Son günlər Türkiyənin sosial media məkanında Azərbaycanın daxili siyasətini, dövlət-din münasibətlərini və dünyəvi (sekulyar) dövlət quruluşunu hədəf alan dezinformasiya kampaniyaları sistemli və aqressiv xarakter almaqdadır. İlk baxışda dindar kütlənin neqativ reaksiyası kimi görünən və 'hicab' mövzusunu bəhanə edən bu emosional dalğalanma əslində heç də pərakəndə ictimai etiraz deyil.
Dərin rəqəmsal və faktlara əsaslanan təhqiqat bu mənzərənin arxasında tamamilə fərqli bir reallığın dayandığını ortaya qoyur: biz dini hisslərin istismarı üzərində qurulmuş, xüsusi mərkəzlərdən idarə olunan, bot/trol fermaları ilə texniki olaraq dəstəklənən və müxtəlif radikal qrupların vahid cəbhədə birləşdiyi mütəşəkkil informasiya sabotajı ilə üz-üzəyik.
Təqdim olunan araşdırmada müxtəlif ideoloji çətirlər altında gizlənən, lakin ölkəmizə qarşı eyni koordinasiya üzrə fəaliyyət göstərən təriqət, dərnək, marjinal media resursları və rəqəmsal təxribat şəbəkələrinin dəqiq xəritəsi, daxili anatomiyası və işləmə mexanizmləri faktlarla təqdim olunur.
Rəqəmlərin ifşa etdiyi "ikili standart" və statistikalar
Aparılan iddiaların sadəcə fərziyyə deyil, dəqiq hesablanmış rəqəmsal əməliyyat olduğunu sübut etmək üçün sosial medianın idarəolunma mexanizminə və konkret rəqəmlərə nəzər salmaq kifayətdir. Xüsusilə bu dezinformasiya dalğasında daha çox diqqəti cəlb edən və dini-mühafizəkar xətt üzrə fəaliyyət göstərən “OdakTV1” ("X" şəbəkəsindəki təbliğat hesabı) üzərindən apardığımız statistik müqayisə həyata keçirilən təxribatın miqyasını bütün çılpaqlığı ilə ortaya qoyur.
“OdakTV1” platformasının sosial şəbəkə fəaliyyətini izləyərkən bir sıra diqqətçəkən məqamlar aşkar etdik. Belə ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın Bakıdakı tədbirdə İsrail prezidentinin çıxışı zamanı zalı tərk etməsi kimi mühüm diplomatik addımlara, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarına belə nisbətən aşağı reaksiya verildiyi halda, mövzu Azərbaycan və “baş örtüyü” iddiaları olduqda auditoriya aktivliyi və baxış sayı kəskin şəkildə artır. Hesab tərəfindən paylaşılan gündəlik daxili və ya mövsümi xəbərlərin statistikası təbii auditoriya aktivliyinin son dərəcə aşağı olduğunu göstərir. Belə ki, bu profildə yer alan oxşar məzmunlu gündəlik paylaşımlar adətən cəmi 1.800 – 3.900 baxış və 2–30 arası bəyənmə toplayır:
- İnsan itkisi və təbii fəlakət xəbərləri: İstanbulda sel nəticəsində 3 nəfərin həlak olması kimi faciəvi xəbər cəmi 5 bəyənmə, suların çəkilməsindən sonra yaranan dəhşətli manzarənin görüntüləri isə geniş baxış sayına baxmayaraq tək rəqəmli reaksiya (7 bəyənmə) alıb.
- Daxili siyasi gündəm: Türkiyənin aparıcı siyasi simalarından olan Ekrem İmamoğlunun sel fəlakəti ilə bağlı bəyanatına cəmi 1 bəyənmə
- Yerli dini və ya sosial xəbərlər: Sakaryada məsciddə köməksiz qalan dindarların xilas edilməsi xəbəri cəmi 33 bəyənmə və 1 şərh toplayıb.
- Emosional və ideoloji kontentlər: Qucağında övladı ilə "Qurani-Kərim" oxuyan atanın əks olunduğu emosional post cəmi 3 şərh, Yaxın Şərq gündəminə aid Yəhya Sinvarın oğlu ilə bağlı ideoloji paylaşım isə 7.300 baxış toplamasına baxmayaraq cəmi 7 şərh alıb.
Bu rəqəmlər bir daha sübut edir ki, hesabın daxili siyasi, emosional və ya sosial mövzularda təbii istifadəçi reaksiyası formalaşdırmaq potensialı son dərəcə zəifdir.

Burada diqqətçəkən əsas məqam məqsədli seçicilik və ikiüzlü yanaşmadır. Məsələn, Səudiyyə Ərəbistanının Ciddə şəhərində on minlərlə insanın qatıldığı elektron musiqi festivallarına (aparıcı sərbəst geyimli qızdır) və ya İstanbulda baş verən sel fəlakətinə tamamilə səssiz qalan bu media platformaları, Azərbaycandakı məktəblilərlə bağlı ən kiçik bir məsələni dərhal böyüdərək böyük rezonanslı sensasiyaya çevirirlər.

Azərbaycanda iddia edilən "hicab qadağası" və ya məktəbli forması qaydaları ilə bağlı paylaşılan manipulyativ videolar bir neçə dəqiqə ərzində 125 min baxış, 7.7 min bəyənmə və 1.4 min repost toplayır.

Hətta “hicab” məsələsinə görə, azacıq da olsa neytral mövqe tutulan paylaşımlar da maraq kəsb etmir:

Baxış sayının 3 min səviyyəsindən bir anda 125 minə yüksəlməsi sosial mediada təbii (üzvi) izləyici artımı ilə mümkün deyil. Baxış və reaksiya sayındakı bu kəskin disproporsiya təbii auditoriya davranışı ilə izah oluna bilməz. Şablon şərhlər və qeyd edilən kəskin paylaşım fərqi sübut edir ki, şəbəkənin arxasında real insan kütləsi deyil, əvvəlcədən proqramlaşdırılmış saxta (sockpuppet) hesablar dayanır. Azərbaycanla bağlı postlar paylaşılan an “Telegram” və “WhatsApp” koordinasiya qrupları, "MİSMED" tipli (konkret bu təşkilatı demirik, sadəcə müqayisə üçün adını çəkirik) rəqəmsal qərargahlar və avtomatlaşdırılmış bot fermaları işə salınır. Bu şəbəkələrin əsas vəzifəsi gündəm yaratmaqdan çox, alqoritmləri manipulyasiya edərək mövzunu süni şəkildə gündəmə (Trend Topic) çıxarmaq və "Azərbaycanda dinə qarşı fəaliyyət var" illüziyası yaratmaqdır.
Prosesin psixoloji tərəfi də dəqiq hesablanıb. Sosial media alqoritmləri insanlarda qəzəb, dini təəssübkeşlik və ya narahatlıq doğuran kontentləri ön plana çıxarır. Məsələn, İstanbuldakı sel və ya adi iqtisadi xəbərlər istifadəçilər üçün sıradan informasiya olduğu halda, "Dindar bacılarımıza zülm olunur" kimi sentimentallığa və dini duyğulara toxunan ideoloji manipulyasiyalar kütlədə emosional partlayış yaradır. Nəticədə istifadəçilər şüursuz şəkildə şərh yazaraq bu süni reaksiyanın böyüməsinə xidmət edirlər.
Bu hesabların arxasındakı qüvvələrin (İran, hətta Rusiya, habelə Türkiyə daxilindəki radikal dini strukturların) ikili standartı onların coğrafi və siyasi prioritetlərini açıq göstərir. Səudiyyə Ərəbistanındakı modernləşmə tədbirlərinə (məsələn, Ciddədəki elektron musiqi festivallarına) göz yuman bu şəbəkələr, Azərbaycanla bağlı ən kiçik bir detalı və ya uydurmanı dərhal manşetə daşıyırlar. Çünkü Səudiyyə Ərəbistanı ilə bağlı mövzular onlara siyasi divident vəd etmir. Azərbaycan isə Türkiyə ilə strateji müttəfiqliyi, Qərblə və İsraillə münasibətləri, eləcə də regiondakı müstəqil siyasəti səbəbindən Tehran rejiminə yaxın kəşfiyyat/təbliğat şəbəkələrinin və radikal-marjinal qrupların daimi hədəfindədir.
Ümumi mənzərə ondan ibdarətdir ki, burada heç bir təbii sosial reaksiya yoxdur. Bu, Azərbaycanın dünyəvi və sabit modelini hədəf alan, ölkənin imicinə kölgə salmaq və mütəffəqlik münasibətlərini zədələmək məqsədi daşıyan xüsusi sifarişli, avtomatlaşdırılmış informasiya təxribatıdır.
Bot və troll hesabların fəaliyyətini “ODAK TV” misalında göstərək.
@OdakTV1 ("Odak TV") "X" sosial şəbəkəsində fəaliyyət göstərən, mühafizəkar/islamçı yönümlü xəbər və təbliğat hesabıdır, rəsmi televiziya kanalı deyil.

Hesabın paylaşım dili və təbliğ etdiyi mövzular Türkiyədəki mühafizəkar-islamçı dairələrin, sosial media dərnəkləri ilə təmasda olan şəbəkələrin xəttinə uyğundur.
Araşdırmalara görə, bu hesab “Anadolu Agentliyi”-nin ABŞ-də keçmiş təmsilçisi Safvan Allahverdinin (Safvan Allahverdi hazırda isə rəqəmsal platformalarda Yaxın Şərq və beynəlxalq siyasət mövzusunda kontent istehsal edən, Türkiyənin mühafizəkar və İrana yaxın ideoloji dairələrində diqqətdə saxlanılan media simalarındandır) videolarını və müsahibələrini (məsələn, İran yönümlü analitiklər ilə müsahibələri) mütəmadi olaraq tirajlaması ilə diqqət çəkir.
Bu hesab xüsusilə son dövrlərdə Azərbaycana qarşı yönəlmiş manipulyativ və saxta məlumatların (dezinformasiyaların) yayılmasında aktiv iştirak edən hesablar sırasındadır.
Son dövrlər Azərbaycanda məktəbli forması və dini atributlarla bağlı ortaya atılan iddiaları böyüdərək "Azerbaycan'daki örtü yasağı..." başlığı altında kontekstdən çıxarılmış və ya köhnə/fərqli məkanlara ait videoları tirajlamış, Azərbaycanın "Eurovision" yarışmasında İsraillə bağlı mövqeyi barədə saxta xəbərlər və şayiələr yayaraq anti-Azərbaycan təbliğatı aparmışdır.

Bu kanal, İran və ya mühafizəkar media resurslarının Azərbaycan əleyhinə formalaşdırdığı dini-siyasi ritorikanı Türkiyənin sosial media seqmentində yaymağa xidmət edir.
Bu hesab Azərbaycan dilli “Vikipediya”da redaktorlardan biri, İrana xüsusi simpatiya bəsləyən, hətta yazılarında da bunu biruzə verən, hazırda Kanadada yaşayan Səmral Quluzadənin saxta iddiasını “Şuşa şəhərində bir marketdə başörtülü bir qadına satış olmayacağı haqda” saxta xəbər düzəldib, paylaşıb.

Bu hesabın Azərbaycan əleyhinə paylaşımlarının daha çox saxta profillər tərəfindən reallaşdırldığını müşahidə etdik:


Bunlar isə seçdiyimiz təkcə bir statusu təkrar paylaşanların siyahısıdır. Ekran görüntülərini böyüdərək baxdıqda təkrar paylaşım edənlərin 88-90%-nin saxta profil olduğunu görmək mümkündür.


“ODAK TV”-nin bu paylaşımının trollar tərəfindən necə paylaşıldığına diqqət edək:

Həmin statusu təkrar paylaşanlardan birinin “Rusia, çox sağ ol” yazması diqqət cəlb edir:

Statusu təkrar paylaşanlar sırasında trolları sezmək elə də çətinlik törətmir.

Lider üzərindən dövləti hədəf almaq
Analizlər zamanı diqqəti cəlb edən digər vacib məqam Prezident İlham Əliyevin hədəf alındığı paylaşımlarda müşahidə olunan ani bəyənmə, şərh və reaksiya partlayışıdır ki, bu da prosesin təsadüfi deyil, idarə edilən olduğunu göstərir.
Bu fenomenu informasiya müharibəsi və sosial media psixologiyası kontekstində 4 vacib faktorla izah etmək olar:
Mütəşəkkil bot və trol şəbəkələrinin dövriyyəyə buraxılması (Algoritmin manipulyasiyası)
Əgər bir profil gündəlik postlarında 10-15 bəyənmə alırsa, lakin müəyyən bir mövzuda (məsələn, Azərbaycan əleyhinə) paylaşım edəndə reaksiya sayı minlərə çatırsa, bu, “kooridinasiyalı saxta davranış”ın (Coordinated Inauthentic Behavior") göstəricisidir.
Bu postlar xüsusi "trol fermaları" və ya bot şəbəkələri üçün hədəf kimi işarələnir (linklər qapalı təşkilati qruplara atılır). Məqsəd platformanın alqoritmini aldadaraq həmin postu "trend"ə çıxarmaq və daha böyük kütləyə çatdırmaqdır.
Lider üzərindən dövləti hədəf almaq
Mütəşəkkil qruplaşmalar bilir ki, sıradan bir xəbərdənsə, ölkə rəhbərinin fotosu və ya adı olan paylaşımlar daha böyük informasiya rezonansı yaradır. Bunu “İnşirah evi” qrupunun üzvü video-müraciətində özü də etiraf etmişdi. Belə ki, bir neçə gün öncə Türkiyənin tanınmış blogerlərindən olan “Selahaddineyyubi” saxta ləqəbli Mehmet Erdem paylaşımına görə Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəyib. O, İlham Əliyevin YAP qurultayında söylədiyi fikirlərindən dərhal sonra bir tənqidi video çəkdiyini, bu videoların “Instaqram” və “Tiktok”da üst-üstə 450 min baxıldığını bildirir və təqdim edilən videosunun “üzr videosu” olduğunu deyir.
O, daha sonra sosial şəbəkə fəallarına üz tutub və bununla da əsl sirri açır. O, fikrinə “Bəli, Əliyevlə bağlı çəkdiyimiz videolar yaxşı baxılır...” sözləri ilə başlayır...
Məsələ də, “sirr” də elə bundadır: türkiyəli tiktokerlər Azərbaycan və İlham Əliyevlə bağlı videoların “çox izləndiyini” bildikləri üçün hər fürsətdə Azərbaycanı müzakirəyə çıxarmağa, “polemika” açmağa, əks-reaksiyalar və şərhlərlə səhifələrini çox yüksəyə qaldırmağa can atırlar.
Ancaq onlar türk milləti arasına nə boyda nifaq saldıqlarını və içlərində gizlənən erməni-yunan uzantılarına necə fürsət verdiklərini anlamır (bəlkə də bilərəkdən edirlər) və yaxud hər şeyi səhifələrinin aktivliyinə və pul qazanmalarına qurban edirlər.
Liderə hücum etmək isə birbaşa dövlətin suverenliyinə və siyasi iradəsinə hücum etmək deməkdir. Bu səbəbdən həm hücumu təşkil edən mərkəzlər (trollar), həm də radikal baxışlı istifadəçilər bu cür postların altında toplanmağa daha çox həvəs göstərirlər.
Emosional tətikləmə və provokasiya
Dövlət başçısının fotosu ilə edilən təxribatçı və ya dezinformasiya xarakterli paylaşımlar qarşı tərəfin (Azərbaycanı və onun liderini müdafiə edən real istifadəçilərin, jurnalistlərin, siyasətçilərin, QHT təmsilçilərinin, gənclərin) də diqqətini çəkir.
Şərh bölməsində qarşılıqlı mübahisə və təhqirlər başladıqca sosial media alqoritmləri bu postu "yüksək aktivlikli məzmun" kimi qiymətləndirir və onu daha çox insanın qarşısına çıxarır. Bu da reaksiya və bəyənmə sayının süni şəkildə həndəsi silsilə ilə artmasına səbəb olur.
Xarici dəstək və "sifarişli şəbəkə" aktivasiyasi
Bu kampaniyalarda İran yönümlü, “Hizb-ut Tahrir” və ya radikal təriqət şəbəkələri iştirak edir. Lider fotosu olan postlar bu şəbəkələr üçün "siyasi mesajın ən pik nöqtəsi" sayılır.
Bəzən bu cür xüsusi postların reaksiyaları pullu reklamlar və ya kənar fondlar tərəfindən maliyyələşdirilən bot paketləri vasitəsilə artırılır ki, guya "ictimaiyyətin böyük etirazı/reaksiyası var" illüziyası yaradılsın.
Amma bəllidir ki, qeyd etdiyimiz “reaksiya sıçrayışı” real xalq (izləyici) düşüncəsinin deyil, mərkəzləşdirilmiş trol sisteminin, botların və emosional manipulyasiya alqoritmlərinin məqsədyönlü şəkildə işə salınmasının göstəricisidir.
“Azərbaycan mənim qardaşım deyil…”
Uzun müddətdir sosial medianın Türkiyə seqmentində Azərbaycana qarşı "İki qardaş dövlət – bir xəyanət" və ya "Azərbaycan mənim qardaşım deyil" kimi kəskin şüarlarla müşayiət olunan dezinformasiya və nifrət kampaniyasına da rast gəlinir.


Bu məsələnin pərdəarxasında dayanan əsas səbəbləri və fərqli ehtimalları bir neçə istiqamətdə təhlil etmək olar:
1. Bot və troll şəbəkələrinin texniki və sistem səhvləri
Eyni mətnlərin, şüarların və açar sözlərin qrafik baxımdan ardıcıl və eyni formada minlərlə hesabla kütləvi şəkildə paylaşılması bu prosesin süni şəkildə idarə olunduğunu (astroturfing) göstərir.

Əvvəlki tapşırıqların və ya “promt”ların yaddaşda saxlanması: Avtomatlaşdırılmış bot şəbəkələri (və ya troll fermaları) idarə olunarkən tez-tez əvvəlki geosiyasi böhranlardan (məsələn, İsrail-Fələstin münaqişəsi, xarici siyasət debatları və s.) qalma şablon mətnlərdən və ya avtomatik generasiya olunan promtlardan istifadə edirlər.

Süni intellekt alətlərinə "Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmaq" kimi təlimatlar verildikdə, sistem əhval-ruhiyyəni radikallaşdırmaq üçün bu cür kəskin və təxribatçı ifadələr uydura və ya köhnə bazalardan götürə bilir.
2. Geopolitik qüvvələrin və xarici dairələrin təxribatı (informasiya müharibəsi)

Türkiyə və Azərbaycan arasındakı strateji müttəfiqlik və hərbi-siyasi birlik (Şuşa Bəyannaməsi, Zəngəzur dəhlizi layihəsi və s.) regionda marağı olan bəzi xarici aktoları narahat edir.
Bakı və Ankara arasındakı "İki dövlət, bir millət" anlayışını hədəf almaq üçün cəmiyyətlər arasında emosional və dini/mədəni tellərin qopduğunu qabartmağa çalışırlar.

Regionda Türkiyə-Azərbaycan ittifaqından narahat olan xarici kəşfiyyat şəbəkələri və ya media qrupları Türkiyədəki mühafizəkar/dindar auditoriyanın həssaslıqlarından (məsələn, hicab, dini azadlıqlar və ya Yaxın Şərq siyasəti) istifadə edərək süni qarşıdurma yaratmağa çalışırlar.
Misal üçün, İrana yaxınlığı ilə bilinən və davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparan, İranın xaricdə “yumşaq güc” silahı hesab olunan “Əl-Mustafa Universiteti”nin məzunu Metin Atam adlı profil Azərbaycan haqqında paylaşım edəndə Kazım Akıcı, Bahri Yalçın, Hüseyn Carfi, Caf Saime, Ercan Atam, Yaşar Saygin kimi istifadəçilər onu dəstəkləyirlər.

Şərh yazan 2 profilin mövqeyi paylaşımlarından bəllidir:


Sözügedən şəxsin Azərbaycanla bağlı digər paylaşımına təhqir dolu rəylər yazan profillərə gəldikdə isə “Sadullah Başı” (indiyə qədər 4 paylaşımı olan saxta profil), “Muhammed Zekî Seyîd Torî” (“Əl-Mustafa” məzunu, profil fotosuna İranın Ali dini lideri Müctəba Xameneinin fotosunu vurub), “Isa Gürel”in (Qasım Süleymani, Əli ibn Talibin fotoları və İran təbliğat simvolları paylaşan profil) profillərinə nəzər saldıqda onların hansı qruplaşmanın trolu olduqlarını ayırd etmək elə də vaxt aparmır.

İranın dəstəyi ilə Türkiyədə qurulan yardım təşkilatlarından "Hel eta" xeyriyyə dərnəyinin rəhbərlərindən Gökalp Erkut da özünün sosial media hesablarından ölkəmizə qarşı qarayaxma kampaniyasının fəal iştirakçılarındandır.
Belə görünür ki, bundan əvvəl söylədiyimiz “astroturfing” (süni bəyənmə, rəy, paylaşım etmə) əməliyyatı bu pofillə də aparılır. Araşdırma zamanı müəyyən etdik ki, Gökalp Erkutun paylaşımlarına adətən 10-15 bəyənmə gəlir:

Lakin onun Azərbaycanla bağlı yazdığı bir statusa qəfil 900-dən yuxarı bəyənmə, 1000-dən yuxarı şərh və 244 paylaşım gəlib.

Bununla aydın olur ki, bot və trol fermalarının tətikləmə sistemləri Gökalp Erkutun da profilində “tətbiq olunub”.
Bundan əvvəl söylədiyimiz texniki izahın davamını burada gətirək. Bəllidir ki, sosial mediada görünən bu qeyri-adi aktivlik tamamilə texniki alqoritmlər və avtomatlaşdırılmış şəbəkələr vasitəsilə idarə olunur. Bu zaman “açar söz” alətləri işə düşür. Belə ki, bəlli profillər və onların “trendə” düşülməsi lazım bilinən paylaşımlar zamanı bot şəbəkələrinin idarəetmə panellərində "Azerbaycan", "başörtüsü", "laiklik", "məktəb" kimi açar sözlər xüsusi qırmızı xətt kimi qeyd olunur. Bu sözlər sosial mediada aşkarlanan kimi sistem avtomatik olaraq həmin postu şəbəkədəki minlərlə saxta hesaba (bot) ötürür. Beləliklə, “süni trafik partlayışı” baş verir. Belə izah edək ki, İstanbuldakı sel fəlakəti və ya iqtisadi xəbərlər bot şəbəkəsinin "proqramına" daxil olmadığı üçün orada təbii (üzvi) izləyici sayı necə varsa, elə də qalır (məsələn, 3 min baxış, bir neçə bəyənmə). Lakin Azərbaycanla bağlı post paylaşılan kimi “bot fermaları” avtomatik və ya əmrlə işə düşür, bir neçə dəqiqə ərzində minlərlə "retweet", süni bəyənmə və koordinasiyalı şərhlər yazılır.
Həmin statusda daha çox təhqirə yol verən, tərbiyəsizlik edənlərdən Erdinc Alma (profilində Seyid Əli Xomeneyinin 2 fotosundan başqa bir paylaşım yoxdur. Hətta birində “ŞEHADETİN MÜBAREK OLSUN SEYYİDİM...” yazılıb),

Hikmet Memmedov (saxta profildir, həmin statusa “YAŞASIN İRAN XALQI” yazıb),

Gülsen Oluz Seyhan (bir vaxtlar təxribatlarla məşğul olduğu üçün Azərbaycandan qovulan Ocaqnecatın videosunu paylaşaraq ona xeyirli ömür arzulayıb, “Ağa can” deyə müraciət edib)

Ahmet Saymaz (bu saxta profildə yalnız bir paylaşım var, statusda isə “bunların qardaşları Qırmızı Qəsəbədə” yazıb) və daha yüzlərlə saxta profili, trolları göstərmək mümkündür.
Profilində heç bir paylaşım olmayan “Itzz” saxta profilin (trol) yazdığı da diqqətdən qaçmır:

Araşdırma zamanı qeyd edilən paylaşımlarda rastımıza çıxan, İrana bağlı olduqları ehtimal edilən “trollar”la bağlı daha bir neçə fakt:


“Qardaş” mövzusu ilə növbəti fakt:
“Milli Beka Hareketi” adlı QHT-nin, Türkiyə Yüzyılı Partiyasının sədri Murat Şahin (“İsmailağa təriqəti”nə yaxındır) yazdığı bir tvitə “nurçu” Ersin Yildirimcakar adlı biri “Ne kardeşi be başkan. Dünyadaki 2. Yahudi devleti hiç şüphesiz Azerbaycandir . Ve unutmayın, Ancak inananlar kardestir” deyə yazıb.

“Karamanlı” adlı saxta profil də oxşar fikir bildirib: “Kardeş kardeşe bunu yapmaz... haliyle onlar bizim kardeşimiz değil!”

Ayda, iki aydan bir tvit atan Ali Göğebakan adlı istifadəçi isə Murat Şahinin statusuna 3 dəfə saxta məlumatlar yazmaqla aktivlik edib.
Tərbiyəsizlik edən profillərdən biri də “zormen”-dir ki, onun profili Türkiyə ərazisində bloklanıb.

Hətta Azərbaycanı Ermənistanla müqayisə edib, bu ölkəyə üstünlük verənlər də tapılır:



3. Cəmiyyətin həssas mövzularından sui-istifadə (manipulyasiya)
Türkiyə cəmiyyətində hicab və dini azadlıqlar mövzusu tarixən çox həssas daxili siyasi mövzudur.
Azərbaycanda dünyəvi dövlət quruluşu və hüquqi tənzimləmələrlə bağlı xəbərləri təhrif edərək Türkiyədəki dindar auditoriyaya "dinə təzyiq", ölkədə ümumiyyətlə “hicabın qadağan olunması” kimi təhrif olunmuş formada təqdim edirlər.
Bu təhrif olunmuş xəbərlər vasitəsilə insanlarda emosional reaksiya yaradılır və nəticədə real istifadəçilər də bilmədən bu troll kütləsinin yaydığı dələduzluq kampaniyasına və beləliklə, “nifrət kütləsi”nə qoşulurlar.
Misal üçün, “Ismailağa təriqəti”nin üzvü, bir vaxtlar şəhidlərimizi təhqir edən Hüseyn Çevik adlı “din xadimi” isə video yayımlayaraq bildirmişdi ki, “Azərbaycan kafirdir və Azərbaycana "qardaş" deyəni də müsəlman hesab etmək olmaz”.

Bu statusa hədsiz çox saxta profillər tərəfindən şərhlər gəlib, təhqirlərə yol verilib, açıq iğişaş çağırışları olub. Hətta əndazəni aşacaq qədər qızışdırıclıqla məşğul olanlar da tapılıb. Bosniyadan olduğu “Instagram” profilində qeyd olunan "Apanasov prof dr" adlı istifadəçinin rəyinə diqqət yetirək: "Hocam, bəzilərimizin həyat yoldaşları azərbaycanlıdır, onları boşamalıyıqmı?".
Azərbaycanlı “dj_music_mix_remix” saxta profilin yazdığı “Azerbeycan halki Tűrkiyeyi sevyor Ama Azerbeycan devleti sizi sevmiyor turkiye” məzmunlu qızışdırıcı və təxribatçı rəyi və “hafizeeyaman” saxta profilinin yazdığı uydurma məlumat da bu qəbildəndir.

Bu yazışmalar, rəylər saxta gündəmlə formalaşdırılan mövzunun sözügedən təriqət tərəfindən nə qədər şişirdirdiyinin göstəricisidir.
“Dailyislamist” adlı hesab Azərbaycanda “hicabın qadağan olunması” ilə bağlı saxta xəbəri ilk paylaşanlar sırasındadır. Səhifənin admini dəfələrlə yalan xəbər, iftira və digər günahlara görə saxlanılan, daha sonra sərbəst buraxılan Numan Aydının kimə xidmət etdiyi hələlik bilinmir, amma hesab Azərbaycan əleyhinə olan bütün kampaniyalarda flaqmanlardan sayılır.

Bu profilin "Əliyev hakimiyyəti hicab qadağasından sonra edilən sosial şəbəkə paylaşımları səbəbindən Türkiyə orqanlarına hüquqi yardım sorğusu göndərib.
Azərbaycan Baş Prokurorluğu “dini radikal fəaliyyətə çağırış etmə” və “konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış etmə” ittihamları ilə paylaşımlar barəsində araşdırma başladaraq Türkiyənin səlahiyyətli orqanlarına qarşılıqlı hüquqi yardım sorğusu ünvanlayıb.
Araşdırma çərçivəsinə Türkiyədən hansı şəxslərin və ya hesabların daxil edildiyi məlum deyil." tvitinə yazılan (biz araşdırdığımız məqamda 238 şərh var idi) şərhlərin 90%-i saxta profillərdən gəlib:
“jorjor cechklik”, “Deli Balta”, “Faruk Ayaz”, “16 Bursa”, “fabien”, “Birgaripyolcu”, “karamemet” (Azərbaycanla bağlı yazdığı tərbiyəsiz şərhdən öncə sonuncu tivitini iyul ayında yazıb), “Hachiko kriptox”, “Ömer Vakkas” (10 sentyabrdan statuslar yazmağa başlayıb və bu statusların 60%-i Azərbaycan əleyhinə yönəlib), “Minnak”, “laylaylom” (heç bir paylaşımı yoxdur), “İnsan”, “Karışık Kuruşuk Birşeyler”, “anti-siyonist”, “Ömer Faruk Yılmaz”, “Sa Ihan”, “Aesthius”, “Abdulmecid”, “Firman Ashad” (İndoneziya), “Ayşe”, “Ömer Faruk Görhan”, “K.G.P.”, “John Mark” və s.
Bu profillərdən “NO PASARAN!”-nın öz profilində yazdığı “Azerbaycan'a verilebilecek en guzel cevap, herkes kendi yoluna gardas! Turan da sizin olsun Hasan emmi de...

“Nil Esintisi”nin yazdığı "Biz bu pisliklər üçündümü Ermənistanla sərhədləri bağladıq? Dünən 'tək millət, iki dövlət' deyirdilər, bu gün isə hər fürsətdə bizə xoruzlanırlar. Bəzilərindən sorşsan, hələ də 'türkün türkdən başqa dostu yoxdur' deyər. Gördük dostunuzu. Biz Allahın ayədə buyurduğu kimi yalnız möminlərlə qardaşıq!!" xüsusi diqqət çəkir.

Əslində isı bu cür şüarlar real xalq iradəsini və ya dövlətlərarası münasibətlərin mahiyyətini əks etdirmir, daha çox informasiya manipulyasiyası, bot texnologiyalarının səhvləri və iki qardaş ölkə arasına nifaq salmaq istəyən qüvvələrin planlı addımı kimi qiymətləndirilir.
Bu profillər şərh yazdıqdan sonra profillərini bağlayırlar
Sosial media platformalarında Azərbaycana qarşı təşkil edilən kiber-təxribat və dezinformasiya kampaniyasında müşahidə etdiyimiz digər məqam ən aqressiv, təhqiramiz ifadələr işlədən trolların və bot şəbəkələrinin qəfildən hesablarını bağlaması (və ya “yoxa çıxması”) olubdur.
Misal üçün, az öncə adını qeyd etdiyimiz, İrana yaxınlığı ilə bilinən və davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparan Metin Atamın Azərbaycan haqqında paylaşımına (yalnız 1 statusu yoxlamışıq) şərh yazan 6 nəfərdən 4-nün profili bağlıdır:

Və yaxud, Türkiyədə İranın dəstəyi ilə qurulan yardım təşkilatlarından "Hel eta" xeyriyyə dərnəyinin rəhbərlərindən Gökalp Erkutun sosial media hesablarından ölkəmizə qarşı qaralama kampaniyasına qoşulanlardan Abbas Goleli, Mahmut Kaba, Attil-ars Ölc, Hikmet Haçin, Kenan Altug, Abdulhamit Izginin və daha onlarla istifadəçinin (trolların) də profilləri bağlıdır.

Az əvvəl söz açdığımız, saxta din xadimi Hüseyn Çevikin “Azərbaycana "qardaş" deyəni də müsəlman hesab etmək olmaz” məzmunlu fikirlər səsləndirildiyi videoya “Zaman Ahir zaman”, Nazike Sagdic Gedik kimi trollar şərh yazıblar. Bu profillərin bağlı olması, qızışdırıcı və nifaq salmağa hesablanmış rəy yazmaları məqsədlərini bəlli edir.

Maraqlıdır, bot və trollar şərh yazandan sonra niyə profillərini bağlayırlar?
Adətən, təhqiramiz və aqressiv paylaşımlar edən hesabların böyük hissəsi real insanlara deyil, mərkəzi şəbəkədən (botnet) idarə olunan avtomatlaşdırılmış profillərə aid olur. Bu şəbəkələr kütləvi şəkildə şikayət (report) edildikdə və ya platformaların (X/Twitter, Facebook, TikTok) alqoritmləri qeyri-adi təşkilatlanmış fəallığı aşkar etdikdə mərkəzi şəkildə dondurulur və ya silinir.
Şəbəkəni idarə edənlər platforma tərəfindən IP və ya cihaz bloklaması (shadowban / ban) almamaq üçün izləri itirmək məqsədilə profilləri özləri kütləvi şəkildə bağlayırlar.
Ən sərt və təhqiramiz yazanlar hüquqi müstəvidə (dövlət atributlarını, suverenliyi, xalqı təhqir etmə maddələri üzrə) hədəf olacaqlarını anladıqları üçün birinci növbədə öz hesablarını dondururlar.
Bir detalı da qeyd edək ki, bu cür informasiya hücumları adətən müəyyən xarici qüvvələr və ya daxili maraq qrupları tərəfindən konkret vaxt çərçivəsində maliyyələşdirilir və idarə olunur.Kampaniya üçün ayrılan vaxt və ya resurs bitdikdə, yaxud qoyulan hədəfə çatılmadıqda (cəmiyyətdə gözlənilən xaos yaratmaq mümkün olmadıqda) trollara profilləri bağlamaq və ya "yuxu rejiminə" keçirmək tapşırığı verilir.
Müasir rəqəmsal dövrdə açıq mənbə kəşfiyyatı (OSINT) vasitəsilə anonim troll hesablarının arxasındakı real IP ünvanlarını, şəkillərin mənşəyini və idarəetmə mərkəzlərini müəyyən etmək çox asanlaşıb. Təhqir edən profillərin böyük hissəsinin əslində Türkiyəyə və ya Azərbaycana aid olmadığı, fərqli regionlardan (məsələn, regionda maraqlı olan dövlətlərin nəzarətində olan kiber-qruplar və ya radikal şəbəkələr) idarə olunduğu ortaya çıxdıqca, bu ifşanın qarşısını almaq üçün profilləri tələsik silməyə məcbur olurlar. Ən aqressiv və təhqiramiz yazanların birincilər sırasından hesablarını bağlaması həm də psixoloji manipulyasiya taktikasının fiaskoya uğramasından və izləri itirmək cəhdindən xəbər verir.Onların məqsədi kütləvi nifrət mühiti yaratmaq idi ki,bu baş vermədikdə və hüquqi/texniki risklər artdıqda şəbəkə avtomatik olaraq özünü ləğv edir.
Türkiyədə Azərbaycana qarşı fəaliyyət göstərən şəbəkələrin təsnifatı
Bu araşdırma nəticəsində müəyyən etdik ki, sosial medianın Türkiyə seqmentində və bəzi marjinal media resurslarında Azərbaycanın dövlət siyasətini, dünyəvi (sekulyar) dövlət quruluşunu və ictimai sabitliyini hədəf alan hücumlar pərakəndə deyil, müxtəlif ideoloji qütblərdən gələn, lakin məqam düşdükdə (məsələn, uydurma "hicab qadağası" və ya BMT manipulyasiyaları zamanı) eyni cəbhədə birləşən mütəşəkkil şəbəkələr tərəfindən idarə olunur.
Azərbaycanı hədəf alan əsas qruplaşmalar və fiqurlar
A) "İsmailağa" təriqəti və ona bağlı rəqəmsal şəbəkələr
Təriqətin lideri Ahmet Fikri Doğan (Fikri Efendi) xətti, "Davudi Medya" (təsisçisi “İsmailağa”nın Ankara təmsilçisi kimi tanınan Davut Yavuz), "İnşirah Evi" qruplaşması (Muhammed Tahir Ertusun, Nesim Sengir, Fatih Mata, Mehmet Erdem), "Zeytuni Təkkəsi" (Hasret Yıldırım) və qalmaqallı Hüseyin Çevik.
Əsasən Türkiyənin Cənub-Şərq bölgəsindən olan gəncləri şəbəkəyə cəlb edərək "Milli Söz", "Darusselam", "Nurcelall" kimi profillər üzərindən videolar çəkir, Azərbaycanın dünyəvi təhsil sistemini hədəf alırlar.
B) Radikal panislamist "Hizb-ut Tahrir" təşkilatı
“Hizb-ut Tahrir” Türkiyə üzrə rəhbəri və jurnal baş redaktoru Mahmut Kar, ilahiyyatçı Abdullah İmamoğlu, Musa Bayoğlu, Dr. Abdurrahim Şen.
Bütün dünyəvi dövlətləri, respublika və konstitusiya quruluşlarını rədd edərək "xilafət" bərpasını təbliğ edirlər. Ankarada Azərbaycan Səfirliyi və "SOCAR Türkiyə" önündə aksiyalar təşkil edərək, dövlətçiliyimizə qarşı kəskin radikal çağırışlar edirlər.
C) Radikal ictimai təşkilatlar və dərnəklər ("Özgür-Der")
"Özgür-Der" dərnəyinin sədri Rıdvan Kaya və yazıçı-jurnalist Kənan Alpay ("Haksöz Haber").
Azərbaycanın İsrail ilə strateji münasibətlərini bəhanə edərək İstanbuldakı konsulluğumuzun qarşısında aksiyalar keçirirlər. Azərbaycana və ali rəhbərliyinə qarşı hədyanlar yağdırırlar, 44 günlük Vətən müharibəsində "cihadçı" şayiələrini tirajlayırlar. Eyni zamanda ermənipərəst ritorika və “Türkçülük/Bozqurd” düşmənçiliyi ilə seçilirlər.
D) İrana yaxın şəbəkələr və media ruporları
Muharrem Coşkun ("Akit TV" xəbərlər müdiri, İrana açıq rəğbəti ilə seçilir və "Ehlader"lə sıx əlaqədədir), Nurettin Şirin ("Kudüs TV"), Metin Atam (İranın Əl-Mustafa Universiteti məzunu), Gökalp Erkut ("Hel Eta" dərnəyi).
Tehranın təbliğat xəttini müdafiə edirlər. Xəzər dənizində PUA qalıqları uydurmasını, İsrailin Azərbaycanda hərbi baza qurması yalanlarını tirajlayır, ölkəmizdə məzhəb qarşıdurması yaratmağa çalışırlar.
E) HÜDA PAR və bu təşkiulata bağlı media kanalları və şəxslər
HÜDA PAR sədri Zəkəriyyə Yapıcıoğlu, Şahzade Demir, Serkan Ramanlı, M. Hüseyin Yılmaz, eləcə də Səadət Partiyası millət vəkilləri (Şərafəddin Kılıç, Məsut Doğan) və "İttihadul Ulema" (Molla Ənvər Kılıçaslan), “Rehber TV”, İLKHA (İlke Haber Ajansı) və "Doğruhaber" qəzeti və s. Siyasi və dini ritorikadan istifadə edərək Azərbaycanın daxili qanunvericiliyini hədəf alırlar.
F) Marjinal rəqəmsal şəbəkələr və fərdi icraçılar
- "demirhayatlar82" / Necdet Pelin: Gəmi tərsanəsi işçisi olan, “nurçu” və neo-osmanlıçı Kadir Mısıroğlu xəttini izləyən bu şəxs köhnə videoları montaj edərək Azərbaycanda anarxiya varmış kimi təəssürat yaradır.
- Cahit Tuz: Nurçu və Ərəb sələfi qruplarına yaxın, erməni əsilli keçmiş bürokrat. Azərbaycana qarşı davamlı olaraq xarici ərəb mediasında (Alaraby TV, Al Mayadeen) qərəzli müsahibələr verir.
Növbəti yazıda qeyd olunan bütün təşkilat və fərdlər, bu şəbəkələrə daxil olan saxta profillərin bəzilərinin aşkara çıxarılması, habelə onların Azərbaycana qarşı aqressiv münasibətini sübut edəcək faktlar açıqlanacaq.
(ardı var)