Axtarış

Select theme:

"Hicab məsələsi”nin pərdəarxası: Xaricdən idarə olunan kiber-təxribatın anatomiyası

Son günlərdə Azərbaycanda “hicab mövzusu” ətrafında süni şəkildə alovlandırılmağa çalışan etiraz aksiyalarına diqqət yetirdikdə, bu prosesin təbii daxili narazılıqdan deyil, xaricdən planlaşdırılmış informasiya əməliyyatından ibarət olduğu aydın görünür. Təhlillər göstərir ki, bu süni dalğaya əsas media və informativ dəstək bilavasitə İrandan, habelə bu dövlətin təsiri altında olan Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları, təşkilatları və siyasi partiya təmsilçilərindən ibarət şəbəkə üzvlərindən gəlir. Regional informasiya resursları, sosial şəbəkə seqmentləri və transmilli trol şəbəkələri vasitəsilə ictimai rəyi çaşdırmağa və sabitliyi pozmağa yönəlmiş məqsədyönlü kiber-təxribat ssenarisi həyata keçirilir.

Onlar əsasən iki əsas güc mərkəzinə və onların təsiri altında olan qruplara bölünürlər:

  1. SEPAH-a nəzarəti altında olan şəbəkə: "Hüseyniyyun" terror qruplaşması, kənardan idarə olunan səhifələr, fərdlər və saxta profillər.
  2. ETTELAAT-a (Milli Təhlükəsizlik Nazirliyinə) tabe olan qruplar: Bu qurumun kurasiyasında olan media resursları və kadrlar.

Son günlər diqqət mərkəzində olan, “hicab mövzusu” ətrafında başladılan təxribat kampaniyasının təfərrüatları tərəfimizdən analiz edilmiş, aparılan araşdırmalar nəticəsində bu kiber-təxribatda və informasiya əməliyyatında birbaşa iştirak edən qruplaşmalar, idarə olunan fərdlər, onların nəzarətindəki media resursları, habelə xüsusi olaraq formalaşdırılmış saxta (fake) trol profillərinin siyahısı və fəaliyyət mexanizmi deşifrə olunmuşdur.

Xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altında fəaliyyət göstərən, eləcə də Gürcüstan, Türkiyə və Rusiya üzərindən bu çirkin kampaniyaya qoşulan şəbəkə üzvləri və onların rolu haqqında araşdırmanı təqdim edirik:

Bəllidir ki, İranda anti-Azərbaycan, ermənipərəst və paniranist təbliğat aparan, eləcə də İranın xüsusi xidmət orqanları tərəfindən idarə olunan/yönləndirilən social media səhifələri və saxta profillərdən ibarət böyük şəbəkə mövcuddur. Bu şəxslər kiberməkanda və mediada Azərbaycanın suverenliyinə, milli kimliyinə və ərazi bütövlüyünə qarşı dezinformasiya yaymaq üçün alət kimi istifadə olunurlar.

Açıq mənbələrdə yer alan məlumatlar İranda fəaliyyət göstərən anti-Azərbaycan kiber-şəbəkəsinin heç də müstəqil ekspertlərdən ibarət olmadığını, əsasən xüsusi xidmət və güc strukturlarının nəzarəti altında formalaşdırılmış sosial media şəbəkəsindən və kurasiya olunan agentlərdən ibarət olduğunu ortaya qoyur.

Xüsusilə Salar Seyfəddini, Ehsan Movahhedian və Rza Abbasi kimi şəxslərin İran Kəşfiyyat Nazirliyinin xətti ilə bu şəbəkəni idarə etdikləri və ona kuratorluq etdikləri bildirilir.

Salar Seyfəddini (ETTELAAT-a bağlı şəxs)

Təbriz doğumlu, anti-Azərbaycan və paniranist fəal, “Azəriha” saytının təsisçisi. Əvvəllər İran Prezident Aparatı yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb. Azərbaycanın tarixini saxtalaşdırmaqla və ermənilərə rəğbət bəsləməklə seçilir. Onun İranın Milli Təhlükəsizlik Nazirliyinə (ETTELAAT) yaxın olduğu və uzun illərdir bu xüsusi xidmət orqanının çətiri altında Azərbaycana qarşı çirkin propaganda və kampaniyalar yürütdüyü bəllidir.

Ehsan Movahhedian (Xüsusi maraqlar üçün istifadə edilən "ekspert")

Akademik çevrələrdə tanınmayan, 2020-ci il Vətən müharibəsindən sonra populist və qatı fars millətçisi çıxışları ilə diqqət çəkməyə çalışan 2-ci dərəcəli "analitik". “Qafqazda tufan” adlı az izləyicisi olan “Telegram” kanalını idarə edir.

Elmi bazası və ciddi uğuru olmayan bu şəxsdən İrandakı müəyyən güc mərkəzləri (xüsusi xidmət və rejim çevrələri) müvəqqəti dövri maraqlar və anti-Azərbaycan təbliğatı üçün istifadə edirlər.

3. Rza Abbasi (Xüsusi xidmətin saxta profili)

Sosial şəbəkələrdə (X) özünü “sərbəst jurnalist” kimi qələmə verən, haqqında heç bir rəsmi məlumat olmayan anonim/saxta profildir.

Analizlər göstərir ki, bu profil İranın xüsusi xidmət orqanları və "SEPAH" tərəfindən psixoloji əməliyyatlar, dezinformasiya yaymaq və idarə olunan mesajları tirajlamaq üçün yaradılmış şəbəkə alətidir (bot/trol).

Daha ətrfalı bu linkdə Anti-Azərbaycan şəbəkənin iştirakçıları: fars-molla rejiminin mediası, trol şəbəkəsi və ekspertləri

“Hüseyniyyun”un İranın xüsusi xidmət orqanları və Raifipurdan asılılığı

“Hüseyniyyun” terror qruplaşması İran İslam İnqilabı Keçişçiləri Korpusunun (“Sepah”) “Qüds Qüvvələri”nin öldürülmüş komandanı Qasım Süleymani tərəfindən yaradıldığı mediada qeyd olunub. Bu qruplaşmanın paylaşımlardakı vizual materiallarda və rəsmi müraciətlərdə açıq şəkildə Qasım Süleymaninin və Xameneyinin portretləri fonunda sədaqət andları içilməsi terror təşkilatının birbaşa İran hərbi-siyasi rəhbərliyinin nəzarətində olduğunu təsdiqləyir.

Qruplaşmanın rəhbərlərinin müraciətlərində işlədilən “Sizinlə və İmam Xamenei ilə verdiyimiz sözə son damla qanımıza qədər sadiqik” ifadələri onların birbaşa İran dövlət maraqlarına xidmət etdiyini və hərbi-siyasi tapşırıqları icra etdiyini sübut edir.

Ekran görüntülərindən görünür ki, molla rejiminin əsas media ideoloqlarından və konspirasiya nəzəriyyəçilərindən biri olan Əli Əkbər Raifipur “Hüseyniyyun” təşkilatının media fəaliyyətini və informasiya siyasətini yönləndirir. Qruplaşmanın yaydığı müraciətdə Raifipura xüsusi minnətdarlıq ifadə olunaraq bildirilir: “Bizlər Cənab Əli Əkbər Raifipurun Hüseyniyyun təşkilatına inamı üçün təşəkkür bildirməklə yanaşı... təşkilatın tam ciddi şəkildə himayə olunmasını və təşkilatın əl-qolunu bağlayan maneələrin aradan aparılmasını təvəqqe edirik”. Bu, Raifipurun təşkilata yalnız ideoloji dəstək vermədiyini, həm də İranın xüsusi xidmət strukturları daxilində onlara havadarlıq etdiyini göstərir.

Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyalarında istifadə olunan tezislərin məhz Raifipur tərəfindən “Hüseyniyyun” üzvlərinə ötürüldüyü, qruplaşmanın isə onun nəzarətində olan şəbəkə kimi çıxış etdiyi təhlillərlə təsdiqlənir.

Qruplaşmanın yaydığı materiallarda Azərbaycanın suverenliyinə qarşı açıq hədələr səsləndirilir, ölkəmiz daxilində ictimai rəyi zəhərləmək üçün saxta məlumatlar (fake news) yayılır.

Raifipurun erməni lobbisinin Azərbaycan əleyhinə mövqeyi ilə üst-üstə düşən təbliğat xətti, “Hüseyniyyun”un isə məhz bu anti-Azərbaycan ssenarinin icraçısı qismində çıxış etməsi onların xarici xüsusi xidmət strukturlarının təsiri altında Vətənə qarşı xəyanət yolu tutduqlarını sübut edən əsas amillərdəndir.

Təqdim olunan sənədlər, fotolar və mətnlər “Hüseyniyyun” terror qruplaşmasının müstəqil dini qurum deyil, qonşu ölkədə bəzi hərbi-siyasi strukturlarının təsisi olduğunu, media və ideoloji təbliğat sahəsində isə birbaşa Əli Əkbər Raifipurun kurasiyası altında idarə olunduğunu heç bir şübhəyə yer qoymayaraq təsdiqləyir. Qruplaşmanın rəhbərliyinin İran rəsmilərinə və Raifipura ünvanladığı müraciətlər onların anti-Azərbaycan yönümlü fəaliyyətlərində xarici sifarişləri yerinə yetirdiklərini açıq şəkildə biruzə verir.

“Facebook”-da olan “Sorğulamaq” səhifəsi 19 Avqust 2025-ci il tarixində “Azərbaycanda İranın dini təbliğat maşını aktivdir” başlıqlı paylaşım edib.

Səhifədə qeyd olunur ki, “Bu qruplar gəncləri aldadır, minlərlə saxta profil açdırır, xalqın adından kütləvi paylaşım və şərhlər yazdırır. Amma cahil və savadsız tərəfdarlar şablon paylaşımlarla əmrləri düzgün icra edə bilmir. İnsanları cəlb etmək üçün qadın adlarından istifadə etsələr də, bu plan iflasa uğrayıb”.

Onların qənatəinə görə, bu “insanlarda” vətən, xalq, hətta ailə anlayışı yoxdur. Vətən xainləri ən yaxın ailələrini belə üz döndərərək yalnız öz məqsədlərinə xidmət edirlər.

Məqalənin “əsas fiqurlar və qruplar” hissəsində Qumda təhsil almış, Azərbaycanda İslam Partiyasının təsisçisi Mövsüm Səmədov, Masallıda biabırçı görüntüləri ilə xatırlanan Şeyx Sərdar Hacıhəsənli, “Hüseyniyyun” terror təşkilatı və İranla əlaqəli təşkilatlarda rəhbər olan Tohid İbrahimov, İranda təhsil almış, dini təbliğatçı, sosial mediada bir neçə səhifə, profil və kanalı idarə edən Mirağa Dadaş və digərlərinin adları çəkilir.

Məqalənin “Sosial şəbəkələrdə fəaliyyət” bölümündə qeyd olunur ki, minlərlə saxta profil açdırılır, paylaşımlar edilir və şablon xarakterli şərhlər yazdırılır, insanları cəlb etmək üçün qadın adlarından istifadə edilir. Bundan başqa “ATezm Caps”, “Inter Az”, “Mirağa Dadaşın şəxsi səhifəsi” və digər social media səhifə və kanalları qeyd edilir. Maliyyə məsələsinə gəldikdə isə vəsaitin SEPAH-ın “Qüds Qüvvələri” və ayrı-ayrı dini xadimlərindən gəldiyi bildirilir. Əlavə olaraq qeyd edilir ki, gənclərə pul, saxta dini vədlər və hədiyyələr verilir, qarşılığında isə saxta profillər açmaq, əsasən də, saxta qadın profilləri, paylaşım və şərhlər etmək əmr olunur.

SEPAH və ETTELAAT-ın Azərbaycan uğrunda didişməsi

Lakin bu “mütəşəkkil görünüş” heç kimi çaşdırmamalıdır. İrandan idarə olunan və Azərbaycana qarşı yönəlmiş bu şəbəkə heç də monolit və vahid mərkəzdən problemsiz idarə olunan struktura malik deyildir, bu qruplaşmaların daxilində yaranmış dərin çatlar mövcuddur.

Azərbaycana qarşı dini və ideoloji manipulyasiya etməyə çalışan bu qüvvələrin əslində "müqavimət" və ya "dini təəssübkeşlik" adı altında öz şəxsi və maliyyə maraqlarını güddükləri, ayrılan vəsaitləri bölüşdürə bilməyərək bir-birlərini ifşa etdikləri bəlli olur.

Bu iki qrup arasında münasibətlər son dərəcə gərgindir və onlar tez-tez bir-birini ifşaya, nüfuzdan salmağa yönəlmiş addımlar atırlar. Gərginliyin və daxili çəkişmələrin əsas səbəbi isə maliyyə resurslarının ("Beytül-mal") bölgüsü və şəxsi maraqlardır.

Şəbəkə daxilindəki bu rüsvayçı qarşıdurmanın mahiyyətini məhz onların idarə etdiyi “Telegram” kanallarının (məsələn, "Haqqın Səsi") bir-birinə qarşı işlətdiyi təhqiramiz ifadələr də aydın göstərir. Tərəflər bir-birini dini büdcə və vəsaitlər (Beytül-mal) hesabına yaşayan, “günü-gündən şişən, piylənən, müftəxor, savadsız və imansız şarlatanlar” və s. ifadələrlə təhqir edir, maliyyə mənimsəmələrində və casusluqda ittiham edirlər.

“Facebook”-da “Həmid Türki” adlı saxta profil (indiyə qədər kimliyi aşkar edilməyib) SEPAH-ın nəzarətində olan “kəriməçilər”lə mübarizə aparır. Hər halda görüntü belədir. Onun müxtəlif vaxtlarda yazdığı statuslardan bunu anlamaq olar:

  • “Həmid Türki” yazır ki, Orxan Məmmədov və Tohid İbrahimov, adlarını "şeyxlər" qoyaraq, öz şəxsi mənafeləri naminə Azərbaycanda “Kərimə dövlət” quracaqlarını deyib, İranda oturaraq Azərbaycan hakimiyyətini təhdid edirlər, özlərinin güya güc sahibi kimi nümayiş etdirirlər.
  • “Həmid Türki” 10 mart 2025-ci il paylaşımında əks qütbün paxırını daha da açıb tökür: “Əvvəl “kəriməçilər” haqda “Kəriməçilər - şiələrin vəhhabi formasıdır və vəhhabilər kimi - korkorana şəkidə hansısa ideologiya ardınca gedib hər cinayətə və hər murdarçılıqlara əl atırlar. İranın müqəddəs Qum şəhərində yaşadıqları halda Braziliya seriallarındakı kimi pozğun həyat sürənlər riyakarlar, elə vəhhabilər kimi "dindarlıq" iddiası edirlər”-deyən “Həmid Türki” davamında “Kəriməçilər”in lideri Orxan Məmmədovu dəstəkləyən Rövşən Talışinski adlı şəxsi “şərəfsiz” adlandırır və Mirağa Dadaşın bostanına daş atır: “Bu son cümlə - Bakıda bir qadının evini satıb pulunu yediyinə görə fırıldaqçılıq maddəsi ilə, Rusiyanın Perm şəhərində isə narkotik maddə satığına görə həbs edilən və Bakıda zindanda ölən qaynatası Muxtarı "şəhid" kəriməçilərə soxuşduran əhli-kərimçi şair Mirağa Dadaşa aiddir”
  • Molla Tohid İbrahimov İranın təlim keçdiyi azərbaycanlılardan ibarət dəstədən 2018-ci ildə qovulmasına rəğmən özünü "Hüseyniyyun" təşkilatının yaradıcısı və başçısı kimi təqdim edib.

     

  • Tohid İbrahimovun kiçik qaynı Əlimürsəl Axundzadə "Kərimə dövlət" yaratmaq bəhanəsi ilə, “Telegram”da aralarında DTX casuslarının da olduğu guya "gizli qrup" yaradaraq, İran dövlətinin icazəsi olmadan azərbaycanlı gəncləri casusluğa cəlb edən və 10-a yaxın gənci bədbəxt edərək ağır ittihamlarla zindanlara salınmasına bais olan Ruhullah Axundzadənin kiçik oğludur.
  • Tohid İbrahimovun yeznəsi- əsl adı Elşad Hacıyev olan “Əkrəm Hacızadə”dir.

     

Əkrəm Hacızadə hazırda Azərbaycana qarşı ən çox təbliğat aparan “Ar-Rad” teleqram kanalının idarərçisidir. Bu kanal vaxtilə mövcud olmuş “İslam dünyası xəbərləri” və “Cihad” “Telegram” kanallarının birləşməsindən yaranıb.

  • Başqa bir statusda qeyd edilir ki, Qumda yaşayan İskəndər Hüseynovun pulu ilə özünə toy edən nankor “kəriməçi” Əkrəm Hacızadə sonradan İ.Hüseynova da xəyanət edib.
  • Bütün fəaliyyəti Azərbaycandakı şiə qrupları bir-birinə vurmaqdan ibarət olan Mirağa Dadaşı kəriməçilərə Əkrəm Hacızadə “sırıyıb”. 

Mirağa Dadaş kimdir?

14 mart 2025-ci ildə “Facebook”da paylaşılan bir statusda Mirağa Dadaş haqda sensassiyalı faktlar açıqlaıb: “Belorusda işləyən və ordan yenicə qayıtmış qonşusundan haqq istədiyi və qonşusunun isə haqq verməkdən boyun qaçırdığı üçün qonşusunu ov tüfəngi ilə güllələyərək 4-cü dəfə həbsə girən cinayətkarın oğlu Mirağa Dadaşın göstərişləri ilə yazan "Molla Qapazı" səhifəsinin admini, bizdən - kəriməçilərdən birinin vaxtilə Qumda isməti və iffətini korladığı qız barədə dəlil tələb edir”.

Mirağa Dadaşın atası haqda “Ay günahı sübuta yetirilməyən şəxsi öldürüb, sonra cəsədini 7 yerə parçalayaraq bədən üzvlərini məftillə bağlayıb kəndlərin küçələrində xalqın hamilə qadınları və uşaqlarına göstərən vəhşi-manyakın oğlu” deyən “Həmid Türki” davamında Mirağa Dadaş haqda “düz 1 ildir arxada gizlənib başqalarını önə verərək bizim səhifənin güya - Ziya Bünyadovu qətlə yetirən hansısa azərbaycanlı tərəfindən idarə olunduğunu iddia edən və İran İR-nı Ziya Bünyadovun qatillərini gizlətməkdə ittiham edirən” deyə adlandırır.

Mirağa Dadaş Ağayev və Rəşid Hacızadə irançılara ilk dəfə "təqdim edilmələri” haqda 6.12.2022 tarixində “Əli Xomenei” profili tərəfindən paylaşım olunub. 

Burada adı qeyd olunan Rəşid Hacızadə eyni zamanda “Yağlı xəbər” “Facebook”, “Youtube” və “Telegram” kanallarının adminidir.

Ayətullah Xoyinin fotosunu profil fotosu edən “Seyavush Yusifli” adlı şəxs də Məşədi Dadaş haqda çox sərt fikirlər səsləndirib.

“Sanki Xomeyni "məktəbi" Peyğəmbərimizə (ə) böhtan atmağı vacibatdan sayır. Vilayəti-Fəqih mədrəsəsinin yetirməsi Mirağa Dadaş da MÜNAFİQ Orxan Məmmədovun yolunu gedərək Peyğəmbər əleyhissalama böhtan atır”.

Bir məqamı da qeyd edək. 2025-ci ilin fevral ayında "SalamNews” və “İnteraz” medialarının rəhbəri Mətləb Bağırov 12 il müddətinə azadlıqdan məhrum edilib. Mətləb Bağırovun həbsindən dərhal sonra Mirağa Dadaş iddia edib ki, kim İskəndər Hüseynovla yaxın olur və sonradan arası dəyirsə, İskəndər onu tutdurur və Hacı Mətləbi də İskəndər Hüseynov tutdurub.

Mənbələrdə qeyd olunur ki, vaxtilə Tohid İbrahimov İskəndər Quliyevə "əmi, mənim böyüyüm, mənəvi atam" deyib, onun pulu ilə özünı toy edib, toydan sonra yenə İskəndər Hüseynovun sponsorluğu ilə “bal ayı”na gedib, sonradan ondan üz döndərib. Belə məlum olur ki, Əkrəm Hacızadə də “İskəndərin vasitəsilə Tohidin bacısı ilə evlənən və toyunu da İskəndərin pulu ilə edən, Suriyaya gedən qrupdan qovularkən İskəndərin xahişi ilə yenidən o qrupa daxil ediləndən sonra İskəndərə “xəyanət edib”.

Belə məlum olur ki, “Həmid Türki” və dəstəsi İskəndər Hüseynovu,  əks tərəf isə  Mətləb Bağırovu dəstəkləyirlər, daha doğrusu onların maliyyəsindən yetərincə yararlanırlar.

Məlumat üçün bildirək ki, “Həmid Türki” adlanan şəxsin öz profilində son paylaşımı 28 fevral 2026-cı ilə - ABŞ-İsrail koalisiyasının İrana qarşı hava əməliyyatlarının başlandığı günə təsadüf edir.  Onu a qeyd edək ki, “Həmid Türki” eyni zamanda “Baba Pünhan” səhifəsinin də sahibidir və bu profillə fəaliyyətini davam etdirməkdədir.

Haqqında söhbət açacağımız bir “kəriməçi” profil “Biz onu ifşa edəndə birdən Baba Pünhan adı ilə bu gün özünü İran ittilaatının (ETTELAT- İranın Kəşfiyyat Nazirliyi, qəsdən belə səhv yazır ki, axtarışda aşkar ediləs bilməsin) işçisi adlandıran digər fırıldaqçı ortaya çıxdı. Başladı onu müdafiə etməyə. İndi də bizə kişi profilləri ilə siğə edənlər yazır. Bu cür kadrların, bu mossad agentlərinin materiallarının ortaya çıxması, onların siğə qruplarının ifşası həmin adamların eyni anda 20 profilə siğə təklifləri ilə başlamışdı. Görəsən “Baba Pünhan” adlı şəxs həmin prosesi hardan bilir? Çünki bizlər ələ gətirdiyimiz məlumatları hansı yolla əldə etdiyimizi yazmırıq”- yazaraq özünü, hara işlədiyini ifşa edib.

“Hicab şousu”nun təfərrüatları

Prosesi izləyənlər şahidi oldular ki, sosial şəbəkələrdə (Instagram və TikTok) ağır yüklənmələrin nəticəsində yaranan müvəqqəti məhdudlaşmaların fonunda videolar anındaca sosial mediaya sızırdı. Aydın məsələdir ki, bu fəaliyyət üçün öncədən texniki hazırlıq görülmüşdü. Bəlli olur ki, təşkilatçılar və ya məlumatı ötürənlər:

  • Xüsusi VPN/Proxy şəbəkələri,
  • Xaricdə yerləşən, fasiləsiz internetə çıxışı olan retranslyasiya mərkəzləri,
  • Teleqram kimi qapalı kanallar vasitəsilə operativ ötürmə zənciri qurublar.

Hadisə yerindəki şəxslər yalnız çəkiliş aparmaqla kifayətlənməyiblər. Əgər sosial medialarda yüklənmələrlə əlaqədar olaraq girişdə məhdudiyyət yaranırdığı bir vaxtda materiallar dərhal trendə düşürdüsə, deməli, kənarda (xüsusən ölkə xaricində) bu materialları qəbul edib anında montaj edən, başlıqlar yazan və bot/troll şəbəkələri vasitəsilə tirajlayan müstəqil bir komanda fəaliyyət göstərib. Bu cür operativ yayım yalnız təşkilatlanmış mərkəzlərin işi ola bilərdi.

Məhz bu həssas anda öncədən hazırlanmış birtərəfli və manipulyativ kadrları dövriyyəyə buraxmaqla, auditoriyanın rəsmi mənbələrdən dəqiq informasiya almasının qarşısını almağa çalışıblar.

Jurnalist Naila Balayeva öz profilində Bakı məktəblərinin birinin qarşısında şahidi olduğu və üzləşdiyi xoşagəlməz hadisə haqqında yazıb. Məlumata görə, jurnalist dərsə baş örtüyü ilə gəldikləri üçün məktəbə buraxılmayan şagirdlərin və onların valideynlərinin problemlərini işıqlandırmaq, onların şikayətlərini dinləyib müsahibə almaq istəyib. Lakin müsahibə prosesi yekunlaşmamış, kənardan kimlərsə həmin görüntüləri gizlicə lentə alaraq İrana bağlı “Teleqram” kanallarına ötürüblər.

Görüntülərin İrana ötürülməsinə sərt reaksiya verən N.Balayeva bu əməli rəzalət və təxribat adlandırıb: "Əcəba nədir sizin davanız? Dediyiniz kimi uşaqlarınızı oxutmaq, yoxsa bağlı olduğunuz İranın qarşısında sadiqliyinizi və işlədiyinizi sübut etmək? Bunun rəzalətdən başqa adı varmı?”

İrana meyilli şəxslərin yerli aksiyalarda və ya məktəb qarşısındakı insidentlər zamanı çəkiliş apararaq materialları İranla bağlı şəbəkələrə və “Teleqram” kanallarına ötürməsi açıq-aşkar informasiya (və ya hibrid) müharibəsinin xarakterik metodudur.

İnformasiya müharibəsində tezislər sadəcə sözlə yox, görüntülərlə dəstəklənəndə daha inandırıcı olur. Yerli müxbirlərin, valideynlərin və ya şagirdlərin söhbətlərini kənardan çəkib xarici kanallara ötürmək xaricdəki təbliğat maşınını "hazır foto və video kadrlar" ilə təmin etməkdir. Sonra aksiya və ya narazılıq yerlərində baş verənlər kəsilib montaj olunaraq kontekstdən çıxarılır. Əsas məqsəd daxildə dini hissləri həssas olan cəmiyyət kəsimini qıcıqlandırmaq, dövlət strukturlarına (xüsusən təhsil müəssisələrinə və polisə) qarşı etimadsızlıq və aqressiya yaratmaqdır.

Xarici şəbəkələr bu kadrları yaymaqla öz auditoriyasına və beynəlxalq aləmə Azərbaycanda guya böyük bir sosial-dini gərginliyin, sistemli təzyiqlərin olduğunu göstərməyə çalışırlar. Bu, düşmən və ya rəqib tərəf üçün xarici siyasətdə təzyiq rıçaqı formalaşdırmaq cəhdidir.

Jurnalist Naila Balayevanın da vurğuladığı "İranın qarşısında sadiqliyinizi və işlədiyinizi sübut etmək" məqamı məhz bu metodun əsas göstəricisidir. Bu cür hərəkətlər bəzən sadəcə maliyyələşdirən və ya idarə edən mərkəzlərə "işin görüldüyü" barədə vizual hesabat verilməsi məqsədini daşıyır. İndiki halda isə tamamilə başqa məqsədə qulluq etdiyi açıq görünür.

Məktəb qarşısında baş verən hadisəni işıqlandıran jurnalistin və adi vətəndaşların görüntülərini gizlicə lentə alıb kənar dövlətin təbliğat resurslarına ötürməkdir.

Bütün bu faktlar zəncirvari şəkildə birləşdirildikdə (jurnalistin çəkilişinə mane olub görüntüləri İrana ötürmək + ölkədə sosial şəbəkələr məhdudlaşdırıldığı halda anında operativ yayımı təmin etmək) bunun təsadüfi yox, öncədən ssenariləşdirilmiş, texniki və ideoloji baxımdan hazırlanmış sırf psixoloji əməliyyat (PSYOPS) və ya hibrid informasiya təxribatı olduğunu birmənalı şəkildə təsdiqləyir.

Fəal provakatorlar

Son günlər baş verən kütləvi informasiya hücumunda aktivlik edənlərdən danışarıqsa heç şübhəsiz birinci olaraq Arzu Abdulla Gülzamanın adını çəkməliyik. Onun paylaşımları gün ərzində operativ və qızıdırıcı olub.

Arzu Abdulla Gülzamanın bu paylaşımı görənlər düşünmədən bu qadının Sepah-ın nəzarətində olan şəbəkəyə bağlılığını düşünər. Lakin bu belə deyil. Fikirlərimizi izah etmək üçün yenə əvvəl qeyd etdiyimiz mənbələrə istinad edirik. 25 Fevral 2024-cü il tarixli paylaşımlardan birində Arzu Abdulla “fədakar”, “dindarlar üçün var-yoxunu xərcləyib imkansız qalan həqiqi mübariz” kimi göstərilir, Mirağa Dadaşı (və tərəfdarlarını) isə Qumda dini vəsaitlərlə rahat həyat sürən, imkansızlıqdan fotoaparatını satan jurnalistə vicdansızcasına böhtan atan müftəxor və fitnəkar adlandırılır.

Vurğulanır ki, Gülzaman həbsdə olan dindarların məhkəmələrinə və ailələri ilə görüşlərə bütün vəsaitini xərclədiyinə görə ağır maddi duruma düşüb. Hətta bu imkansızlıq səbəbindən peşəkar iş alətini — fotoaparatını satışa çıxarmağa məcbur qalıb. Onun “DTX agenti” olması barədə yayılan iddiaların tamamilə yalan, iftira və böhtan olduğu bildirilir.

Daha sonra müəllif Mirağa Dadaşı Qum şəhərində oturaraq “Beytül-mal” (dini büdcə/vəsait) hesabına yaşayan, “günü-gündən şişən, piylənən, müftəxor, savadsız və imansız bir şarlatan” adlandırır.

Mirağa Dadaşın və onun nəzarətindəki “Telegram” kanallarının öz şəxsi maraqları üçün həqiqi dindarlar arasında birliyi pozduğu, insanlara fərq qoymadan “DTX casusu” damğası vurduğu qeyd olunur.

Bu hissəni oxuyanlarda elə təəssürat yaranmasın ki, Arzu Abdulla Gülzaman doğrudan da "imam övladıdır" və ətəyində namaz qılmaq olar. Qətiyyən belə deyil. Yuxarda təqdim etdiyimiz sətirləri yazan, Gülzamanı müdafiə edən ETTELAAT-ın nəzarətində olan şəbəkənin üzvüdür və Gülzaman da bu xəttin sadiq nökəridir. 

Aktiv təxribatçılar arasında Hacı Ələmdar Qiyasov, Elman Ağazadəni də adını qeyd edə bilərik.

Hadisələrdə aktivliyi ilə seçilən profillərdən biri də Kərbəlayi Azad Həşimovun saxta profili olan “Fərqli Baxış”-dır.

Onun 25 sentyabr 2026-cı ildə paylaşdığı bir status prosesin daha əvvəldən hazırlandığına və təxribatın geniş miqyaslı olduğuna dəlalət edir.

Bu fakt İrana bağlı informasiya şəbəkələrinin Azərbaycana qarşı apardığı psixoloji və ideoloji hücumların iç üzünü, eləcə də onların istifadə etdiyi əsas dəst-xətti (doktrinanı) tam çılpaqlığı ilə ortaya qoyur. Kərbəlayi Azad Həşimovun idarə etdiyi "Fərqli Baxış" saxta (fake) profilinin fəaliyyəti İrandan idarə olunan informasiya təxribatlarının anatomiyasını bir neçə əsas istiqamətdə ifşa edir.

Paylaşımdakı "Allah ordusu", "Şeytan ordusu", "Süstlük şeytana məxsusdur", "Allah üçün atılan addım" kimi ifadələr xaricdən idarə olunan şəbəkələrin klassik ritorikasıdır. Əsas məqsəd:

  • Milli-dövlətçilik şüurunu sıradan çıxarmaq,
  • Cəmiyyəti "bizimkilər" və "düşmənlər" kimi radikal qütblərə bölmək,
  • Gəncləri və dini həssaslığı olan şəxsləri "dini borc" adı altında dövlət əleyhinə yönəltməkdir.

Profilin açıq şəkildə bildirdiyi "Etirazlarımız sosial şəbəkələri zəbt etməlidir" çağırışı göstərir ki, xarici mərkəzlər Azərbaycanın rəqəmsal məkanını müharibə meydanı kimi görürlər. Bu, informasiya müharibəsində "Spamming" və "Infiltration" (sızma) taktikasıdır — yəni botlar, saxta profillər və koordinasiya olunmuş trol şəbəkələri vasitəsilə eyni şüarları ("Hicaba azadlıq!", "Hacı Abgülə azadlıq!") kütləvi şəkildə tirajlamaq, suni olaraq gündəm yaratmaq və insanlarda "hamı etiraz edir" illuziyası formalaşdırmaqdır.

Əsl kimliyini gizlədərək "Fərqli Baxış" kimi neytral və ya cəlbedici adlar altında çıxış etmək İrandan yönləndirilən kəşfiyyat-informasiya şəbəkələrinin standart iş üsuludur. Bu, da psixoloji əməliyyatların (PSYOPS) tərkib hissəsidir:

  • Hadisələri vətəndaş narazılığı kimi qələmə vermək,
  • Əsl təşkilatçıların və idarəetmə mərkəzinin (xaricdəki dini-siyasi dairələrin) izini itirmək.

Mətndəki "Biz öz məqsədimizə çatana qədər sosial şəbəkələrdə susmamalıyıq" cümləsi prosesin uzunmüddətli və sistemli destabilizasiya məqsədi daşıdığını göstərir. Bu, yalnız konkret bir məsələyə (məsələn, məktəb hadisəsinə) reaksiya deyil, dövlətin Konstitusiya quruluşuna və qanunlarına qarşı fasiləsiz psixoloji təzyiq kampaniyasıdır.

"Fərqli Baxış" kimi profillər İrandan idarə olunan informasiya hücumlarının “əməliyyat təlimatçısı” (agitative hub) rolunu oynayır. Bu profillər vasitəsilə kənardan verilən əmrlər maskalanaraq yerli auditoriyaya ötürülür, sosial şəbəkələrdə suni çaşqınlıq yaradılır və dövlətə karşı ideoloji cəbhə açılmağa çalışılır.

Həmin paylaşımı bəyənənlərdən iki nəfər diqqəti cəlb edir:

Bu şəxslərdən biri “Sərxan Məmmədov”, digəri “Əmmar Yasir”dir.

“Əmmar Yasir” hesabı  Mirağa Dadaşın saxta profillərindən biridir.

Bu saxta profil son günlərdə qızışdırıcı mövzqe tutan, provakativ paylaşımlar edən ən aktiv profillərdən biri olub.

Son günlər paylaşımları ilə təfriqə salmağa çalışan, əvvəldən də Azərbaycana qarşı çıxan şəxslərdən biri Orxan Məmmədovun qardaşı Cəmşid Məmmədovdur.

Cəmşid Məmmədov şəbəkədə aktiv iştirakını paylaşılan “Mövcud hakimiyyətin düşüncə həddi budur, bundan o yana keçmir!” tezisindən də görmək mümkündür:

Tohidin İbrahimovun anası Südabə İbrahimli qızışdırıcı və radikal mövqeyinə görə ilk sıralarda gedir.

Bu profil eyni anda bir neçə status (hər statusda 5-6 video) paylaşması ilə diqqət çəkir. 

Qızışdırıclardan daha biri İmamhesen Hüseyn İravani adı ilə statuslar yazan İran mollasıdır.  

Əmmaməsi, əbasından İran mollası təsiri bağışlayan Kazım Fətullayev də "əqidədaşlar"ından geri qalmır.

Radikal paylaşımları ilə diqqət çəkən Nurlan Rəhimli Təbrizdə (İran) yaşayır.

Son hadisələrdə aktivliyi ilə seçilənlərdən daha biri ictimaiyyətə Gədəbəyin Söyüdlü kəndində baş verən təxribatdan tanışdır: Afiq Əli

Bir məqamı qeyd edək ki, son günlərə qədər İrana məddahlığı ilə seçilən, radikallığı ilə tanınan “Afiq Əli” profili əvvəllər mövcud olub. 

Bəlli olmayan səbəblərdən Afiq Əli köhnə profilini bağlamış, 12 oktyabr 2026-cı il tarixindən özünə “Afig Ali” yeni profil açmışdır. O da “əqidədaşları”ndan aldığı məlumatları təkrar paylaşırdı

Hazırda bu səhifə də bizə məlum olmayan səbəblərdən bağlanıb.

"Yatmış profil"lərin (Sleep-cell Profile) işə salınması taktikası

“Hicab təxribatı”nda diqqətimizi vaxtilə yaradılmış, müəyyən müddətə dondurulmuş, yalnız bu günlərdə aktivləşdirilən profillər çəkdi. Bu fikrimizi izah etmək üçün Gürcüstanda yaşayan “Nasimi Mansurov” adlı bir profil üzərində necə iş getdiyini texniki izahını verək. Bu şəxsin Marneulidə yaşadığını təsadüfən qeyd etmədik, yazının davamında bu məqama xüsusi toxunacağıq. 

"Nəsimi Mansurov" adlı profilin fəaliyyətinin kortəbii olmadığını, aksiyalar fonunda təşkilatlanmış rəqəmsal manipulyasiya və koordinasiya olunmuş informasiya hücumu (CIB - Coordinated Inauthentic Behavior) şəbəkəsinə cəlb edildiyini açıq şəkildə sübut edir.

İnformasiya müharibəsində xarici mərkəzlər tərəfindən idarə olunan və ya yönləndirilən profillər adi vaxtlarda aktiv olmurlar. Onlar aylarla passiv qalır və ya yalnız 1-2 bəyənmə alan təbiət, bayram statusları paylaşırlar.

Lakin xüsusi həssas "hədəf anı" çatdıqda bu profillər əmr və ya təlimatla operativ rejimə keçirilir. Qeyd etdiyimiz profildə 10–12 oktyabr tarixlərində paylaşım tezliyinin kəskin artması bu mexanizmin işə düşdüyünü göstərir. (ekran görüntülərinin yanında bəyənmə sayına da diqqət yetirin)

İndi isə daha ciddi məqam: araşdırma zamanı adətən hər paylaşımına 1-7 reaksiya alan profilin birdən-birə 3.800–4.100 bəyənmə, 1.000 rəy və 300–1.600 paylaşım yığmasını müşahidə etdik. Bu hal təbii ki orqanik artım ola bilməz.

  • Bu göstəricilər profilə xaricdən, xüsusən İrana bağlı troll/bot fermaları vasitəsilə süni kütləvi reaksiya və tirajlama dəstəyinin verildiyini təsdiqləyir.
  • Məqsəd həmin paylaşımı sosial şəbəkə alqoritmlərində "trend"ə salmaq və daha çox yerli istifadəçinin qarşısına çıxarmaqdır.

Onu da nəzərə alaq ki, paylaşılan kontentlər təsadüfi deyil, xüsusi psixoloji təsir üçün seçilib. Əvvəla, bu paylaşımlarda açıq görünür ki, yəhudi məktəbi kadrları vasitəsilə "müsəlman ölkəsi işğaldadır" deyərək cəmiyyətdə antisemitizm və dini ayrı-seçkilik kütləsini qızışdırmaq, nifrət və dini bölücülük salınmasına cəhd edilir. İkincisi, məktəb həyətinə baxan hicablı qız və ya Qarabağ qazisinin videosu üzərindən emosional təzyiq yaratmaqla hisslərlə manipulyasiya olunur.

Paylaşımlarda xüsusi olaraq "On4 Azərbaycan" və digər İran-meyilli kanallarla birgə etiketləmə şəbəkəvi ötürmə zəncirinin varlığına işarədir.

"Nəsimi Mansurov" profilindəki bu kəskin dəyişiklik — ölkədə daxili gərginlik görüntüsü yaratmaq üçün əvvəlcədən hazırlanmış, xarici bot-şəbəkələri ilə maliyyələşdirilən/dəstəklənən klassik hibrid informasiya təxribatının canlı nümunəsidir.

Marneulini, ümumilikdə Gürcüstanı həm də ona görə qeyd edirik, qonşu ölkədə İran “yumşaq gücü”nün təsiri çox geniş şaxələnib. Bildiyimiz kimi, Gürcüstanda İranın “yumşaq güc” silahlarından biri hesab olunan “Əl-Mustafa Universiteti”nin filialı fəaliyyə göstərir və bu bölgədə yaşayan imkansız ailələrin uşaqları təhsillərini müəyyən maddi dəstək müqabilində bu filialda davam etdirirlər. Orada yaşayan bəzi soydaşlarımızın son hadisələrlə bağlı yazdıqları bunu sübut edir. Misal üçün,

“Gürcüstan İslam Araşdırmalar Mərkəzi”nin sədri Fariz Rəcəbov

"Əl-Mustafa" universitetinin digər bir məzunu, Gürcüstan “Əhli-beyt Hikməti Cəmiyyəti”-nin sədri Namiq Hüseynov

“Gürcüstan Müsəlmanları İdarəsi”nin eks sədri Ramin İgidov

Yusif Əliyev “Əl-Mustafa” Universitetində müəllim işləyir. “İmam Xomeyni Beynəlxalq Universiteti”ndə də təhsil alıb. Qardabanidə yaşayır.

Mahir Məmmədov Marneulidə anadan olub, “Əl-Mustafa” Universitetinin məzunudur

Kənan Qafarov Kvemo-Kartlidə yaşayır, “Əl-Mustafa” Universitetinin məzunudur.

Anar Cəfəri “Əhli-beyt" məddahı”, müğənnidir. “Əl-Mustafa” universitetini bitirib.

Gürcüstanda fəaliyyət göstərən, İranın “yumşaq güc” silahlarından biri hesab edilən “Əl-Mustafa” Universitetinin fəaliyyəti haqda hazırladığımız araşdırma yazısında Gürcüstanda İrana bağlılığı ilə seçilən şəxslər, fəaliyyət göstərən təşkilatlar və şirkətlər haqqında məlumat vermişik. 

Kimliyini aşkar etiklərimiz

“Misbahul beyan” səhifəsinin paylaşımları diqqətimizi cəlb etmişdi:

Bu səhifənin məlumat hissəsində olan qeydlər əsasında səhifə adminin kimliyini müəyyən etdik. Məlum oldu ki, İraqın Nəcəf şəhərində yaşadığı bildirilən Kərbalayi Qadir adlı şəxsdir.

Onun da paylaşımları əqidədaşlarından heç nəyi ilə fərqlənmir:

Əksər statuslara söyüşlə, təhqirlə şərh yazan "Zuhurun Pariltisi" saxta profili

Bu saxta profili Rusiyada yaşayan Həsən Zeynalov işlədir.

Bu şəxs eyni zamanda “Haqq və Batil” facebook, “Instagram” səhifələrinin də admindiir.

“Son görüş” saxta profilinin müəllifinin H.Zeynalov olduğu ehtimal edilir. Araşdırma zamanı onun “Vətən xaini” adlı digər saxta profilinin olması da aşkarlanıb. Bu faktı onun özü səhvən etiraf edib. 

Fəallıq göstərən saxta profillər:

Rauf Huseyn

Sərdar Mehdizadə

“İki Ağır Əmanət”

Alik Məmmədov

“Zaman axını”

“Haqqyolcusu Siratel Musteqim”

“Hüseyni Gölge”

Yəhudi Jansteel Yev Senene

Nur Esed

Muhammedteqi Muhammedi

Zuhura Xidmət

Xarici ölkələrdə yaşayıb Azərbaycandakı proseslərə müdaxilə edənlər:

“Əmmər Yasir” saxta profilinə şərh yazan “Murad Musayey” Rusiyada

“Sərdar Mehdizadə” İstanbulda 

“Hüseyn Gölge” İzmirdə 

Nurlan Rəhimli Təbrizdə 

Mimisabo Ardebili İranda yaşayırlar. 

Yekun:

Aparılan təhlillər və faktlar zənciri bir daha sübut edir ki, Azərbaycanda zaman-zaman süni şəkildə alovlandırılan dini-siyasi həssas mövzular heç də yerli və təbii narazılıqlardan qaynaqlanmır. Bu proseslər xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən planlı şəkildə idarə olunan, ölkə daxilində və xaricdə (Rusiya, Gürcüstan, Türkiyə üzərindən) koordinasiya edilən mütəşəkkil hibrid informasiya təxribatıdır.

Şəbəkənin daxilindəki “Hüseyniyyun” kimi radikal terror qruplaşmalarının, Əli Əkbər Raifipur kimi rejim ideoloqlarının, eləcə də Salar Seyfəddini, Ehsan Movəhhediyan, Rza Abbasi və Mirağa Dadaş kimi fəaliyyət göstərən fiqurların əsas məqsədi dini hiss və dəyərlərdən sui-istifadə edərək Azərbaycanın suverenliyinə, milli birliyinə və dövlətçiliyinə zərbə vurmaqdır. Lakin bu təxribatçı strukturun daxilində mövcud olan dərin maliyyə çəkişmələri, "Beytül-mal" üstündəki dava-dalaşlar və qruplararası qarşılıqlı ifşalar onların ideoloji pərdə arxasında hansı şəxsi və qaranlıq maraqlara xidmət etdiyini tam çılpaqlığı ilə üzə çıxarır.

Proseslərin ən gərgin vaxtında xaricə ötürülən gizli görüntülər, saxta (fake) qadın profilləri vasitəsilə aparılan manipulyasiyalar və kütləvi trol hücumları bir daha göstərir ki, qarşımızda sadə dindarların haqlı tələbi deyil, dövlətimizə qarşı yönəlmiş mütəşəkkil kiber-diversiya planı dayanırdı. Azərbaycan cəmiyyəti və hüquq-mühafizə sistemləri bu cür xarici sifarişli fitnə-fəsadları, saxta kampaniyaları və onların yerli uzantılarını tanıyır, hər bir təxribatın qarşısı daxili müqavimətlə alınır. Dövlətin qanunları və hüquqi mexanizmləri çərçivəsində aparılan mübarizə xarici qüvvələrin və onların daxildəki maşalarının bütün planlarını iflasa uğratmağa qadirdir.

 

 

 

Oxşar məqalələr: