Son günlər sosial mediada yayılan “Cəmi 30 dəqiqə sizin maliyyə həyatınızı məhv edə bilər” məzmunlu məlumat yayılmaqdadır. Mətn “Yeni dələduzluq üsulu!” həyəcan yaradan mesajla başlayır. Qeyd olunur ki, son zamanlar ictimai yerlərdə "yardım istəmə" bəhanəsi ilə həyata keçirilən yeni bir dələduzluq növü yayılıb. Dələduzlar, əsasən yaşlı və ya köməyə ehtiyacı olan şəxs obrazına girərək sizdən telefonlarında nəsə yoxlamağı xahiş edirlər. İddiaya görə, siz telefona toxunarkən və ya ekrana baxarkən süni intellekt vasitəsilə barmaq izi, səs və üz cizgiləriniz kopyalanır. Toplanan bu biometrik məlumatlar vasitəsilə sizin rəqəmsal klonunuz yaradılır və adınıza onlayn kreditlər rəsmiləşdirilir. Nəticədə, cəmi 30 dəqiqə ərzində xəbəriniz olmadan böyük məbləğdə borca düşə bilərsiniz. Təhlükəsizliyiniz üçün tanımadığınız şəxslərin telefonlarına toxunmamaq, videozəngləri açmamaq və heç bir kodu ucadan oxumamaq tövsiyə olunur. Bu xəbərdarlığı yaxınlarınızla paylaşaraq onları mümkün maliyyə itkilərindən qoruya bilərsiniz.
Qeyd edilən məlumatın ekran görüntüləri:



Faktyoxla bu məlumatın həqiqiliyini araşdırıb.
Araşdırma zamanı müəyyən etdik ki, bu məlumatın Azərbaycanla əlaqəsi yoxdur, paylaşım ilk dəfə Hindistanda yayılıb. Misal üçün, ekran görüntüsünü yaydığımız bu video 23 fevral 2026-cı ildə paylaşılıb.

Sonradan eyni mətn texniki qüsurla (pul vahidi kimi “Hindistan rupisi” göstərilib) Rusiya seqmentində dövriyyəyə buraxılıb.

Mesaj mətninin fakt-yoxlamasına gəldikdə isə deməliyik ki, burada açıq görünən uyğunsuzluqlara və qeyri-mümkün iddialara rast gəlinir. Əvvəla, mətndə saxta xəbərlərin bütün əlamətləri görünür:
- Emosional təzyiq yaratmaq üçün həddindən artıq nida işarələrindən istfadə edilib;
- "Cəmi 30 dəqiqə!", "Dərhal paylaşın!" – saxta məlumatı yaymaq məqsədilə insanlarda “təcililik hissi” yaratmaq metodu sezilir;
- Saxta xəbərlərə xas əsas göstərici – mənbə göstərilməyib.
Texniki detallara gəldikdə:
- Barmaq izi oğurluğu: Mətndə deyilir ki, “kimsə sizə telefon uzatsa və siz "toxunsanız", barmaq iziniz oğurlanacaq”. Bu, tamamilə yalandır. Barmaq izi skaneri telefonun ekranında və ya xüsusi düyməsində olan fiziki bir sensordur. Başqasının telefonuna toxunmaqla istifadəçinin “barmaq izi” məlumatı qarşı tərəfə ötürülə bilməz. Müasir smartfonlarda bu məlumatlar prosessorun daxilindəki “təhlükəsiz zona” ("Secure Enclave") daxilində saxlanılır və hətta telefonun əməliyyat sistemi belə bu kodlara birbaşa çıxış əldə edə bilmir.

- Üztanıma (Face ID) vasitəsilə kredit: Üztanıma texnologiyası sadəcə 2D şəkil və ya video ilə işləmir. O, infraqırmızı nöqtələrdən istifadə edərək üzün 3D xəritəsini çıxarır. Sadə bir videozəng və ya ekran yazısı ilə hər hansı bir şəxsin adına bank proqramına daxil olmaq texniki cəhətdən qeyri-mümkündür.

- Kredit götürmə prosesi: Azərbaycanda onlayn kredit götürmək üçün sadəcə bir "videozəng" kifayət deyil. Bank proqramları adətən “ASAN İmza”, SİMA (biometrik imza) və ya qeydiyyatdan keçmiş mobil nömrəyə gələn birdəfəlik kod (OTP) tələb edir. Sizin xəbəriniz olmadan, sadəcə üzünüzü görməklə milyonlarla borca salınmağınız hüquqi və texniki olaraq mümkün deyil.
- SİMA imza nümunəsi: SİMA vasitəsilə imza atarkən sistem sizdən göz qırpmağı, başınızı hərəkət etdirməyi və canlı olduğunuzu sübut etməyi tələb edir. Statik video yazısı bu filtrdən keçə bilmir.
Mətndəki yeganə qismən doğru məqam süni intellektin səsi və üzü kopyalaya bilməsidir. Amma bu, adətən iri hədəflər — məsələn, şirkət direktorları, korporasiya rəhbərləri, siyasətçilər və daha nüfuzlu şəxslərə qarşı istifadə olunur. Kütləvi şəkildə hər kəsin rəqəmsal klonunu yaratmaq dələduzlar üçün çox baha başa gələn və səmərəsiz bir metoddur. Bu səbəbdən qeyd edilən mətnin dipfeyk və süni intellekt hissəsi də saxta iddia hesab olunur.
Nəticə:
Bu mətn klassik "zəncirvari mesaj" (chain message) və ya "qorxu mühiti yaradan dezinformasiya" (fearmongering) nümunəsidir.
Digər ölkələrdə fərqli variantlarda yayılan bu xəbərdarlıq texnoloji faktları şişirdərək insanlarda həyəcan yaratmağa xidmət edir.
Bu xəbərin Azərbaycana aidiyyatı yoxdur. Mesajı paylaşanların məqsədi oxucuları real təhlükədən qorumaq deyil, sadəcə klikbeytlik və "viral" olmaq istəyi, müəyyən mənada da “kütləvi qorxu yaratmaq”dır.
Oxuculara tövsiyəmiz: belə mesajları paylaşmaq əvəzinə, yaxınlarınıza sadəcə tanımadığı linklərə daxil olmamağı və telefonlarına gələn SMS kodlarını kənar şəxslərlə paylaşmamağı tapşırmağınız daha faydalı olar.