Axtarış

Select theme:

Aleksey Çadayev – Siyasi buqələmundan müharibə cinayətkarına

Müasir Rusiya siyasi səhnəsində ziddiyyətli, hiyləgər və hər kəsə uyğunlaşmağı bacaran (buqələmun) simalarından biri – Aleksey Çadayev illər boyu özünə “siyasi strateq” və “ideoloq” libası geyindirməklə məşhurlaşıb. Rusiya Federasiyası nəqliyyat nazirinin “artıq sabiq” müşaviri, pilotsuz uçan hücum aparatları istehsal edən Elmi Tədqiqat Mərkəzinin rəhbəri kimi tanınan bu şəxsin keçmişinə nəzər saldıqda, onun karyerasının əslində siyasi dələduzluqlar, ideoloji manevrlər və şəxsi mənfəət üzərində qurulduğunu görmək mümkündür.

Karyerasının əvvəlində müxalifət və liberal qüvvələrin düşərgəsində fırlanan, qrantlar hesabına internet layihələri hazırlayan və hətta Rusiya hakimiyyətə qarşı müxtəlif saytlar yaradan Çadayev, qısa müddət ərzində küləyin əsdiyi istiqamətə dönməyi bacarıb.

Kreml dəhlizlərinə yol tapmaq üçün əvvəlcə sağçı qüvvələrin, daha sonra isə Rusiya Liberal Demokrat Partiyasının və “Vahid Rusiya”nın imkanlarından məharətlə istifadə edən Çadayev, hakimiyyətin yüksək eşalonuna sızmağa müvəffəq olub. Lakin onun tamahı və səhvləri ucbatından qurduğu saray oyunları asanlıqla ifşa olunub, sürətlə rüsvayçılıqla yekunlaşıb – müxtəlif vəzifələrdən və partiya sıralarından dəfələrlə uzaqlaşdırılıb.

Ukraynanın suverenliyini açıq şəkildə inkar edən, keçmiş SSRİ məkanını rus “matryoşka” prinsipi ilə yenidən bölüşdürmək xülyaları quran Çadayev bu gün artıq hərbi-sənaye sektorunda – FPV (Birinci Şəxs Baxışı) dronlarının və “Knyaz Vandal Novqorodskiy” kimi texnologiyaların istehsalında fəal rol oynayır.

Qərbin sanksiyalar siyahısına düşən bu şəxs təkcə Ukraynaya deyil, həm də Azərbaycan kimi müstəqil dövlətlərə qarşı səsləndirdiyi təxribatçı və terror xarakterli çağırışları ilə tanınır. Arada teleaparıcı və siyasi şərhçi kimi fəaliyyət göstərsə də, o, həm də Kremlin Ukrayna cəbhəsindəki hərbi-texnoloji layihələrini idarə edən şəxslərdən biridir. Aleksey Çadayev Ukrayna mediasında və Qərb hesabatlarında jurnalist kimi deyil, birbaşa hərbi cinayətlərin iştirakçısı və təşkilatçısı kimi təqdim olunur.

Bir sözlə, Çadayevin həyat yolu – siyasi konyuktura və hərbi aqressiyanın birləşdiyi tipik bir rus şovinistinin portretidir.

Faktyoxla Azərbaycana, onun xalqına və Liderinə qarşı ləyaqətsiz formada şər-böhtan atan, ölkəmizin suverenliyini və müstəqilliyini şübhə altına alan bu siyasi buqələmunun kimliyini araşdırıb.

Siyasi konyunkturadan ailə ziddiyyətlərinə: Aleksey Çadayevin portreti və ikiüzlüyünün əsli

Aleksey Çadayev 30 sentyabrın 1978-ci ildə Moskvada anadan olub.

1988–1992-ci illərdə Nikitski qapılarındakı Böyük Zatisgə (Bolşoye Voznesenie) kilsəsinin bazar məktəbində oxuyub, daha sonra bibliyaşünaslıq, liturgiya, kilsə tarixi, latın, qədim yunan dilləri və digər fənlər üzrə fakültativlərə qatılıb. Eyni zamanda, "Kiparis qutusu" ədəbiyyat studiyasında və kompüter dərnəyində məşğul olub.

Sosial mediada özünün paylaşdığı fotolara əsasən demək olar ki, uşaqlığı, gənclik illəri Rusiyada yaşanan ağır sosial problemlərin tüğyan etdiyi illərə düşüb. Misal üçün, bu fotonu paylaşan A.Çadayev 16 yaşının olduğunu bildirir və Moskvanın dəmiryol vağzallarından birinin qarşısında o vaxt yeni dəbə minən “kompakt disk” satışı ilə gününü keçirdiyini qeyd edir. Fotoda ilk baxışda spirtli içki butulkası kimi görünən yaşıl əşyanın fənər olduğunu deyən Çadayev əynindəki geyimlərin heç birinin pulla alınmadığını – “telnyaşka” (zolaqlı köynək) Sevasdakı tanışlarından, dəri gödəkcə humanitar yardımdan, bel kəmərindəki fənər radio bazardakı həmkarından, şalvar “ikinci əl”-dən, ayaqlarda isə (görünmürlər) əminin(dayının) anbardan oğurladığı kirzə çəkmələri. Bax belə bir qlamur  – deyə xüsusi vurğulayıb.

O, 1997-ci ildə Moskvada telefon rabitəsi üçün vaxtaşırı ödənişin tətbiq edilməsinə qarşı mitinq keçirən “20 dekabr Komitəsi”nin həmsədrlərindən biri olub (Rusiya tarixində elektron şəbəkələr – FIDO və s. vasitəsilə təşkil edilən ilk siyasi mitinq). Çadayev 1997–1998-ci illərdə Rusiya Federasiyası Hökumətinin sədrinin birinci müavini Boris Nemtsovun müşavirlər qrupunun əməkdaşı, Nemtsovun saytının ideya müəllifi, 1998–2000-ci illərdə Nemtsovun internet qrupunun rəhbəri olub. İnternet forum iştirakçılarının icması bazasında ümumrusiya siyasi hərəkatının ("Rossiya Molodaya") qeydiyyatını həyata keçirib. 1999-cu ildə “Rossiya molodaya” hərəkatının təşkilat şöbəsinin müdiri (hərəkat 1999-cu ildə “Sağ Qüvvələr İttifaqı” (SQİ) blokuna daxil olub). Daha sonra SQİ-nin Moskva seçki qərargahı mətbuat xidmətinin rəhbər müavini, SQİ tərəfindən keçirilən “Lujkovsuz Moskva” kampaniyasının ideoloqlarından və təşkilatçılarından biri olub.

2000-ci illərin əvvəllərində Vladimir Putinin əleyhinə sərt tənqidi mövqedə dayanıb, 2000–2001-ci illərdə “Şişirdilmiş Putin” ("Дутый Пу") adlı anti-Putin saytını yaradıb və redaktorluğunu edib (sayt 2002-ci ildə yenilənməni dayandırıb, 2006-cı ildə silinib).

B.Nemtsov Kremlin hədəfinə gələndən sonra Çadayev dərhal mövqeyini dəyişərək Putinin "Vahid Rusiya" partiyasının əsas ideoloqlarından birinə çevrilib və "Putinin mənəviyyatı" adlı kitab yazaraq hakimiyyətə yaltaqlıqda ittiham olunub. Rus mətbuatı onu prinsipsiz, sırf konyunkturaya işləyən fiqur kimi təqdim edir.

Dövlət Dumasına seçkilərdən sonra “Yeni sağlar” Ümumrusiya partiyasını yaratmağa cəhd edib. Daha sonra rəhbərlik Vladimir Şmelyova keçib, təşkilat isə sonradan “Mülki güc” partiyasına qoşulub.

2004–2008-ci illərdə məşhur siyasi texnoloq Qleb Pavlovskinin rəhbərlik etdiyi Effektiv Siyasət Fondunun (ESF) əməkdaşı olub.

"Putin. Onun ideologiyası" kitabının müəllifidir. 2006-cı ildə nəşr olunan kitabda Vladimir Putinin Federal Məclisə müraciətlərinin mətnlərinə əsaslanaraq onun ideologiyasını təhlil etməyə cəhd göstərilib.

Erkən dövrdə liberal/müxalif yönümlü (Nemtsov, SPS, anti-Putin sayt) fəaliyyətdən sonra Qleb Pavlovskinin “Effektiv Siyasət Fondu”nda, “Yedinaya Rossiya”da, Dövlət Duması sədrinin müşaviri kimi və digər hökumət yönümlü rollarında çalışan, Putinə kitab ithaf edən Çadayevin ziqzaqvari həyat təcrübəsi mətbuatda “siyasi libasdəyişmə” kimi təsvir olunur.

2009-cu ildə “Liberty.ru” portalının baş redaktoru, “Vahid Rusiya” partiyası yanında ekspert qrupu olan Modernləşdirmə Qərarları Mərkəzinin (MQM) həmtəsisçilərindən biri, 2009-cu ilin sentyabrından 2010-cu ilin mayınadək Prezident Administrasiyasının Daxili Siyasət İdarəsinin referenti olub. Prezidentin kadr ehtiyatına daxil edilib. Vladislav Surkovun (o dövrdə ölkədaxili siyasətin kuratoru, Kremlin baş ideoloqu) diqqətini çəkdiyi və bu yolla irəlilədiyi haqqında məlumatlar var.

2010-cu ilin iyunundan 2011-ci il aprelin 7-dək “Vahid Rusiya” partiyasının Mərkəzi İcraiyyə Komitəsinin siyasi şöbəsinin rəhbəri (MİK rəhbərinin müavini statusu ilə) vəzifəsinə qədər qalxa bilib.

2011-ci ildə apardığı bloqunda Medvedevin Liviya mövqeyini (Qəddafiyə qarşı) sərt tənqid edib ("Hesab edirəm ki, Kreml sakinlərinin Qəddafini pisləyənlər xoruna qoşulmaq cəhdi Medvedevə siyasi gələcəyinə baha başa gələ biləcək səhvdir", –  deyə o zaman politoloq yazmışdı). Bu, “Vahid Rusiya”dan səssizcə uzaqlaşdırılmasına səbəb olub.

Bəzi mənbələr isə “medal/orden paylanması” mövzusunu (guya Medvedev ordenləri layiq olmayanlara paylayır) da qeyd edir, amma əsas səbəb Liviya mövqeyi kimi göstərilir. “RBK”-nın məlumatına görə, işdənçıxarma Prezident Administrasiyası rəhbərinin birinci müavini Vladislav Surkovun yanında keçirilən müşavirənin nəticələri əsasında baş tutub. Bir il sonra, 2012-ci ilin aprelində Çadayev “Vahid Rusiya” partiyasından çıxdığını bəyan edib.

2011-ci ildə Kalininqrad vilayət hökumətində “İnvestisiyaların cəlb edilməsi üzrə Agentlik”-in (OAO) baş direktoru təyin edilib. Təxminən 2 ay sonra vəzifədən azad edilib.

Daha sonra “Parlamentarizmin İnkişafı İnstitutu” Avtonom Qeyri-Kommersiya Təşkilatına rəhbərlik edib.

2013-cü ilin mayından “Moskva Regionu” analitik mərkəzinin təsisçisi və baş direktoru. 18 sentyabr 2016-cı il tarixində Dövlət Dumasına seçkilərdən sonra parlamentin yeni spikeri Vyaçeslav Volodinin ictimai əsaslarla müşaviri olub. 20.01.2026–18.08.2026 Rusiya Federasiyası Nəqliyyat nazirinin müşaviri işləyib.

2008-ci ildən Rusiya Dövlət Humanitar Universitetinin (RGGU) Rusiya tarixi institutunun dosenti olub və RANEPA-da (dövlət idarəçiliyi fakültəsinin ərazi inkişafı kafedrasının baş müəllimi) dərs deyib.

Rusiya KİV-lərində (“İzvestiya”, “Argumentı i faktı”, “Nezavisimaya qazeta”, “Moskovskiy komsomolets”, “Komsomolskaya pravda”) və şəbəkə nəşrlərində müntəzəm olaraq məqalələr dərc edir.

Həyat yoldaşı: Anastasiya Çadayeva Slavyan Mədəniyyəti Dövlət Akademiyasının "Akademik vokal" sinfini bitirib. (Aleksey Çadayevlə də məhz orada tanış olub). Biznes-trenerlər və Bədənyönümlü Terapevtlər Assosiasiyalarının üzvüdür. "Planeta golos" səs və natiqlik sənəti məktəbinin həmtəsisçisi, həmçinin "Ritorika və neoritorika" məktəbinin müəllimidir.

Böyük bacı Olga Çadayeva qardaşının qurduğu xəyali “rus dünyası”nın təkcə sağlam düşüncə üçün deyil, həm də həyat üçün məhvedici olduğunu vaxtında dərk edənlərdəndir.

Buna görə də o, Çexiyaya mühacirət edib və orada Olomouts şəhərindəki Palatski Universitetinin Fəlsəfə fakültəsinin Slavistika kafedrasında dərs deyir. O, çexlərə XVII əsr rus ədəbiyyatı və mədəniyyətini öyrədir və tədris edir, həmçinin rus dilinə və rus dilindən kommersiya tərcümə xidmətləri göstərir.

2025-ci ildə o, Rusiyanın Ukraynaya müdaxiləsini kəskin şəkildə pisləyən və evlərini tərk edərək Aİ ölkələrinə köçməyə məcbur qalan ukraynalıları dəstəkləyən məqalənin həmmüəllifi olub.

Qatı feminist və hüquq müdafiəçisi olan kiçik bacısı Elena Çadayeva, Rotterdam Tətbiqi Elmlər Universitetində oxuyub. Hazırda dizaynla məşğul olur, Gürcüstanın Tbilisi şəhərində musiqinin metafiziki təbiəti barədə fəlsəfi mühazirələr oxuyur.

“Matryoşka” suverenliyi və işğal çağırışları: Aleksey Çadayevın şovinist mahiyyəti

Aleksey Çadayev də qeyri-rus xalqlara qarşı kin və nifrət təbliğ edən, SSRİ-nin siyasi idarəçiliyinin keçmiş ittifaq ölkələri üçün qanunu olduğunu düşünən xəstə təxəyyüllü şəxs kimi tanınır.

O, artıq şovinist damarı ilə başqa ölkələri təhdid edir, açıq işğal ssenarilərinin planlarını mediada yayırdı. Bir neçə il əvvəl postsovet məkanındakı münaqişə bölgələrini rus “matryoşka” kuklası kimi təsnifatlandıran Çadayev qeyd edirdi: “Birinci səviyyəli suverenlik SSRİ-nin özüdür, yəni Moskva. İkinci səviyyəli suverenlik ittifaq respublikalarıdır. Üçüncü səviyyəli suverenlik isə ittifaq respublikası daxilindəki muxtariyyətdir”.

Bu şovinist və işğalçı düşüncə ilə o, müstəqil dövlətləri və ərazilərindəki muxtar vilayətləri birinci dərəcəli suverenliyin sahibi – Moskvanın tabeliyində olduğunu demək istəyirdi. Ritorika ilə xüsusi işarələdiyi simvollarla başqa ölkələrin ərazilərini tarixən rus ərazisi kimi təqdim edir, Qarabağ, Abxaziya, Cənubi Osetiya, Krım və Sevastopol, Dnestryanı və Donbası qeyd-şərtsiz SSRİ (Moskva) tabeliyində olan ərazilər kimi sayır.

Burada bir məqama diqqət çəkərkən, həmin dövrdə (2019) Qarabağın Rusiya tərəfindən işğal edilib Ermənistana verilməsini etiraf edirdi. Hələ Ukrayna müharibəsi başlamazdan üç il əvvəl bu ölkənin əksər regionlarını Rusiyanın ərazisi kimi göstərirdi. chadayev/matreshka-suverenitetov/



Bu cür düşüncə sahibinin sözsüz ki, hər zaman mövqeyi başqa ölkələrə qarşı şovinizmə əsaslanıb və onun Cənubi Osetiyada olması və separatçılara dəstək verməsi də təəccüblü deyil.

Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanımayan şəxs kimi bu ölkənin suverenliyini sarsıdan çağırışları isə daha çox diqqəti cəlb edir. Krımın ilhaqını dəstəkləyən Çadayev Ukraynada sabitliyin daim pozulmasına yönəlik çağırışları ilə də məşhurlaşır. O, faktiki olaraq Kremlin hərbi strukturları və qərargahı ilə əlaqəli şəxs kimi Ukrayna ilə müharibədə öz təkliflərini irəli sürüb. Onun “ya vuruşuruq, ya da təslim oluruq, üçüncü seçim yoxdur. Ona görə də qərar verək. Amma məndən soruşsanız, mən vuruşmağın tərəfdarıyam” fikri Ukraynanın işğalında qəti tərəfdarlardan biri olduğunu göstərir. politico.eu

O, Rusiyanın Hərbi Təhlükəsizlik və Silahlara Nəzarət üzrə Danışıqlar komitəsində yer alıb.
Ötən ilin uyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “Kalaşnikov” Konserni və “Uşkuynik” arasında strateji tərəfdaşlıq sənədi imzalanıb və Çadayevin başqa ölkələrə olan hərbi təcavüz xülyaları daha da artıb.

Aleksey Çadayev separatizm və vətəndaş münaqişəsini qızışdırmaq üçün etnik amillərdən istifadə edən şəxs kimi də tanınır. O, “Xəzər Donanmasını gücləndirmək və sonra Cənubi Dağıstan sərhədlərində hərbi komponenti hərəkətə gətirmək, Bakıda desant əməliyyatı planlaşdırmaq barədə düşünməliyik” fikri ilə Azərbaycana qarşı açıq terror çağırışları edib.

Maraqlıdır ki, Kremlin dəhlizlərindən əskik olmayan, “saray politoloqu” Aleksey Çadayev bəzən rusiyalı “Z-blogerlər” qrupuna qoşularaq hakimiyyətə qarşı narazı fikirləri ilə diqqəti cəlb edir. Rusiya PUA-larının ön cəbhədə hərəkəti üçün əlindən gələni əsirgəməyən Çadayev 2026-cı ilin martında “Telegram” kanalında yazırdı: “Dürüst olaraq etiraf etməliyik: biz həqiqətən feodalizm qurmuşuq. Feodal cəmiyyətində hüquqlar yoxdur, yalnız imtiyazlar var”.

Çadayevin Kremlə qarşı bu qıcığının arxasında ona olan diqqətin azalması dayanır. “Məmurlar oğurluq edir və kurortlarda istirahət edir, döyüşçülər isə cəbhəyə gedərkən həlak olurlar. Mükafatlar döyüşənlərə deyil, “düzgün oturanlara” verilir” - deməklə müharibədəki uğursuzluğa işarə edir.

Çadayevin ikiüzlülüyünü əks etdirən foto: özü Rusiyanın bahalı turizm mərkəzlərində istirahət edir

A.Çadayev başqa bir paylaşımında məyus durumda qeyd edir ki, sistemimizdən məyus olduğum üçün acizəm. “Rusiyadakı güclü maraqlar Ukraynadakı müharibəni mənfəət və güc üçün lazım olan qədər təmin edir. Bu maraqlar rusların həyatını itirməsinə səbəb olur”.

19 avqust 2026-cı ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Dezinformasiya ilə Mübarizə Mərkəzi ilə birlikdə Rusiyanın Ukraynaya qarşı təbliğat kampaniyasının iştirakçıları hesab edilən altı rusiyalı ictimai xadimin məlumatlarını ictimaiyyətə açıqlayıb

Onlar haqqındakı məlumatlar War&Sanctions portalının “Kremlin ruporları” bölməsində yerləşdirilib. 

Siyahıya həmçinin Aleksey Çadayev də düşüb. Baş Kəşfiyyat İdarəsi onu pilotsuz aviasiya sistemləri sahəsində Rusiya təcavüzünün texnoloji təminatının təşkilatçılarından biri adlandırır.

Baş Kəşfiyyat İdarəsindən bildirilir ki, ümumilikdə “Kremlin ruporları” bölməsində Rusiya təbliğat maşınının təxminən 200 nümayəndəsi haqqında məlumat toplanıb. Onlar Rusiya təcavüzünü və hərbi cinayətləri tərənnüm etməkdə, cəbhədəki hadisələr ətrafında dezinformasiya və manipulyasiyalar yaymaqda ittiham olunurlar.

Ukrayna kəşfiyyatçıları və Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfdaş dövlətləri Rusiya təbliğatının nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq etməyə, onlara giriş məhdudiyyətləri qoymağa, maliyyə aktivlərini bloklamağa, habelə media və kommersiya əməkdaşlığına son qoymağa çağırıblar.

Ukrayna mediasının (məsələn, NV.ua) Rusiya xüsusi xidmət orqanlarının və Administrasiyasının interneti nəzarətə götürməsi ilə bağlı tarixi araşdırmalarında Çadayevin adı xüsusi qeyd olunur.

2009-cu ilin may ayında Rusiyada internetdə propaqanda aparmaq məqsədilə yaradılmış "Кремлевская школа блогеров" (Kremlin blogerlər məktəbi) layihəsində əsas və aparıcı rol məhz siyasi texnoloq Aleksey Çadayevə məxsus olub. Ukrayna mətbuatı qeyd edir ki, hələ o dövrdən internet məkanında Ukrayna əleyhinə kiberhücumların, bot şəbəkələrinin və "vətənpərvər” xakerlər qruplarının formalaşdırılmasının ideoloji əsasını Çadayev qoyub.

Partiyadan-partiyaya, vəzifədən istefaya: Çadayevin siyasi ziqzaqları və karyera uğursuzluqları 

28 fevral 2023-cü il tarixində Rusiya mətbuatında “Qarşılıqlı siyasi qısnama, və ya Çadayev "hər kəsin payını verir" adlı məqalə Çadayev haqda ən sərt, ən ironik və ən əsası, həqiqətləri əks etdirən məqalə dərc olunub.

Məqalə “Polittexnoloq Aleksey Çadayevin RLDP-nin prezident kampaniyasında iştirakı, əslində, hər şeyi bərbad qoyan Surkovla birlikdə kənarlaşdırıldığı Prezident Administrasiyasının "yem qazanına” yenidən yol tapmaq cəhdi hesab edilirdi. Büdcədən pul götürməkdən çəkinməyən liberal politexnoloqların ölkədən qaçması bu mühitdə kadr aclığına səbəb oldu. Ancaq elələri də var ki, siyasi küləklərin haradan əsməsindən asılı olmayaraq özlərini çox yaxşı hiss edirlər, çünki heç bir şəxsi rəyləri yoxdur. Belələri həmişə daha çox pul verənlərlə olurlar. Politexnoloq Aleksey Çadayev də məhz belələrindən idi”- cümlələri ilə başlayır. İlk cümlədən mövzunun hansı istiqamətdə getdiyini anlamaq mümkündür. Biz bəzi məqamlara, daha doğrusu məqalədə qeyd olunan detallara əsasən bu şəxsin uğursuzluq etolonu olmasını göstərməyə çalışacağıq.

Məqalədə qeyd olunur ki, ona əslində barrikadanın hansı tərəfində durmağın heç bir fərqi yoxdur – o, həm "imperiyapərəst", həm "sistem liberali" (sislib), həm məmur, həm də müxalifətçi – bir sözlə kim desən olub, təki "pul damsın".

Çadayev uğursuz biznesmen cildində

Çadayev siyasi ehtirasların və rəhbərliyin etibarının ötəri olduğunu artıq yaxşı anlayır və bu səbəbdən paralel olaraq fəal şəkildə biznesə girişir. Məsələn, 2014-cü ildən 2017-ci ilə qədər o, həmin dövrdə Vladimir vilayətində qalmaqallı qubernator, sonradan isə senator olmuş Svetlana Orlovanın rəhbərliyi dövründə dövlət sifarişi əldə etmiş "Mosregiontsentr" MMC-nin baş direktoru olub.

Politoloq, ideoloq, texnoloq və s. Çadayevin özünə hələ hansı adları qoymayacağı bəlli olmayan bu şəxsin səylərini tətbiq etdiyi digər bir diqqətəlayiq yer isə bir müddət baş direktoru olduğu "Çaynaya Şirota. Dom Çaya i Morojenovo" (Çay enliyi. Çay və Dondurma Evi) MMC olub. Şirkət sıfır maliyyə hesabatı ilə, o cümlədən YELRUL-a (Hüquqi Şəxslərin Vahid Dövlət Reyestri) daxil edilmiş yalan məlumatlar əsasında ləğv olunub.

Sonradan çay şəbəkəsinin mülkiyyətçisi Viktor Yenin "Forbes"ə verdiyi müsahibəsində biznesin qurulması çətinliklərindən, eləcə də adını çəkməkdən imtina etdiyi bir tərəfdaşının olduğundan danışmışdı. Güman etmək olar ki, tərəfdaş ümumi biznesin öhdəsindən gələ bilməyib və yükü Yeninin öz sahibkarlıq istedadı hesabına daşımaq lazım gəlib. Bəli, Yeninin adını çəkmədiyi tərəfdaşı yenə Çadayev olub.

Görünür, o, sonradan kürsüsündən səs-küylə yıxılan qubernator qarşısında siyasi texnologiyalarla bağlı "xidmətləri" göstərib. Lakin həmin dövrdə də biznesini qaldıra bilməyib. Çadayev şirkətin rəhbərliyindən çıxarılıb və "Mosregiontsentr" MMC VDRŞ-dəki (YELRUL) qeydlərində etibarsız məlumatlar aşkar edilməsi səbəbilə ləğv edilib.

Bununla belə, Çadayev biznesdən tamamilə uzaqlaşmayıb. O, 2018-ci ildə ləğv edilmiş "Real Sektor" MMC-nin həmtəsisçisi olub. Bu şirkətdə onun tərəfdaşı isə "Yeni İnsanlar"ın indiki rəhbəri Aleksey Neçayev olub. Ehtimal edilir ki, bu əlaqə Aleksey Çadayevin politexnologiya sahəsindəki rəqibi Yevgeni Mincenkoya baha başa gəlib. 

İstənilən halda, müxtəlif "yem qazanları" arasında avaralanan Aleksey Çadayevin imici sıfır həddinə qədər düşdüyü bir vaxtda və Ukrayna ilə ilə bağlı vətənpərvərlik ritorikası dalğasında yenidən yüksəldi.

Müharibədən fayda götürən, ulduzu yenidən parlayan şarlatan

Uzun müddət unudulmuş Çadayevin güc-bəla ilə tullanıb minə bildiyi sonuncu qatar Ukraynaya qarşı aparılan hərbi təcavüz oldu. Lakin politexnoloq burada da ardıcıl davranmadı. Bir tərəfdən özünü dövlətçi kimi qələmə verir, digər tərəfdən isə, "Cвой Журнал" platformasında "sapojnik" bloqunun müəllifinin iddia etdiyinə görə, Rusiya Federasiyasının prezidenti tərəfindən müəyyən edilmiş bütün tədbirin əsas məqsədlərindən biri olan denasifikasiyanı (nasizmdən təmizlənmə) sual altına alır. Guya Ukrayna heç də “nasist dövləti” deyilmiş.

2022-ci ildə Ukraynaya qarşı müharibə başlandıqdan sonra Çadayev media-kommunikasiya üzrə ekspert və hərbi-siyasi analitik kimi tələbat görən şəxslərdən birinə çevrilir, federal telekanalların efirlərində çıxış edir, mühazirələr oxuyut və müsahibələr verir.

Bundan əlavə, o, kvadrokopterlərin idarə edilməsi üzrə mütəxəssis kimi də fəaliyyət göstərir. Əvvəlcə 2022-ci ildə özünün üç kopterini Donbasda yerləşən 1-ci Ordu Korpusuna verir, daha sonra dronların alınması üçün ianələrin toplanmasını təşkil edir, onların təchizatı, hazırlanması və cəbhəyə göndərilməsi ilə məşğul olmağa başlayır

Cəbhədə təkcə dronların deyil, həm də ixtisaslı operatorların çatışmadığını müəyyən edən Çadayev döyüşçülərə döyüş kvadrokopterlərini idarə etməyi öyrətməyə başlayır. O, Döyüş Kvadrokopterləri Operatorlarının Təchizatı Mərkəzi (KÇPN) (Координационный центр помощи Новороссии) ilə birlikdə 2022-ci il sentyabrın 1–5-də Böyük Novqorod yaxınlığında keçirilmiş “Dronnitsa” adlı ilk ümumrusiya döyüş kvadrokopteri operatorları toplanışını təşkil edir.

Könüllü təlimatçılar üçün hazırlıq məktəbi yaratmış, sonradan dronların pilotlaşdırılmasını öyrədən təlimatçılar korpusunun metodiki müşayiəti və hazırlığı ilə məşğul olub.

2023-cü ildə KÇPN ilə birlikdə “informasiya məkanında hərbi əməliyyatlara paralel olaraq aparılan informasiya müharibəsində vahid siyasət yaratmaq məqsədilə ictimai-siyasi xadimləri, KİV nümayəndələrini, filosofları, hərbçiləri və İT mütəxəssislərini bir platformada toplamaq” məqsədilə “Media-Dronnitsa” forumunu təşkil edib. Forum 2023-cü il martın 11-də “Skolkovo” texnoparkında keçirilmişdir.

2023-cü il avqustun 25–27-də KÇPN ilə birlikdə Novqorodda döyüş kvadrokopterləri operatorlarının ikinci ümumrusiya toplanışını (“Dronnitsa-2023”) keçirmişdir. “Dronnitsa”nın iştirakçlarını Novqorod vilayətinin qubernatoru Andrey Nikitin salamlamış və toplanışın təşkilini yüksək qiymətləndirmişdir.

2022-ci ilin sonunda “Donskaya set” könüllü hərəkatı ilə birlikdə Novoçerkaskda ordu üçün maskalanma torlarının istehsalını təşkil edib. Torların toxunulması ilə könüllülər məşğul olur, materialların alınması üçün Çadayev əvvəlcə şəxsi vəsaitini vermiş, daha sonra isə ianələrin toplanmasını təşkil edib. 2023-cü ilin sonunadək 2250 tor hazırlanmışdır.

Onun bu canfəşanlığı rəhbərlik tərəfindən diqqət cəlb edir. 2023-cü ilin oktyabrından “Pilotsuz aviasiya sistemlərinin inkişafı və onların qanunsuz tətbiqindən mühafizə vasitələri sahəsində Sınaq və Ekspertiza Elmi-İstehsalat Mərkəzi “Uşkuynik” ANO-ya (Böyük Novqorod) rəhbərlik edir.  

Aleksey Çadayev Rusiya ordusunun xeyrinə pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Ushkuynik" Elmi-Tədqiqat Mərkəzinin direktorudur. Onun əsas məhsulu Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində istifadə olunan, "Knyaz Vandal Novgorodskiy" (KVN) adlandırılan yaxın mənzilli, fiber-optik PUA-dır. Şirkət, həmçinin Böyük Novqoroddakı yeni PUA növlərini yaratmaq və sınaqdan keçirmək məqsədilə PUA mühəndislərinin və tikinti şirkətlərinin səylərini birləşdirmək və əlaqələndirmək üçün Rusiya Hökumətindən icazəyə malikdir.

2023-cü il dekabrın 6-da anti-dron sistemləri üzrə unikal ixtisaslaşmaya malik EİM-in inkişafına görə “Pilotsuz aviasiya sistemlərinin və komplektləşdirici hissələrin işlənib hazırlanması, standartlaşdırılması və seriyalı istehsalı” nominasiyasında “Göyün arxitekturası” mükafatı ilə təltif olunmuşdur.

2024-cü il avqustun 13-də Çadayev özünün “Telegram” kanalında Kursk vilayətinə daxil olmuş Ukrayna Silahlı Qüvvələrinə qarşı “Uşkuynik” EİM tərəfindən hazırlanmış, radioelektron mübarizə vasitələrinə davamlı olan “Knyaz Vandal Novqorodskiy” dronunun tətbiq edildiyini bildirmişdir. Bu məlumatı Novqorod vilayətinin qubernatoru Andrey Nikitin, eləcə də hərbi ekspertlər təsdiqləmişlər.

2025-ci il iyunun 21-də TASS-a verdiyi müsahibədə Aleksey Çadayev demişdir ki, “Uşkuynik” EİM-də “Knyaz Vandal Novqorodskiy” dronunun 18,9 min buraxılışı üzrə statistika toplanıb və Ukrayna Silahlı Qüvvələrinin 1,7 milyard dollarlıq texnikasının məhv edilməsi video-sübutlarla təsdiqlənib, hərbi əməliyyatlar zonasında tətbiq edilməyə başlandığı gündən bəri “Knyaz Vandal” ümumilikdə 2 milyard dollardan artıq məbləğdə NATO texnikasını məhv edib.

2025-ci il oktyabrın 30-da Rusiyanın müdafiə qabiliyyətinə verdiyi töhfəyə görə Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin mükafatı ilə təltif olunmuşdur. Mükafatı ordu generalı Yuriy Baluyevski təqdim etmişdir.

Son dövrdə şirkət suüstü və sualtı pilotsuz gəmilər (BƏK) üzərində də iş aparır.

Qərb dövlətləri və Aİ tərəfindən Çadayevə qarşı tətbiq edilmiş sanksiya sənədlərində belə də yazılır: Aleksey Çadayev Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini şübhə altına alan və təhdid edən əməlləri maddi olaraq dəstəkləyir.

Sistem şarlatanından hərbi konstruktora: 'Uşkuynik' EİM-in fəaliyyət mexanizmi

Keçmişdə müxtəlif siyasi dələduzluqlarla məşğul olan bir şəxs necə ola bilər ki, “Uşkuynik” kimi strateji əhəmiyyət daşıyan müəssisəyə rəhbər təyin edilir?!

Mərkəz 2023-cü ilin sentyabrında Rusiya Federasiyasının Böyük Novqorod şəhərində, "İntellektual Elektronika – Valday" İНTС bazasında yaradılıb. Əsas fəaliyyəti təbii və texniki elmlər sahəsində elmi-tədqiqat işləri, həmçinin hərbi təyinatlı pilotsuz uçuş aparatlarının (xüsusilə fiber-optik zirehli kabel) ilə idarə olunan zərbə PUA-larının, məsələn, "Knyaz Vandal Novqorodskiy") hazırlanması və buraxılışıdır.

“Knyaz Vandal Novqorodskiy” (KVN): Fiber-optik FPV hücum dronudur. Radioelektron mübarizəyə (REB) qarşı immunitetlidir (kabel vasitəsilə idarə olunur). 2024-cü ildən müharibə zonasına tədarük olunur, Kursk istiqamətində və digər yerlərdə istifadə edilib. Ukrayna hərbi mətbuatı (tsn.ua, fakty.com.ua, focus.ua) Çadayevi Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhədəki ən böyük texnoloji baş bəlası olan "Knyaz Vandal Novqorodskiy" fiber-optik idarəetməli FPV dronlarının Rusiya ordusuna kütləvi tədarükündə günahlandırır.

“Knyaz Veşçiy Oleq” (KVO): təyyarə tipi kəşfiyyat dronudur. KVN ilə tandemdə işləyir: hədəf göstəricisi, rele/stansiya funksiyası, obyektiv nəzarət.

Müharibəni Öyrənmə İnstitutunun (ISW) hesabatlarına istinad edən Ukrayna mediası vurğulayır ki, Çadayevin rəhbərlik etdiyi "Uşkuynik" Elmi-İstehsalat Mərkəzi Rusiyanın üç adları məlum olmayan regionunda ayda 50 000-dən çox belə dron istehsal edir. [rbc.ua]

Bu dronlar radio dalğaları ilə işləmədiyi üçün Ukrayna Ordusunun Elektron Mübarizə (REB) və siqnalboğucu sistemlərinə tamamilə davamlıdır. Ukrayna mediası yazır ki, Çadayevin rəhbərlik etdiyi bu layihə Ukrayna hərbi texnikasının və əsgərlərinin məhv edilməsində Rusiyaya kritik üstünlüklər qazandırıb.

Ukrayna hərbi resursları Çadayevin rəhbərlik etdiyi digər təhlükəli bir layihəni də ifşa edib. Onun rəsmi bəyanatlarına istinadən qeyd olunur ki, Çadayev xüsusi "bionik protez əlli" dronlar vasitəsilə döyüş meydanında Ukrayna Ordusuna məxsus vurulmuş və ya qəzaya uğramış PUA-ları havadan oğurlayaraq Rusiya tərəfinə gətirilməsi mexanizmini qurub. Bu, Ukraynanın hərbi texnologiyalarının Rusiya tərəfindən mənimsənilməsi və kopyalanması strategiyasının bir hissəsidir.

Ukrayna mediası təkcə havada deyil, dənizdə də Çadayevin layihələrini izləyir. Fokus jurnalı yazır ki, Çadayevin rəhbərliyi ilə Rusiya Qara Dəniz Donanması üçün "Uşkuynik" adlı fiber-optik dəniz dron-qayıqları sınaqdan keçirilir. Bu layihə birbaşa Ukraynanın dəniz dronlarına qarşı mübarizə aparmaq və Ukrayna limanlarına kamikadze hücumları təşkil etmək məqsədi daşıyır. [focus.ua]

Çadayevin aqibəti: Hərbi cinayətlərdə iştirak, faşist təbliğatının ifşası və Beynəlxalq sanksiyalar

Bir sözlə, Ukrayna mətbuatı üçün Aleksey Çadayev sadəcə bir rusiyalı məmur deyil, Ukraynaya qarşı yönəlmiş ən təhlükəli hərbi-texnoloji innovasiyaların və dezinformasiya maşınının birbaşa memarlarından biri hesab edir.

Bu səbəbdən A.Çadayevin bu mürtəce fəaliyyəti 2025-ci ildə Qərbin sanksiya siyahısına salınması ilə nəticələnib. “OpenSanctions” və digər bazalarda şirkət “Rusiya ordusuna UAV tədarük edən və Ukraynanın ərazi bütövlüyünə təhlükə yaradan” təşkilat kimi qeyd olunur. 

Avropa İttifaqı 17-ci sanksiya paketində (may 2025) “Uşkuynik” şirkətini siyahıya salıb.

Səbəb kimi, Rusiya ordusu üçün pilotsuz uçuş aparatları istehsal etməsi və Ukraynaya qarşı müharibədə istifadə olunması göstərilib. Aktivlərin dondurulması və səyahət qadağası tətbiq olunub. Rusiyaya qarşı 17-ci sanksiya paketi çərçivəsində Rusiya Silahlı Qüvvələrinə PUA, silah, sursat, hərbi avadanlıq və ən vacib detalların tədarükü ilə əlaqəli olan 45 Rusiya şirkəti və şəxs sanksiya siyahılarına daxil edilmişdir.

sanctions-finder saytında Çadayev haqqında məlumatlar verilib:

myrotvorets.center saytında da Çadayev haqda məlumat verilib və yazılıb: Faşist Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibə aparmaq vasitələrinin təşkili və istehsalı. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sui-qəsd. Rusiya hakimiyyətinin Ukraynaya və onun vətəndaşlarına qarşı törətdiyi cinayətlərin ortağıdır.

Məhz Ukraynanın suverenliyinə qarşı törədilən hərbi cinayətlərdə, Rusiya hərbi-sənaye kompleksinə birbaşa maddi-texniki dəstək verməkdə ittiham olunaraq Kanada, Belçika, İsveçrə və Böyük Britaniyanın sərt sanksiyalar siyahısına daxil edilib.

Kanada

Belçika

İsveçrə

Fransa

Çadayevin şirkətlərinin siyahısı və “Uşkuynik” layihəsinin arxasındakı mexanizm

Araşdırmalarımız zamanı Rusiyanın kommersiya qurumları və qeyri-hökumət təşkilatlarının qeydiyyatı idarəsində və digər müvafiq qurumlarında “Çadayev Aleksey Viktoroviç” adına beş şirkət aşkar etdik.

"UŞKUYNİK" ETM (Elmi-Texniki Mərkəz) AQKT

Status: Fəaliyyət göstərir

Rəhbər şəxs: Çadayev Aleksey Viktoroviç

İNN: 771003683569

Biznes apardığı bölgələr: Novqorod vilayəti, Moskva

Əsas fəaliyyət istiqamətləri:

  • kempinqlərdə, yaşayış avtoqoşqularında və turizm avtopritsepində müvəqqəti yaşayış yerlərinin verilməsi fəaliyyəti
  • sığorta və pensiya təminatı xidmətləri daxil olmayan, digər qruplaşdırmalara daxil edilməmiş digər maliyyə xidmətlərinin göstərilməsi
  • yaşayış və qeyri-yaşayış binalarının tikintisi
  • digər qruplaşdırmalara daxil edilməmiş digər əlavə peşəkar təhsil fəaliyyəti
  • ictimai elmlər sahəsində elmi tədqiqatlar və işləmələr
  • ixtisaslaşdırılmış mağazalarda dondurma və dondurulmuş desertlərin pərakəndə ticarəti
  • digər qruplaşdırmalara daxil edilməmiş təbiət və texnika elmləri sahəsində digər elmi tədqiqatlar və işləmələr

Ünvan: 173003, Novqorod vilayəti, Veliki Novqorod şəhər dairəsi, Veliki Novqorod şəhəri, Lazarevskaya küçəsi, ev 11, otaq 105

Qeydiyyat tarixi: 19.09.2023

Əsas fəaliyyət növü (OKVED kodu 72.19.9): Digər qruplaşdırmalara daxil edilməmiş təbiət və texnika elmləri sahəsində digər elmi tədqiqatlar və işləmələr

"PARUS" AQKT

Status: Fəaliyyət göstərir

Rəhbər: Abdulxayerov Aydar Maratoviç

Keçmiş rəhbər: Çadayev Aleksey Viktoroviç (08.02.2017-ci ildən 12.03.2026-cı ilədək rəhbər olub)

Ünvan: 117452, Moskva şəhəri, Zюзino (Zyuzino) bələdiyyə dairəsi daxili ərazisi, Çernomorskiy bulvarı, ev 17, korpus 1, otaq 4/2/5

Qeydiyyat tarixi: 08.02.2017

Əsas fəaliyyət növü (OKVED kodu 72.20.1): İctimai elmlər sahəsində elmi tədqiqatlar və işləmələr

"ÇAYNAYA ŞİROTA. DOM ÇAYA İ MOROJENOGO" MMC

Status: Ləğv edilib

Təsisçi: Çadayev Aleksey Viktoroviç

Rəhbər: Çadayev Aleksey Викторович (30.05.2019-cu ildən 22.01.2021-ci ilədək rəhbər olub)

Ünvan: 143041, Moskva vilayəti, Qolitsino şəhəri, Odintsovo rayonu, Kommunist prospekti, mülk 4, tikili 4, pavilyon 22

Nizamnamə kapitalı: 50 000 rubl

Qeydiyyat tarixi: 30.05.2019

Əsas fəaliyyət növü (OKVED kodu 47.24.3): İxtisaslaşdırılmış mağazalarda dondurma və dondurulmuş desertlərin pərakəndə ticarəti

"REALNIY SEKTOR" MMC

Status: Ləğv edilib

Təsisçi: Çadayev Aleksey Viktoroviç

Rəhbər: Çadayev Aleksey Viktoroviç (30.05.2017-ci ildən 15.01.2018-ci ilədək rəhbər olub)

Ünvan: 115682, Moskva şəhəri, Şipilovskaya küçəsi, ev 64, korpus 1, ofis 147

Nizamnamə kapitalı: 10 000 rubl

Qeydiyyat tarixi: 07.05.2015

Əsas fəaliyyət növü (OKVED kodu 85.42.9): Digər qruplaşdırmalara daxil edilməmiş digər əlavə peşəkar təhsil fəaliyyəti

"MOSREQİONÇENTR" MMC

Status: Ləğv edilib

Rəhbər: Çekulayev Dmitri Martynoviç

Ünvan: 115682, Moskva şəhəri, Zyablikovo bələdiyyə dairəsi daxili ərazisi, Şipilovskaya küçəsi, ev 64, korpus 1, mərtəbə/otaq/kabinet 1/147/1, iş yeri 8G

Nizamnamə kapitalı: 100 000 rubl

Qeydiyyat tarixi: 15.04.2013

Əsas fəaliyyət növü (OKVED kodu 41.20): Yaşayış və qeyri-yaşayış binalarının tikintisi

Qeyd edilən mənbələrdə Çadayevin rəhbərlik etdiyi müəssisənin 100,6 min rubl dəyərində bir məhkəmə işi göstərilir. İddiaçının, şahidin kimliyi açıq mənbələrdə qeyd olunmayıb.

Çadayevin hüquqi və fiziki şəxslərlə əlaqələri

Aşağıda təqdim edəcəyimiz siyahı Rusiyada pilotsuz təyyarələrin və dron sənayesinin (БАС — Беспилотные авиационные системы) inkişafı üçün dövlət tərəfindən qurulmuş nəhəng vahid hərbi-texnoloji şəbəkəni (ekosistemi) əks etdirir. Bu şəbəkənin başında isə Aleksey Çadayev deyil, Rusiya prezidentinin rəqəmsal və texnoloji inkişaf üzrə xüsusi nümayəndəsi Dmitri Nikolayeviç Peskov dayanır (prezidentin mətbuat katibi olan Dmitri Peskovla qarışdırmayaq – red.). kremlin

 АНО "ФЦ БАС" (Federal Pilotsuz Aviasiya Sistemləri Mərkəzi): Moskvada ("Rudnevo" sənaye parkında) yerləşən və bütün Rusiya üzrə dron istehsalını standartlaşdıran, sertifikasiya edən əsas federal mərkəzdir.

  1. Abdulxayerov Aydar Maratoviç ("PARUS" AQKT-nin direktoru və təsisçisi)
  2. "NTİ Platforması" AQKT ("Uşkuynik" ETM AQKT-nin təsisçisi)
  3. "İntellektual Elektronika - Valday" İNTM İK" SŞ ("UŞKUYNİK" ETM AQKT-nin təsisçisi)
  4. Novqorod vilayəti Sənaye və Ticarət Nazirliyi ("UŞKUYNİK" ETM AQKT-nin təsisçisi)
  5. Latkina Anna Alekseyevna ("PARUS" AQKT-nin təsisçisi)
  6. Sennıx Yeqor Vasilyeviç ("PARUS" AQKT-nin təsisçisi)
  7. Markoviç Vaniya Leonidovna ("PARUS" AQKT-nin təsisçisi, Demokratiya Problemlərinin Tədqiqi Fondunun direktoru)
  8. Peskov Dmitri Nikolayeviç ("Platforma NTİ" AQKT-nin baş direktoru)
  9. Petrova Mariya Andreyevna ("İntellektual Elektronika - Valday" İNTM İK ASC-nin baş direktoru)
  10. Novqorod vilayətinin Sənaye və Ticarət naziri
  11. "FTS BAS" AQKT ("Platforma NTİ" AQKT — təsisçi)
  12. "Yaroslav Mudrı adına Novqorod Dövlət Universiteti" ("NovGU") ("İntellektual Elektronika - Valday" İNTM İK ASC-nin təsisçisi)
  13. "Kinosoyyuz" MMC (Qrigoryev Maksim Sergeyeviç — prezident, təsisçi)
  14. "SIMURQ" MMC (Markoviç Vaniya Leonidovna — təsisçi)
  15. "Simurq" AQKT Harmonik İnkişaf Mərkəzi (Markoviç Vaniya Leonidovna — təsisçi)
  16. Qriqoryev Maksim Sergeyeviç ("İntellektual Elektronika - Valday" İNTM İK ASC-nin baş direktoru (14.06.2022-ci və 12.07.2024-cü ilədək), Novqorod vilayətinin Sənaye və Ticarət naziri (12.04.2021-ci və 29.04.2026-cı ilədək), "Nijeqorod vilayətinin PAS ETM" AQKT (26.06.2026-cı ilədək təsisçi)
  17. "Protos PAS ETM" AQKT (02.07.2026-cı ilədək təsisçi)
  18. "Kaluqa vilayəti Beşik PAS ETM" AQKT (16.06.2026-cı ilədək təsisçi)
  19. "Centr İnkon" AQKT (26.03.2025-ci ilədək təsisçi)
  20. "PROMINFORM" ASC (21.12.2021-ci ilədək təsisçi)
  21. Brod Aleksandr Semyonoviç (NOM Assosiasiyasının sədri)
  22. Peskov Aleksey Vladimiroviç (NOM Assosiasiyasının icraçı direktoru, "SAMADEVA" MMC (14.05.2020-ci ildə ləğv edilib) — 27.03.2018-ci ilədək baş direktor, 27.03.2018-ci ilədək təsisçi)
  23. "MAQKOM" MMC (23.05.2025-ci ildə ləğv edilib) — 07.02.2025-ci ilədək idarəedici təşkilat
  24. "BARAKA FUD" MMC (06.11.2020-ci ildə ləğv edilib) — 13.01.2020-ci ilədək təsisçi
  25. "BALTINVESTGRUPP" MMC (10.04.2012-ci ildə ləğv edilib) — Osinnikov Andrey Vladislavoviç (baş direktor, təsisçi)
  26. "IKAR I" MMC (11.07.2016-cı ildə ləğv edilib) — Osinnikov Andrey Vladislavoviç (təsisçi)
  27. "Müasir Regional Siyasət Mərkəzi" AQKT (23.07.2021-ci ildə ləğv edilib) — 15.12.2021-ci ilədək təsisçi
  28. ЦСКП КАВКАЗ (13.04.2018-ci ildə ləğv edilib) — 15.12.2021-ci ilədək təsisçi

Dmitri Peskov, Rusiya prezidentinin xüsusi nümayəndəsi olmaqla yanaşı "Platforma NTİ" fondunun baş direktorudur. Rusiya Hökumətinin "Pilotsuz Aviasiya Sistemlərinin İnkişafı" üzrə Milli Layihəsinə (Milli Proqramına) ayrılan yüz milyardlarla rubl vəsaitin paylanması birbaşa onun və rəhbərlik etdiyi fondun nəzarətindədir. "Platforma NTİ" şəbəkənin "əsas beyni" və baş maliyyə donorudur. Bütün regional mərkəzləri o təsis edir və federal büdcədən gələn pulları onlara ötürür.

Siyahıda diqqət çəkən ən vacib detal bəzi regional mərkəzlərin qarşısındakı “2026-cı ilə qədər təsisçi” qeydləridir. 2026-cı ilin yayında Rusiya qanunvericiliyinə və dövlət korporasiyalarının idarəetmə qaydalarına edilən dəyişikliklərə görə, Federal "Platforma NTİ" fondu regional mərkəzlərin birbaşa təsisçiliyindən rəsmən çıxıb. Bu mərkəzlər tamamilə yerli regional qubernatorluqların, yerli sənaye nazirliklərinin və ya yerli dövlət universitetlərinin birbaşa balansına verilib.

Xüsusilə cəbhə xəttinə yaxın olan "Belqorod" mərkəzi və hərbi sənayenin mərkəzi olan Nijni Novqorod mərkəzi daha çox məxfiliyə keçmək və qərarları daha sürətli vermək üçün tam regional idarəetməyə keçirilmişdir.

Şəkildə təqdim edilən bu dörd təşkilat rəsmi Rusiya dövlət reyestri (EGRYUL) məlumatlarına əsasən, Aleksey Çadayevin rəhbərlik etdiyi АНО "НПЦ "УШКУЙНИК" (Pilotsuz Aviasiya Sistemlərinin Sınaq və Ekspertiza Elmi-İstehsalat Mərkəzi) hüquqi şəxsinin rəsmi təsisçiləridir [audit-it]

Bu təşkilatların hər biri layihənin maliyyələşməsi, inzibati idarə edilməsi və hərbi-texnoloji təchizatı üçün xüsusi funksiyalar daşıyır. Bu müəssisələr dövlət daxilində hərbi-texnoloji qrantların rəsmiləşdirilməsi üçün qapalı zəncir rolunu oynayır. Onlar haqqında olan tək açıq və böyük fakt – hər birinin birləşərək Aleksey Çadayevin rəhbərliyi altında cəbhə üçün hərbi layihələri rəsmiləşdirməsidir.

Rusiya Federasiyasının rəsmi vahid dövlət reyestri (EGRYUL) sənədlərinə əsasən, Aleksey Çadayevin rəhbərlik etdiyi АНО "НПЦ "УШКУЙНИК" hərbi dron layihəsinin rəsmi təsisçisi olan hər dörd qurumun dövlət sənədləri, İNN nömrələri, hüquqi ünvanları və rəhbər heyəti aşağıdakı kimidir:

1. АНО "ПЛАТФОРМА НТИ" (Milli Texnoloji Təşəbbüs Platforması)

Rusiyada qabaqcıl texnologiyalar və innovasiya layihələrini əlaqələndirən və maliyyələşdirən federal səviyyəli dövlət yönümlü qeyri-kommersiya təşkilatıdır.

Tam adı: Автономная Некоммерческая Организация "Платформа Национальной Технологической Инициативы"

İNN / OGRN: 7703469180 / 1197700000376

Qeydiyyat ünvanı: 123242, Moskva şəhəri, Malıy Konyuşkovskiy döngəsi, ev 2, otaq 1/6

Baş direktor Dmitri Nikolayeviç Peskov

"Uşkuynik" mərkəzinin layihələrinə Rusiya federal büdcəsindən, xüsusilə də dron mühəndisliyi üçün qrant və subsidiyaların cəlb olunmasını təmin edən ana platformadır.

2. АНО ЦСАСД (Sosial-İqtisadi İnkişafa Analitik Dəstək Mərkəzi)

Sənədlərə görə, Novqorod vilayətinin Demyansk qəsəbəsində qeydiyyatda olan regional analitik mərkəzdir. Şirkətin quruluşunda tədqiqat, sənədləşmə, regional monitorinqlər və layihənin yerli icraat sənədlərini idarə edən qeyri-kommersiya tərəfdaşı kimi çıxış edir.

Tam adı: Автономная Некоммерческая Организация "Центр Стрелкового и Авиационного Спорта "Демянск"

İNN / OGRN: 5300008970 / 1235300001947

Qeydiyyat ünvanı: 175310, Novqorod vilayəti, Demyansk rayonu, Demyansk qəsəbəsi, Sosnovskogo küçəsi, bina 14M, otaq 1

Cari rəhbəri: Müəssisənin qurulmasında Sergey İvanoviç Tataritski rəhbərlik edib, sənədlərdə birbaşa "Uşkuynik" (Çadayev) konsorsiumunun bir hissəsi kimi fəaliyyət göstərir.

3. АО "УК ИНТЦ "ИНТЕЛЛЕКТУАЛЬНАЯ ЭЛЕКТРОНИКА - ВАЛДАЙ"

Rusiya Prezidentinin sərəncamı ilə Novqorod Dövlət Universiteti nəzdində yaradılmış xüsusi İnnovasiya Elmi-Texnoloji Mərkəzidir (ИНТЦ).

Tam adı: Акционерное Общество "Управляющая Компания Инновационного Научно-Технологического Центра "Интеллектуальная Электроника - Валдай"

İNN / OGRN: 5300002784 / 1225300000694

Qeydiyyat ünvanı: 173003, Novqorod vilayəti, Böyük Novqorod (Veliky Novgorod) şəhəri, Velikaya küçəsi, ev 18A

Cari rəhbəri: Baş direktor Mariya Andreyevna Petrova.

Bu mərkəzin xüsusi hüquqi statusu var (məsələn, vergi güzəştləri, gömrük rüsumlarından azad olma və xüsusi torpaq sahələri). Çadayevin "Uşkuynik" mərkəzi fiziki olaraq məhz bu "Valday" elmi şəhərciyinin daxilində və onun laboratoriya bazasında fəaliyyət göstərir. Bu mərkəz dronların elektronika, fiber-optik elementləri və mikrosxemlərinin hazırlanması üçün mühəndislik infrastrukturunu təqdim edir.

4. Novqorod Vilayətinin Sənaye və Ticarət Nazirliyi

Rusiya Federasiyasının birbaşa regional dövlət hakimiyyəti orqanıdır.

İNN / OGRN: 5321178877 / 1155321008347

Qeydiyyat ünvanı: 173005, Novqorod vilayəti, Böyük Novqorod şəhəri, Pobedy-Sofiyskaya meydanı, ev 1

Cari rəhbəri: Nazir Yevgeni Sergeyeviç Veresov

Bu rəsmi hüquqi ünvanlar və dövlət qeydiyyat nömrələri (İNN) bir daha təsdiqləyir ki, Aleksey Çadayevin idarə etdiyi dron istehsalı layihəsi birbaşa dövlət orqanları və dövlət fondları tərəfindən idarə olunan bir hərbi-inzibati mexanizmdir.

Bu layihənin birbaşa dövlət tərəfindən idarə olunduğunun və administrativ qorunmasının (inzibati dəstək) ən böyük sübutudur. Nazirlik müəssisənin təsisçisi olmaqla onun fəaliyyətinə dövlət zəmanəti verir və yerli sənaye müəssisələri ilə istehsalat əlaqələrini qurur.

Bu struktur göstərir ki, Aleksey Çadayevin idarə etdiyi dron mərkəzi şəxsi bir biznes obyekti deyil, federal fond (NTİ), dövlət universiteti elmi mərkəzi (Valday) və regional nazirliyin birləşərək yaratdığı dövlət əhəmiyyətli xüsusi hərbi-mühəndislik konsorsiumudur.

Rusiya media məkanında və rəsmi bazalarda (məsələn, Rusprofile sənədlərində) bu qurumlar haqqında geniş məlumatlar verilmir. Bunun üç əsas səbəbi var:

1. Bu müəssisələr müstəqil şirkət yox, "kağız üzərində" təsisçilərdir

Siyahıda gördüyümüz “АНО ЦСАСД” və ya “АО "УК İNTC Valday" kimi qurumlar bazarda müstəqil şəkildə mal satan və ya xidmət göstərən aktiv şirkətlər deyil. Onlar xüsusi dövlət layihələrini (məsələn, İnnvovasiya Mərkəzlərini) idarə etmək və ya qrantları rəsmiləşdirmək üçün yaradılmış bürokratik alətlərdir (hüquqi qabıqlardır). Onların funksiyası sadəcə büdcə pullarını qəbul edib Çadayevin mərkəzi kimi icraçı strukturlara ötürməkdir. Buna görə də onların media profili çox zəifdir.

2. Hərbi sirr və sanksiyalardan gizlənmə taktikası

"Uşkuynik" mərkəzinin birbaşa Ukrayna müharibəsi üçün "Knyaz Vandal Novqorodskiy" (KVN) hərbi dronlarını istehsal etməsi səbəbindən bu layihəni quran bütün təsisçilərin (o cümlədən Novqorod Vilayətinin Sənaye Nazirliyinin) fəaliyyəti Rusiya daxilində ciddi şəkildə məxfi saxlanılır. Qərb sanksiyalarından yayınmaq və Ukrayna kəşfiyyatının hədəfinə gəlməmək üçün bu qurumların maliyyə hesabatları, rəhbər heyəti və daxili müqavilələri 2022-ci ildən sonra rəsmi reyestrlərdən qismən və ya tamamilə silinmişdir.

3. "Platforma NTİ" və real maliyyə mübahisələri

"Platforma NTİ" (Milli Texnoloji Təşəbbüs) fondudur. Rusiya iqtisadi mətbuatının (CNewsForbes) araşdırmalarına görə, bu dövlət fondu mütəmadi olaraq fırıldaqçılığa görə yox, "ideyanın iflası" səbəbindən məhkəmələrdə iştirak edir.

Büdcə yeyintiləri və geosiyasi aqressiya: Çadayevin xilasolma cəhdləri

Semyon Uralovun “YouTube” kanalındakı “Çistota Ponimaniya” proqramının 14 iyul və 13 avqust 2026-cı il buraxılışlarında Aleksey Çadayev və digərləri Azərbaycana qarşı zorakı üsulların tətbiqi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması, milli nifrət və düşmənçiliyin qızışdırılması barədə çıxışlar ediblər.

Çadayevin qəfil aqressivləşməsinin səbəblərini araşdırarkən maraqlı bir məqamla rastlaşdıq. Məlum oldu ki, Rusiyada dron hazırlanması ilə məşğul olan bir çox şirkət rəhbərlərinin həbsi başlayıb. Onlar “Dövlət pulunu götürüb, Çin istehsalı olan dronları Rusiya istehsalı adı altında silahlı qüvvələrə satırmışlar”. Məlumat məhz 13 avqustda yayılıb.

İstintaqın versiyasına görə, bəzi şirkətlər “Minpromtorg”-un (Sənaye və Ticarət Nazirliyi) ayırdığı subsidiyaları və dövlət vəsaitlərini mənimsəyərək, özləri dron istehsal etmək əvəzinə Çindən hazır dronlar ucuz qiymətə alıb Rusiya istehsalı adı altında (yerli məhsul kimi) Müdafiə Nazirliyinə baha qiymətə satıblar. currenttime

Avqustun 8-də Moskvada "Dron solyuşns" şirkətinin direktoru İrakli Xazaliya və sabiq direktoru Vyaçeslav Barbarov külli miqdarda dələduzluqda ittiham olunaraq həbs ediliblər. Şirkətin istehsal etdiyi aparatlarından biri ("Aist") Vladimir Putinə də nümayiş etdirilmişdi. Bu hadisəyə qədər, hələ may ayında "Транспорт будущего" şirkətinin rəhbəri Yuri Kozarenko, iyulun sonunda isə "Эфко" qrupunun əsas səhmdarı, milyarder Valery Kustov həbs olunublar. Bu şirkət 2021-ci ildən bəri kənd təsərrüfatı və çatdırılma dronları istehsal etməli idi, lakin yoxlamalar nəticəsində həmin dronlar hərbçilər və “Z-blogerlər” tərəfindən tənqid olunub, rəhbərlik isə dövlət vəsaitlərini oğurlamaqda günahlandırılıb.

Hesablamalara görə, Çindən təxminən 1,2 milyon rubla alınıb hərbçilərə 8 milyon rubla satılan hər bir dron vasitəsilə külli miqdarda gəlir əldə olunub və ümumi dövlət zərəri milyardlarla rubl qiymətləndirilib.

Bəli, bu hadisədə Aleksey Çadayevin və onun rəhbərlik etdiyi şirkətin adı keçmir. Amma Çadayevi yaxından tanıyan rusiyalı mütəxəssislərin və uzun müddət bu şəxsi araşdıran jurnalistlərin qənaətinə görə, Çadayev həbs dalğasından ehtiyatlandığı, bu dalğanın əvvəl-axır ona da çatacağını düşündüyü üçün qabaqdan gəlmişlik edə bilərdi. Çadayevin rəhbərlik etdiyi şirkətin 2024-cü illə 2025-ci il arasında ciddi maliyyə disbalansının yarandığı faktları aşkar olunub. Mənbə: rusprofile.ru

Nə üçün belə böyük fərq yaranıb?

  • Gəlir kəskin artıb – mərkəz inkişaf edib, rezidentlər və layihələr artıb.
  • Zərər yaranıb – böyük həcmdə avadanlıq, infrastruktura və istehsal güclərinə investisiya qoyulub (xüsusilə kollektiv istifadə mərkəzi üçün).
  • Aktivlərin güclü artımı əsasən dövlət qrantları, subsidiya və avadanlıq hesabına olub (2024–2025-ci illərdə 663 mln. rubldan çox qrant dəstəyi cəlb edilib). Bu, tipik korrupsiya layihələri üçün xarakterikdir: balansda böyük əsas vəsaitlər (avadanlıq, əmlak) görünür gəlir isə geriləməkdə davam edir.

Reyestrdə bu məqam belə təsvir olunur: Maliyyə vəziyyəti çox yüksək, ödəyicilik qabiliyyəti ilə bağlı risklər var.

Bütün bu faktlar göstərir ki, Aleksey Çadayev və onun kimi "vətənpərvər" libası geyinmiş dələduzlar Rusiyada dron sahəsindəki kütləvi ifşa və həbs dalğasının (Kozarenko, Kustov və b. aqibətinin) özlərinə çatacağını çox yaxşı anlayırlar.

Çadayevin Azərbaycana qarşı səsləndirdiyi sərsəm fikirlər və aqressiv ritorika – başı üzərində qara buludlar əsən, büdcə vəsaitlərini mənimsədiyinə görə hər an istintaqa cəlb oluna biləcək bir fırıldaqçının diqqəti başqa istiqamətə yönəltmək, özünü "zəruri təbliğatçı" kimi göstərərək toxunulmazlıq qazanmaq cəhdindən başqa bir şey deyil.

Çadayevin Azərbaycana qarşı yönəlmiş, ərazi bütövlüyümüzü hədəf alan və hərbi müdaxilə ssenarilərini ehtiva edən absurd bəyanatları heç də təsadüfi geosiyasi hadisə deyil. Bu ritorika başı üzərində qara buludlar əsən bir fırıldaqçının öz cinayətlərindən diqqəti yayındırmaq üçün əl atdığı təlaşlı manevridir.

Bütün bu faktlar həm də onu deməyə əsas verir ki, dron istehsalı kimi vacib bir sahənin rəhbərliyinə Çadayevin gətirilməsinin bir səbəbi var – o, bu qaranlıq işlərə uyğun gələ bilən bir nömrəli “günah keçisidir”. Ömrü boyu Rusiyadakı müxtəlif siyasi qüvvələrin və fərqli düşərgələrin əlində maşa olan, heç vaxt bəxti gətirməyən və kimsəsiz olan Çadayev asanlıqla “xərclənə biləcək” şəxs və ya şəxsiyyəti olmayan insandır. Əgər ona insan demək olarsa...

 

 

Oxşar məqalələr: