsahibədə qrupun bu hücuma "aylarca hazırlaşdığını" bildirdi: "Əsas məqsədimiz Qaonu nəzarətə almaq, sonra Timbuktunun düşməsi asanlaşacaq." gbcghanaonline

KİV-in iddiasına görə, Rusiya tərəfindən dəstəklənən "Afrika Korpusu" (keçmiş "Vaqner" ÖHŞ) üsyançılarla qoşunların təhlükəsiz şəkildə çıxarılması barədə razılığa gəlib və şəhəri tərk edir, taleyin ümidinə buraxılmış Mali qoşunları isə kütləvi şəkildə təslim olur.

Beləliklə, etnik dini qarşıdurmada olan iki böyük güc nəticədə müttəfiq oldular: FLA və JNIM

Bu iki qrup arasındakı münasibət Malidəki müharibənin ən mürəkkəb hissəsidir.

  • Tuareqlər (FLA): Onlar üçün bu, "Azavad" adlı müstəqil dövlət qurmaq və ya geniş muxtariyyət almaq uğrunda milli azadlıq hərəkatıdır. Onlar mütləq mənada şəriət dövləti tərəfdarı deyillər.
  • Cihadçılar (JNIM): Onlar üçün sərhədlərin əhəmiyyəti yoxdur; məqsəd bütün Saheli əhatə edən bir xilafət qurmaqdır.
  • Təhlükəli İttifaq: Normalda bir-birinə rəqib olmalı olan bu iki qüvvə, ortaq düşmən (Mali ordusu və rus muzdluları) qarşısında birləşirlər. FLA yerli coğrafiyanı mükəmməl bilir, JNIM isə mürəkkəb terror taktikalarına və maliyyə resurslarına malikdir.

Tuareqlər

Malidə, xüsusilə ölkənin şimalında (Azavad bölgəsi) hərbi əməliyyatlarda və siyasi proseslərdə iştirak edən bir neçə əsas tuareq qruplaşması və qəbilə ittifaqı mövcuddur. Bu qruplar həm etnik, həm də ideoloji baxımdan fərqlənirlər.

Hazırda ən aktiv olan əsas qüvvələr aşağıdakılardır:

  • CSP-DPA (Sülh, Ləyaqət və İnkişaf naminə Strateji Çərçivə)

Bu, bir neçə silahlı qrupun birləşdiyi əsas koalisiyadır. Onlar mərkəzi hökumətə və "Vaqner" kimi xarici hərbi qruplara qarşı döyüşürlər. Bu koalisiyanın tərkibindəki əsas qruplar:

  • MNLA (Azavadın Azadlığı naminə Milli Hərəkat): Əsasən dünyəvi və millətçi tuareqlərdən ibarətdir. Məqsədləri şimali Malinin (Azavad) müstəqilliyi və ya geniş muxtariyyətidir.
  • HCUA (Azavad Birliyi naminə Ali Şura): Bu qrup daha çox İfoqas qəbiləsinə (tuareqlərin aristokrat təbəqəsi sayılır) arxalanır. Onlar həm hərbi, həm də dini nüfuzlarını qorumağa çalışırlar.
  • GATIA (İmghad Tuareqləri və Müttəfiqlərinin Özünümüdafiə Qrupu)

Bu qrup adətən mərkəzi Mali hökumətinə sadiq qalır. Onlar əsasən İmghad qəbiləsinə mənsubdurlar. Tarixən bu qəbilə İfoqas qəbiləsi ilə rəqabətdə olub və mərkəzi hökumətlə əməkdaşlıq edərək separatçı tuareqlərə qarşı döyüşüblər.

Əsas fərqləndirici məqamlar:

  • Etnik iyerarxiya: Tuareq cəmiyyətində qəbilə iyerarxiyası mühümdür. İfoqaslar (zadəganlar) daha çox müstəqillik və dini liderlik iddiasındadırlar, İmghadlar isə (daha çox döyüşçü təbəqə) çox vaxt dövlət tərəfdarı kimi çıxış edirlər.
  • Tinzaouaten döyüşü (iyul 2024): Son dövrlərin ən səs-küylü toqquşması olan bu döyüşdə əsasən CSP-DPA tərkibindəki tuareq qüvvələri iştirak etmiş və rəsmi ordu ilə bərabər "Vaqner" qüvvələrinə ciddi itkilər vermişdilər.

Bu qruplar arasındakı ittifaqlar çox vaxt dəyişkəndir; bəzən ümumi düşmənə (mərkəzi hökumət və ya xarici muzdlular) qarşı birləşir, bəzən isə daxili nüfuz uğrunda bir-birləri ilə rəqabət aparırlar. 

Rusiya faktoru: "Afrika Korpusu"nun rolu

Rusiyanın Malidəki mövcudluğu klassik hərbi yardımdan fərqlidir.

  • Maddi Maraqlar: Rusiya tərəfi bu hərbi dəstəyin əvəzində Malinin zəngin qızıl və mineral yataqlarına çıxış əldə edir.
  • Geosiyasi gərginlik: Malidəki rus varlığı Fransanın Afrikadakı "Fransafrika" (Françafrique) nüfuzunu darmadağın etmək üçün bir rıçaqdır.
  • Çətinliklər: Keçmiş "Vaqner" döyüşçüləri partizan müharibəsi aparan tuareqlərə qarşı açıq ərazidə çətinlik çəkirlər. Son aylarda rus hərbçilərinin silsilə pusqulara düşməsi onların "məğlubedilməzlik" imicini zədələyib.

FLA sözçüsü Ramadane Kidal üzərində tam nəzarəti elan etdi: "Azavad qüvvələri ilə “Afrika Korpusu”nun rus elementləri arasında onların döyüş zonasından təhlükəsiz çıxışını təmin edən saziş əldə olunub." france24

Hücumlar zamanı şimalda bir Rusiyaya məxsus helikopter vurulub. Rus hərbi blogçu “Fighterbomber” məlumat yayıb ki, heyət və bortdakı döyüş qrupu həlak oldu, ehtimal ki, zenit-raket kompleksindən (YRSİ - Yaylım Atəşli Raket Sistemi) atəş açılıb. 

"Afrika Korpusu" nədir?

"Afrika Korpusu", Yevgeni Priqojinin ölümündən sonra "Vaqner" ÖHŞ-nin qalıqları əsasında yaradılmış və birbaşa Rusiya Müdafiə Nazirliyinin (xüsusilə GRU-nun) nəzarətinə keçmiş yeni hərbi strukturdur.

     

  • Statusu: "Vaqner"dən fərqli olaraq, bu struktur artıq yarı-rəsmi deyil, birbaşa Rusiyanın Afrikadakı hərbi alətidir.
  • Missiyası:
  • Yerli hərbi xuntaları (Mali, Burkina-Faso, Niger) qorumaq və onlara hərbi təlim keçmək.
  • Təbii resursların (qızıl, uran, litium yataqlarının) mühafizəsini təmin etmək.
  • Bölgədəki Fransa və ABŞ təsirini minimuma endirmək.

     

  • Malidə fəaliyyəti: Malidə onlar ordunun əsas zərbə qüvvəsi kimi çıxış edirlər, lakin son aylarda həm tuareqlər, həm də cihadçılar tərəfindən ciddi itkilərə məruz qalıblar (məsələn, 2024-cü ilin iyulunda Tinzaouaten döyüşündə onlarla rus hərbçisinin öldürülməsi).

Konrad Adenauer Fondunun Sahel proqramının rəhbəri Ulf Laessing bu hadisəni Rusiya üçün ciddi reputasiya zərbəsi kimi qiymətləndirib: "Kəşfiyyat uğursuzluğu açıq idi — muzdlular böyük şəhərləri qorumaq iqtidarında olmadıqlarını sübut etdilər." washingtontimes 

Müharibənin coğrafiyası: Niyə indi alovlandı?

2026-cı ilin aprel hücumları təsadüfən baş verməyib. Ölkə 2012-ci ildən bəri davam edən silahlı münaqişənin içindədir. 2020 və 2021-ci illərdə hərbi çevrilişlər siyasi böhranı daha da dərinləşdirdi.

Hücumlardan əvvəl JNIM, Bamako üzərindəki neft idxalını blokada altına almışdı — bu təzyiq 2025-ci ilin sentyabrından indiyə qədər davam edirdi. aljazeera

“SOF News”-un təhlilinə görə, Mali 2026-cı ilin Qlobal Terrorçuluq İndeksində 5-ci yerə düşüb.

Göründüyü kimi, hazırda Malidə baş verənlər qeyd edilən dörd gücün — mərkəzi hökumət (Kamara), separatçı tuareqlər (FLA), dini radikallar (JNIM) və Rusiya dəstəyinin — toqquşduğu çoxtərəfli vətəndaş müharibəsidir. Həm də hazırkı vəziyyət sadə bir daxili münaqişə deyil, tam olaraq etnik, dini, qlobal geosiyasi maraqların kəsişdiyi mürəkkəb bir "xaos xəritəsi"dir.

Münaqişənin son həftələrdə kəskinləşməsinin bir neçə səbəbi var:

  1. BMT Missiyasının ölkədən çıxışı: BMT-nin sülhməramlı missiyası (MINUSMA) ölkəni tərk etdikdən sonra onların boşaltdığı bazaları tutmaq üçün tərəflər arasında "yarış" başladı.
  2. Kidalın süqutu: Hökumət ordusunun keçən il tuareqlərin simvolik qalası olan Kidal şəhərini (rusların köməyi ilə) geri alması müharibəni yeni və daha amansız mərhələyə keçirdi.
  3. Regional təsir: Burkina-Faso və Nigerdəki hərbi çevrilişlər bu üç ölkəni birləşdirən "Sahel Dövlətləri Alyansı"nı yaradıb ki, bu da bütün bölgəni eyni anda alovlandırır.

Malidəki Aprel hadisələri üç əsas nəticəni ortaya çıxardı:

  • Xuntanın zəifliyi: Prezident Goita gizlənməyə məcbur oldu; paytaxt sakinləri kütləvi şəkildə sosial mediada döyüş görüntüləri paylaşdı NPR
  • Rusiya modelinin sınağı: "Afrika Korpusu" hücum barədə məlumatsız olub, nəticədə üsyançılarla saziş bağlayaraq yerləşdikləri Kidalını tərk etməli oldular GBC Ghana
  • Yeni ittifaqın təhlükəsi: JNIM ilə FLA-nın ilk dəfə rəsmi koordinasiyası, Saheldə qüvvə balansını kökündən dəyişə bilər PBS NewsHour / AP

Nəticə etibarilə: Malidə baş verənlər sadəcə hökumətin üsyançılarla savaşı deyil, bu, regional güc balansının yenidən qurulması cəhdidir. Müdafiə nazirinin öldürülməsi və rus helikopterinin vurulması göstərir ki, xunta və onun müttəfiqləri üçün vəziyyət "nəzarətdən çıxma" həddinə çatıb.

 Bu təhlil Al Jazeera, PBS NewsHour/AP, NPR, France 24, CGTN/Xinhua, Washington Times, GBC Ghana, SOF News materialları əsasında hazırlanmışdır.

Oxşar məqalələr: