Tarixdən bəllidir ki, istənilən müharibə yalnız cəbhə xətlərində, raket, top, mərmi atışlarında və hərbi texnikanın qarşılıqlı yaylım atəşində deyil, həm də gözəgörünməyən arenada saxta informasiya (fake-xəbər) axınlarında, təşfiqat və təbliğat materiallarında, radio tezliklər arasından süzülən şifrəli rəqəmlərdə, tərəflərin kəşfiyyat orqanlarının onilliklər ərzində bir-birinin içinə yeritdiyi gizli şəbəkələrdə gedir. Bu baxımdan, 2026-cı ilin fevralında başlayan ABŞ/İsrail-İran müharibəsini tarixin ən mürəkkəb kəşfiyyat əməliyyatlarının həyata keçirildiyi böyük laboratoriyaya da bənzətmək olar.
Soyuq müharibə dövründə formalaşmış kəşfiyyat metodologiyalarından “HUMINT” (İnsan mənbəli kəşfiyyat), “SIGINT” (siqnal kəşfiyyatı), “TECHINT” (Texniki kəşfiyyat) və psixoloji əməliyyatlar, bu gün yeni formada, lakin köhnə məzmunda gözümüzün qarşısında həyata keçirilir. Yəni "rəqəm stansiyaları" adlanan köhnə radio-üsullar yeni tezliklər üzərindən farsca rəqəmlər oxuyur, "Mossad"-ın (İsrailin əsas xarici kəşfiyyat xidmətidir. Rəsmi adı “HaMossad leModi'in uleTafkidim Meyuhadim” (Kəşfiyyat və Xüsusi Tapşırıqlar İnstitutu)) illər ərzində qurduğu agent şəbəkələri sürətlə aktivləşdirilir, bir generalın sağ qalıb-qalmaması tərəflərin kəşfiyyat yarışının predmetinə çevrilir. Belə məlum olur ki, müasir texnologiyalar ənənəvi metodları nəinki köhnəltmir, əksinə, onları daha dəqiq, daha dağıdıcı edir.

Bəllidir ki, İsrail-İran kəşfiyyat müharibəsi onilliklər öncə, 1979-cu il “İslam İnqilabı”ndan sonra Tehranda İsrail missiyasının bağlanması, iki ölkə arasında birbaşa diplomatik əlaqələr kəsiləndən başlayıb. Daha doğrusu, bu kəsilmə kəşfiyyat münasibətlərinin sonunu gətirmədi, əskinə yeni fazasının başlanğıcını işarələdi. İran nüvə proqramının genişlənməsi ilə paralel olaraq “Mossad” İran alimlərini, hərbi komandanlarını və strateji infrastrukturunu hədəf alan bir sıra əməliyyatlar həyata keçirdi. “Stuxnet” kiberhücumundan tutmuş Mohsen Fəxrizadənin sui-qəsdinə qədər uzanan bu tarixçə, 2026-cı ilin müharibəsindəki gizli əməliyyatlar üçün zəmin hazırladı.
Arayış. “Stuxnet” kiberhücumu— tarixdə ilk dəfə fiziki infrastrukturu məhv etmək üçün hazırlanmış yüksək səviyyəli kiber-silah kimi tanınır. Təxminən 2010-cu ildə aşkar olunub, amma daha əvvəl gizli şəkildə işləyirdi. Əsas hədəfi İranın nüvə proqramı, xüsusilə: Natanz Nüvə Təsisatı və uranı zənginləşdirən sentrifuqlar olub.

“Stuxnet” adi virus deyildi, o, sənaye sistemlərini hədəfləyirdi:
- “Siemens Step7” proqramına sızırdı
- PLC (programmable logic controller) sistemlərinə daxil olurdu
- Sentrifuqaların sürətini bəzən normadan çox artırır, bəzən qəfil azaldır
- Nəticədə avadanlıq gizli şəkildə sıradan çıxırdı.
Ən təhlükəlisi bu idi ki, operatorlara hər şey normal kimi görünürdü (saxta məlumat göstərirdi)
• Təxminən 1000-ə yaxın sentrifuqanın sıradan çıxmasına səbəb oldu
• İranın nüvə proqramını bir neçə il geri saldı
• Dünyaya göstərdi ki, kiberhücumlar real fiziki zərər verə bilər
Fevralın 28-dən etibarən gedən döyüşlər göstərdi ki, açıq hərbi qüvvə ilə gizli kəşfiyyat əməliyyatları nəinki bir-birini tamamlayan deyil, bir-birinə ciddi şəkildə bağlı proseslərdir. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üst komandanlığının bir gecənin içində məhv edilməsi təsadüf deyildi. Bu, onilliklər ərzində toplanmış insan mənbəli məlumatın, texniki müşahidənin və siqnal (texniki işarə) kəşfiyyatının sinxron tətbiqinin nəticəsi idi. Xamneyinin yerinin müəyyən edilməsi üçün kamera sistemlərindən istifadə edilməsi, İran hərbi radiosunun ələ keçirilərək İranda yaşayan casus şəbəkəsinə şifrəli rəqəmlərin ötürülməsi, SEPAH generallarının mobil cihazlarına illər öncə yerləşdirilmiş izləmə proqramları — bunların hamısı müasir müharibənin görünməyən cəbhəsinin epizodlarıdır.
Aydın məsələdir ki, bu müharibədə yalnız İsrail tərəfi kəşfiyyat əməliyyatları aparmır. İran da öz növbəsində sosial media platformaları vasitəsilə İsrail hərbi personalını ələ almağa çalışır, "Dəmir Qübbə" sistemi haqda məxfi məlumatları əldə etməyə səy göstərir, özünün global “hacktivist” proksi şəbəkəsini Qərb informasiya infrastrukturuna qarşı istifadə edir. İsmayıl Qaaninin sağ olub-olmaması ətrafında yaranan informasiya çirkliyindən ibarət duman pərdəsi — bir tərəfdən İranın öz komandanını qorumaq, digər tərəfdən İsrailin SEPAH daxilində özü-özünü yedirtmək üçün yaratdığı qeyri-müəyyənlik oyunu, bu müharibənin kəşfiyyat cəbhəsindəki ən incə nümunələrindən biridir.

Bu məqalə, həmin görünməyən müharibənin cizgilərini çəkməyə cəhd edir. Məqalədə klassik kəşfiyyat metodologiyasının tarixinə istinad edərək, 2026-cı ilin İsrail-İran müharibəsindəki konkret əməliyyatları çərçivəsində təhlil edəcəyik. "Numbers Station"dan psixoloji əməliyyatlara, agent şəbəkələrindən kiberhücumlara, yayım infrastrukturunun ələ keçirilməsindən rəqəmsal dezmiformasiyaya qədər uzanan bu spektr, müasir münaqişələrdə kəşfiyyatın necə inkişaf etdiyini, lakin əsas kəşfiyyat əməliyyat prinsiplərinin necə də dəyişməz qaldığını aydın şəkildə ortaya qoyur. Texnologiyalar dəyişir, lakin kölgə savaşının qanunları dəyişməz qalır. Çünki hər müharibənin iki bəlli cəbhəsi var: biri açıqda, digəri kölgədə.
Detal 1. 2025-ci ilin iyununda baş verən İsrail-İran 12 günlük müharibəsini də nəzərə alaraq, bu müharibədə klassik kəşfiyyata xas olan əsas əməliyyatları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İnsan mənbəli kəşfiyyat (Human Intelligence (HUMINT))
Tehranda düşünülür ki, SEPAH komandanlarının və nüvə alimlərinin bir gecədə məhv edilməsi “Mossad”-ın İran ərazisində əvvəlcədən yaratdığı geniş kəşfiyyat və təxribat şəbəkəsi olmadan mümkün deyildi. İsrail şəbəkəsinin əhəmiyyətli bir hissəsi son bir neçə ildə İranın müxtəlif şəhərlərində məskunlaşmış əfqan miqrantlardan formalaşmışdı. (Musavat) Hərçənd bu zəif detal, klassik kəşfiyyatın dayaq nöqtəsi olan agent şəbəkəsi qurma əməliyyatının tipik nümunəsidir. Burada əsas məqsəd hədəf ölkənin öz əhalisindən, o cümlədən üçüncü tərəflərdən əldə edilmiş agentlərin işə cəlb olunmasından söhbət gedir.
2. Sui-qəsd əməliyyatları — “Hədəfli qətllər” (Targeted Killing)
İsrail Müdafiə Qüvvələri və “Mossad” tərəfindən həyata keçirilən hücumlar zamanı İran İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, nüvə alimləri Fereydun Abbasi, Məhəmməd Mehdi Tehrançi və digərləri öldürüldü. Hücumlar zamanı kəşfiyyat nazirinin İsrail məsələləri üzrə müavini Seyid Yahya Hamidi və agentura şöbəsinin rəhbəri Calal Pur Hoseyn da zərərsizləşdirildi.
Bu, klassik kəşfiyyatda "başsız qoyma" (decapitation)- düşmənin komanda-idarəetmə strukturunu dağıtmaq strategiyasına uyğundur.
3. Texniki kəşfiyyat cihazlarının yerləşdirilməsi
“Mossad”-ın keçmiş rəhbəri Yossi Kohenin yazdığı kitabda qeyd olunub ki, "Hizbullah"ın içinə və İranın özünə "kəşfiyyatla yoluxdurulmuş" cihazlar və avadanlıq yerləşdirilmişdi. Bu əməliyyatlar sayəsində bir sıra yüksək rütbəli hərbi rəhbərlərin və atom alimlərinin bütün fəaliyyətlərini izləmək mümkün olmuşdu — onların hər biri üçün ayrıca dosye hazırlanmış, gündəlik vərdişləri, davranışları, getdiyi yerlər ən incə detallarına qədər qeyd edilmişdi.

Bu klassik “texniki nüfuzetmə” (technical penetration) əməliyyatıdır.
4. Dəqiq kəşfiyyat məlumatına əsaslanan hədəfləmə
İsrail həm hərbi, həm də kəşfiyyat sahəsində qeyri-adi imkanlara malik olduğunu nümayiş etdirdi. Əməliyyat İranın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və İranın silahlı qüvvələrinin faktiki olaraq "başsız" vəziyyətə salınması ilə başladı ki, bu da İsrail aviasiyasına İran səmasında üstünlük əldə etməyə şərait yaratdı. Apa
Bu mərhələ “IMINT” (Imagery Intelligence, təsvir (görüntü) kəşfiyyatı) və “SIGINT” (Signals Intelligence - Siqnal Kəşfiyyatı) ilə inteqrasiya olunmuş klassik hədəf planlamasına uyğundur.
5. Müttəfiqlərin kəşfiyyat əməkdaşlığı
ABŞ tərəfindən təqdim olunan kəşfiyyat məlumatları, hava hücumundan müdafiə sistemləri və logistik dəstək İsrailin hərbi əməliyyatlarının effektivliyini artırdı.
Bu, müttəfiqlər arasında kəşfiyyat məlumatının paylaşılması — tarixin ən köklü kəşfiyyat ənənələrindən biridir.
Ümumilikdə bu müharibə, klassik “HUMINT”-in (agent şəbəkələri), texniki kəşfiyyatın (cihaz yerləşdirmə, dinləmə), hədəfli sui-qəsdlərin və müttəfiq kəşfiyyat əməkdaşlığının birlikdə tətbiq edildiyi kompleks bir nümunə təşkil edir. “Mossad”-ın illərlə hazırladığı bu infrastruktur sayəsində İran ərazisindəki əməliyyatlar çox dəqiq və effektiv oldu.
Detal 2. SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani ətrafında aparılan dezinformasiya oyunu hazırki müharibənin unikal kəşfiyyat əməliyyatlarından biri kimi tairxə düşə bilər.
Sosial mediada və bəzi informasiya resurslarında İranın elit hərbi qurumu olan Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ilə bağlı bir-birinə zidd məlumatlar yayıldı. “Israel News Agency” adlı mənbənin paylaşdığı məlumata görə, SEPAH Qüds Qüvvələri rəhbəri Qaani hazırda İsrail ərazisində təhlükəsiz vəziyyətdədir. Paylaşımda iddia olunur ki, o, regionda baş verən bir sıra yüksək səviyyəli sui-qəsd əməliyyatlarının arxa planında mühüm rol oynamış ola bilər.

Həmin məlumatda qeyd edilir ki, Qaaninin fəaliyyəti aşağıdakı hadisələrlə əlaqələndirilə bilər:
• İsmayıl Haniyə – HƏMAS liderinin aradan götürülməsi,
• Həsən Nəsrullah və Haşim Səfiyyəddin kimi Hizbullah rəhbərlərinin zərərsizləşdirilməsi,
• həmçinin Əli Xamneyi ətrafındakı yüksək rütbəli hərbi komandirlərə qarşı əməliyyatlar.
Lakin bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənmədi.
Eyni zamanda İran informasiya məkanında tam fərqli versiyalar yayıldı. Bəzi İranyönümlü kanallar Qaaninin ölkə daxilində saxlanılaraq həbs olunduğunu iddia etdi. Digər mənbələr isə onun hətta edam edildiyi barədə xəbərlər yaydı. Bu məlumatlar da rəsmi Tehran tərəfindən təsdiqini tapmadı.
Beləliklə, hazırda Qaaninin taleyi ilə bağlı bir-birini təkzib edən üç əsas versiya gündəmdədir: bir tərəf onun İsraildə təhlükəsiz olduğunu iddia edir, digər tərəf isə həbs və ya edam edildiyini bildirir, üçüncü mənbə isə onun işinin başında olduğunu deyir.
Bəs, qeyd edilən dezinformasiya savaşını kəşfiyyat terminləri ilə necə izah etmək olar?
1. “Şərti Agent” Texnikası ("Notional Agent")

İsrailli kəşfiyyat mənbələri bu barədə çox konkret fikir bildiriblər: "Həqiqət budur ki, o, İran rejiminə sadiq bir generaldır və bütün bu şayiələr onu zərərsizləşdirmək üçün aparılan əməliyyatın bir hissəsidir."
Bu klassik “şərti agent” texnikasıdır: Bir şəxsi casus kimi göstərərək düşmən tərəfindən onun fiziki məhvini tətikləmək. Yəni İsrail real olaraq Qaanini sıradan çıxarmaq üçün onu İranın gözündə "şübhəli" kimi göstərməklə SEPAH-ın öz içindən onu zərərsizləşdirməsinə zəmin yaradır.
2. Qavrayışın İdarə Edilməsi (Perception Management)

İran kanalları onun sağ olduğunu sübut etmək üçün bir video yaydılar, lakin vizual materialın analizi göstərdi ki, görüntülər 2025-ci ilə aiddir, yəni arxiv materialdır. Belə arxiv materiallardan istifadə, qeyri-müəyyənlikdə vaxt qazanmaq və "Müqavimət Oxu"nun əməliyyat qabiliyyətini nümayiş etdirmək üçün tətbiq edilən taktiki üsul ola bilər.
Bu qavrayışın idarə edilməsidir. Həm İran, həm də İsrail tərəfi Qaaninin kim olduğunu deyil, kim olduğunun zənn edilməsini idarə etməyə çalışır. Yəni bir dövlət agent kimi onu öz dövlətinə tanıdır, dövlət isə onun sorğu-suala cəlb edir və yekunda edam edir.
3. Örtük ("Maskalama")

İran tərəfindən rəsmi açıqlamada deyilib ki, "Qaani döyüş meydanındadır və müharibəni şəxsən idarə edir." Beləliklə, spekulyasiyaları "psixoloji müharibə" adlandıraraq rədd etdilər.
Ancaq burada bir ziddiyyət də var: Qaanini ictimai yerdə göstərmək İsrailin onun hazırkı mövqeyini elektron kəşfiyyatla dərhal müəyyən etməsinə şərait yarada bilər. Bu isə İsrailin illər boyu axtardığı şəxsi məhv etmək üçün unikal imkandır. Yəni İran onu ortaya çıxararaq sübut etmək istəyirsə, bu da əks tərəfdən hazırlanmış növbəti tələ ola bilər.
4. "Mossad Farsi" Hesabı — “İnkar Texnikası” mesaj kimi
Özünü Mossadla əlaqəli kimi təqdim edən bir sosial media hesabı İran Quds Qüvvələrinin komandiri Qaaninin İsrail agenti olmadığını açıqca elan etdi: "Qaani bizim casusumuz deyil."
Bu kəşfiyyat tarixində nadir görülən bir texnikadır — inkarın özü mesaj kimi istifadə olunur. "Biz inkar edirik" demək, şübhəni artırmaq üçün edilir. Çünki peşəkar kəşfiyyat qurumları öz agentini heç vaxt açıqca inkar etmirlər. Bu, hərəkətlər ya agenti qorumaq üçün ikili oyundur, ya da şübhəni körükləmək üçün gediş.
5. “Sağqalma Qanunauyğunluğu”
Qaani dəfələrlə ölü elan edildi: 2024-cü ilin oktyabrında öldüyü iddia edildi, sonra sorğu-suala çəkildi, daha sonra televiziyada göründü. 2025-ci ilin 12 günlük müharibəsində yenə ölü elan edildi, yenə peyda oldu.
Kəşfiyyat terminologiyasında buna "pattern of life anomaly" deyilir. Bir şəxsin tez-tez ölüb-dirilməsi istər-istəməz şübhə yaradır.
Bəs bu nə əməliyyatıdır?
Üç ehtimal eyni vaxtda mövcuddur və bu, "ambiguity operation" — qeyri-müəyyənlik əməliyyatının mahiyyətidir:
| Ssenari | Kəşfiyyat Termini |
| İsrail onu casus kimi göstərir ki, İran içindəki casusu məhv etsin | “Şərti Agent”, "False Flag" (Saxta bayraq) |
| İran onu "sağ" göstərir, vaxt qazanır | Maskalanma, "Örtük hekayəsi" (Cover Story) |
| Qaani həqiqətən casusdu | Köstəbək, Nüfuzedici agent |
| Hər iki tərəf şübhə yaradan informasiya yayır | Qavrayışın İdarəedilməsi |
Ən böyük ehtimal odur ki, bu, İsrailin SEPAH-ın daxildən özünü yeyməsini təmin etmək üçün qurulmuş psixoloji əməliyyatdır. Qaaninin casus olub-olmaması artıq ikinci dərəcəlidir — vacib olan İranın öz generallarına şübhə ilə baxmasıdır. Bu klassik kəşfiyyatda “daxili təmizlənmə təxribatı” ("provocation of internal purge") adlanır.
Kəşfiyyat tarixində belə əməliyyatlara çox rast gəlinib. Misal üçün, İkinci Dünya Müharibəsinin ən parlaq dezinformasiya əməliyyatı "Operation Mincemeat"-i (Britaniya, 1943) xatırlatmaq olar.

Britaniya kəşfiyyatı vəfat etmiş bir nəfərin cəsədini saxta hərbi sənədlərlə birlikdə İspaniya sahillərinə atmışdı. Sənədlər Müttəfiq qoşunlarının Siciliyaya deyil, Yunanıstana hücum edəcəyini göstərirdi. Almanlar inandılar və Siciliya əməliyyatı (desant yeridilməsi) minimal müqavimətlə rastlaşdı və uğurla başa çatdı. Bu əməliyyat bugünkü Qaani dezinformasiyasının ən klassik sələfidir: mövcud olmayan şeyi mövcudmuş kimi göstərmək.
Detal 3. “Rəqəm Stansiyası” ("Numbers Station") əməliyyatı

Sonuncu müharibədə qeydə alınan klassik kəşfiyyat əməliyyatlarından daha birini- dünya kəşfiyyat orqanlarının əməliyyatlarını izləyən mütəxəssislər tərəfindən qeyri-adi hal kimi qiymətləndirilib. haqqin.az saytında yayılan məlumatda klassik kəşfiyyat tarixinin ən maraqlı fenomenlərindən birini — "Numbers Station" (Rəqəm Stansiyası) əməliyyatını təsvir edir.
Məqalədə bildirilir ki, fevralın 28-i səhərə yaxın, İran ərazisinə ilk raket zərbələri endirildikdən sonra Tehranda dövlət radiosunun yayımı kəsilib. Farsca üç dəfə "Diqqət!" çağırışından sonra monoton bir kişi səsi rəqəmlər silsiləsini oxumağa başlayıb: "altı... dörd... sıfır... doqquz... üç... doqquz."
Bu, soyuq müharibə dövrünün ən klassik kəşfiyyat metodunun — “rəqəm stansiyaları”nın geriqayıdışı idi.
Casusluğun ən qədim və ən etibarli üsulu: “Rəqəm Stansiyası” nədir?
Rəqəm stansiyaları məxfi qısadalğalı radio stansiyalarıdır ki, bütün dünyada yerləşdirilmiş məxfi əməkdaşlara, habelə casuslara şifrəli mesajlar göndərirlər. Soyuq müharibə casusluğunun qalığı olsa da, bu gün də, tətbiq olunması heyrət doğurmaya bilmir. Bu cür yayımlar tipik mahnı parçası və ya melodiya ilə başlayır, ardından hətta Morze koduna qədər müxtəlif dillərdə rəqəm ardıcıllığını oxuyan monoton bir səs gəlir.
Sistemin əsas üstünlüyü budur ki, peyk rabitəsindən və ya mesencerlərdən fərqli olaraq, radio siqnallar heç bir rəqəmsal iz qoymur. İstənilən şəxs qəbuledicisi ilə ötürülən məlumatları (kodları) eşidə bilər, lakin bu anda kimin eşitdiyini texniki cəhətdən müəyyənləşdirmək mümkün deyil.
Bu, kəşfiyyatda "undetectable one-way communication" — aşkar edilməsi mümkün olmayan birtərəfli rabitə adlanır. Agent heç nə göndərmir, yalnız qəbul edir. Buna görə agenti müəyyən etmək texniki cəhətdən demək olar ki, qeyri-mümkündür.
Necə işləyir?
Rəqəm stansiyalarının istifadə etdiyi şifrələmə üsuluna "birdəfəlik şifrə (qeyd)" (OTP, “one-time pad") deyilir. OTP-nin digər üsullara nisbətən unikal üstünlükləri var: düzgün istifadə edildikdə mütləq şəkildə təhlükəsizdir — heç bir hesablama gücü və ya zəka onu "sındıra" bilməz. Bir agent mesajı qəbul etdikdən sonra gizli OTP dəftərçəsindən müvafiq səhifəni çıxarır, hər açar rəqəmini mesajın hər rəqəminə “modul-10” hesabı ilə əlavə edir. Nəticədə alınan rəqəm ardıcıllığı sadə əvəzetmə ilə mətnə çevrilir.


Əsas odur ki, dəftərçənin hər sətri yalnız bir dəfə istifadə olunur. Buna görə də dinləyən şəxs mesajları diqqətlə izləsə belə onları bir-birinə bağlaya bilmir, yalnız dəftərçəni tapdığı halda mətni deşifrə edə bilər.
“Conet Project”
“The Conet Project” 1997-ci ildə “Irdial-Discs” tərəfindən buraxılmış dörd (sonradan beş) CD-lik “rəqəm stansiyası” yazılarının toplusudur. Kolleksiyanın əsas müəllifi Akin Fernandez 1992-ci ildə stansiyaların ötürmələrini qeyd etməyə başlamışdır. 2013-cü ildə yenidən buraxılan nəşrin kitabçasında Şərqi Almaniyanın məxfi qurumu olan “Ştazi”-nin (MfS) rəqəm stansiyası səs nümunəsi idarəedicisinin, "Sprach-Morse-Generator"unun ətraflı fotoşəkilləri və Ştazinin istifadə etdiyi “one-time pad” nümunələri yer alır — bunlar ictimai ələ keçən ilk rəqəm stansiyası avadanlıqlarıdır.

Məşhur stansiyalardan "İsveç Rapsodiyası"-nı ("Swedish Rhapsody") xatırlatmaq olar. "İsveç Rapsodiyası" melodiyasının uşaq səsi ilə alman dilində rəqəmlər səslənirdi. Məxfiliyi aradan qaldırılmış sənədlər bu stansiyanın “Soyuq Müharibə” dövründə Polşa Xalq Respublikası tərəfindən idarə edildiyini göstərir.

Qeyd etməliyik ki, tarixdə oxşar hadisələrə dəfələrlə rast gəlinib. Həmin hadisələrdən bəzilərini xatırladaq.
"Atención!" Kuba, 1950–2000-ci illər
Soyuq müharibənin ən məşhur “rəqəm stansiyası” hesab olunur. Kubadan yayımlanan "HM01" analoqlu stansiya, hər dəfə ispan dilində "Atención!" (Diqqət) sözü ilə başlayırdı. KGB və Kuba kəşfiyyatı (DGI) bu kanal vasitəsilə ABŞ ərazisindəki agentlərə tapşırıqlar ötürürdülər. 1998-ci ildə ələ keçirilmiş "Wasp Network" üzvlərinin ifadəsindən məlum olub ki, onlar Mayamidən adi radio qəbulediciləri ilə bu ötürmələri qəbul edirmişlər. Bu əməliyyat sonradan eyni adlı filmin leytimotivinə çevrildi.

Yayımın ələ keçirilməsi — "Buzzing Havana" (ABŞ/Kuba, 1960-cı illər)
Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Kuba dövlət televiziyasının yayımını kəsmək və Kastro əleyhinə mesajlar yaymaq üçün bir neçə texniki əməliyyat planlaşdırdı. Bir sıra cəhdlər texniki çətinliklər üzündən uğursuz oldu. Lakin 1961-ci il Donuzlar Körfəzi əməliyyatı ərəfəsində qısamüddətli yayım müdaxilələri Kuba əhalisinin əhval-ruhiyyəsini ölçmək üçün istifadə edildi. Bu, 2026-cı ildə İran dövlət televiziyasının ələ keçirilməsinin birbaşa tarixi sələfidir — metod eynidir, texnologiya dəyişib.
"The Lincolnshire Poacher" — Britaniya MI6, Kipr, 1970–2008
Britaniya kəşfiyyatının ən uzunömürlü rəqəm stansiyası. Ötürülüş hər dəfə "The Lincolnshire Poacher" (Linkolnşir Brakonyeri) adlı ingilis xalq mahnısının melodiyası ilə başlayır, ardından qadın səsi ilə rəqəm silsiləsi oxunurdu.
Bu, Britaniya Gizli Kəşfiyyat Xidməti tərəfindən idarə olunduğu iddia edilən “E03” "The Lincolnshire Poacher" idi.
İlk dəfə 1970-ci illərin ortalarında Bletçli Parkından yayıma başlayıb, sonradan transmitter Kiprdəki “RAF Akrotiri” hərbi bazasından davam etdirilib. Stansiya 2008-ci ilə kimi fəaliyyət göstərib. Bu fakt, “soyuq müharibə” dövrünün texnologiyasının hələ də aktual qaldığını sübut edən nümunələrdən biridir.
4. "UVB-76" ("Buzzer") - Rusiya, 1973–bu günə qədər
Dünyanın ən sirli “rəqəm stansiyası” sayılır. 4625 kHz tezliyində fasiləsiz olaraq ildə 20-25 dəfə monoton səslə yayımlanır. Yayım zamanı rus dilində hərfi-rəqəm kodları oxunur. Stansiya 1973-cü ildən bəri fəaliyyətdədir. Yəni SSRİ dağılsa da, stansiya fəaliyyətini dayandırmayıb. Əksinə, 2010-cu ildən bəri fəaliyyəti daha da intensivləşib. Ekspertlər bunun ya "ölü əl" sistemi (nuclear dead-hand), ya da Rusiya GRU-sunun sahə agentləri üçün rabitə kanalı olduğunu düşünürlər.

Nəticə
Bu nümunələrin hamısında bir ümumi cəhət var: texnologiya nə qədər inkişaf etsə də, birtərəfli radio rabitəsini əvəz edəcək heç bir sistem hələ tapılmayıb — çünki qəbul edən tərəfi aşkar etmək fiziki qanunlar baxımından mümkünsüzdür. Məqalədəki İran epizodu da məhz bu tarixi zəncirin ən son həlqəsidir.
Verilən məlumatlara görə, İranın radio-elektron müdaxilə ilə mübarizə xidmətləri yayımı elektron küy ilə boğmağa cəhd edib. Lakin naməlum transmitter yüksək adaptasiya qabiliyyəti nümayiş etdirərək tezliyi dəyişib və digər kanalla yayımını davam etdirib. Bu, kəşfiyyat terminologiyasında “tezlik sıçrayışı texnikası” ("frequency hopping") adlanır. Qarşı tərəf tezliyi boğmağa çalışanda sistem avtomatik olaraq başqa tezliyə keçirək yayımı davam etdirir. Mütəxəssislər bunu İranın sistemlərinin köhnə, lakin etibarlı texnologiyalar qarşısındakı zəifliyi kimi qiymətləndiriblər.

SSRİ-nin dağılmasından sonra “rəqəm stansiyaları”nın fəaliyyəti azalsa da, bu hadisədən sonra bəlli olur ki, tamamilə sıradan çıxmayıbmış. Kəşfiyyat məlumatlarına görə Rusiya, Polşa, Tayvan və Şimali Koreya belə bir infrastruktura sahib olmaqdadılar. Çünki İran kampaniyası bir daha sübut etdi ki, kibermüharibə çağında belə sadə radio dalğası ilə yayım məxfi kodun, gizli əmrin çatdırılması üçün ən təhlükəsiz üsul olaraq qalır.
İnternet blokadaları, telekommunikasiya pozuntusu, hərbi əməliyyatların yaratdığı xaos şəraitində ənənəvi rabitə kanalları kritik əhəmiyyət kəsb edir, çünki rəqəmsal infrastruktur tamamilə sıradan çıxa bilər.
Yəni bu əməliyyat eyni zamanda çox dərin strateji mesaj daşıyır: ən köhnə texnologiya, bəzən ən müasir texnologiyadan daha etibarlıdır. Çünki onu sındırmaq üçün anoloji gücdə köhnə üsullar tələb olunur. İranın isə həmin üsullara hazır olmadığı ortaya çıxdı.
Beləliklə, kəşfiyyat tarixinin ən maraqlı təzadlarından biri ilə rastlaşırıq: SSRİ-nin hazırladığı “soyuq müharibə” texnologiyası 2026-cı ildə yenidən İran üzərindəki ən effektiv kəşfiyyat aləti kimi istifadə edildi.
Nəhayət, qeyd etmək istədiyimiz sonuncu detal, tərəflərin rəqiblərin kritik strukturlarına agentlərini yerləşdirməsi və ya yüsək dərəcədə məxfiliyi qorunan obyektlərdə işləyənlərin ələ keçirilməsi haqda olacaq.
Bununla bağlı iki məlumatı xatırladaq.
İsraildə ehtiyatda olan bir əsgərin "Dəmir qübbə" hava hücumundan müdafiə sistemi haqqında məxfi məlumatları İran kəşfiyyatına ötürməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir. haberglobal

"Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini idarə edən İsrail ordusunun ehtiyatda olan zabiti İrana casusluq etməkdə şübhəli bilinərək həbs olunub.
Bu barədə İsrail mediası məlumat yayıb. Şübhəli 26 yaşlı Yerusəlim sakini Raz Koendir.
Polis və "Şin Bet"in (Daxili Təhlükəsizlik Xidməti) açıqlamasında iddia olunur ki, Koen aylardır İran kəşfiyyatı ilə əlaqə saxlayıb və onlar üçün bir neçə tapşırıq yerinə yetirib, o cümlədən pul müqabilində məxfi məlumatları ötürüb.
Digər xəbər isə İrandan gəlib.
İran mediası "İsrail casusu" kimi təsvir edilən bir şəxsin edam edildiyini bildirib. bbc

Kuruş Keyvani adlı şəxs 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibə zamanı həbs olunub. İİKK-nə bağlı “Tasnim” agentliyinin məlumatına görə, o, ölkənin "həssas obyektləri" ilə bağlı görüntü və məlumatları İsrailin kəşfiyyat xidməti Mossada ötürməkdə ittiham olunub.
Agentlik yazır ki, Keyvani ilk dəfə 2023-cü ildə İsrail təhlükəsizlik orqanları tərəfindən İsveçdə müəyyənləşdirilib. İddiaya görə, o, qrup turları ilə bağlı onlayn reklamın üzərinə klik etdikdən sonra izlənilib.
Hesabata əsasən, bundan sonra o, bir Mossad zabiti tərəfindən ələ alınıb, iki il ərzində Avropanın altı ölkəsində və Təl-Əvivdə təlim keçib, daha sonra əməliyyatlar həyata keçirmək üçün İrana göndərilib.
Lakin beynəxlalq media “Tasnim”-in irəli sürdüyü bu iddiaları və ittihamları müstəqil şəkildə yoxlaya bilmədiklərini qeyd edirlər.
Mediada İranda İsrailə casusluqda günahlandırılan onlarla insanın olması haqda məlumatlar yayılır.

Məqsədimiz qarşılıqlı casus qalmaqalları haqda məlumat vermək deyil. Əsas diqqətimizi bir-birilə sərt qarşıdurmada olan tərəflərin düşmən tərəfin içinə sızması, agentura şəbəkəsi qurması və əks-tərəfdə törətdiyi təxribatlarda bu şəbəkədən maksimum istifadə halları haqda konkret faktlara yönəldəcəyik.
Yekunda qeyd edək ki, bu nümunənin hamısı bir həqiqəti sübut edir: kəşfiyyat əməliyyatları texniki mükəmməllik, insan amili və strateji səbr üçlüyü bir araya gəldikdə uğurlu olur. Nə vaxt iflasa uğrayır? Ya içəridən xəyanət, ya hədəfin səhv müəyyənləşdirilməsi, ya da qısamüddətli qalibiyyətin uzunmüddətli fəsadlarının görünməməsi.
2026-cı ilin İran müharibəsi gələcəkdə yazılacaq kəşfiyyat dərslikləri üçün nümunədir. Burada 40 il əvəlin də dərs vəsaitlərindən istifadə edilir, bəlkə də gələcək zamanın da, fərq yalnız texnologiyadadır — metodologiya dəyişməz qalır.
(ardı var)