Axtarış

Select theme:

“CEBR”-in yanlış proqnozu və “Azadlıq qəzeti” feysbuk səhifəsinin manipulyasiyası

“Azadlıq qəzeti” feysbuk səhifəsi Böyük Britaniyanın İqtisadi və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) proqnozuna əsaslanaraq yaxın 15 ildə Azərbaycanı fəlakətli günlərin gözlədiyi, Cənubi Qafazın digər ölkələrindən geri qalacağına dair əsassız məlumat paylaşıb. Adıçəkilən səhifə qeyd edir ki, Azərbaycanda iqtisadi artım aşağı düşür, 2025-ci ildə əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi 7365 dollar təşkil edəcək. Sonrakı illərdə isə ÜDM-nin zəif artımı fonunda inkişaf zəifələyəcək və Azərbaycan Cənubi Qafqaz regionunda ən aşağı yeri tutacaq.
Paylaşımda iddia edilir ki, 14 il sonra Ermənistanda əhalinin hər nəfərə düşən ÜDM məbləği 23 min 900, Gürcüstanda 27 min 800 dollar, Azərbaycanda isə 12,6 min olacaq.

Faktyoxla bu iddialara aydınlıq gətirib.

İlk cümlədən görünür ki, Əli Kərimlinin “yalan maşını”nın istinad etdiyi təşkilat qeyri-ciddi işlə məşğuldur və proqnozlaşdırma qabiliyyəti yanlışlıqlar üzərində qurulub. Belə ki, 2025-ci ilin ÜDM-si ilə bağlı rəqəmlər çoxdan, 2026-cı il yanvarın 19-da  Azərbaycanın rəsmi dövlət qurumu tərəfindən açıqlanıb. “CEBR”-in açıqlamasından görünür ki, bu mərkəz hələ ÜDM-lə bağlı rəqəmləri gözləyərək uydurduğu ehtimalın düz çıxıb-çıxmadığında ilişib qalıb.
Digər tərəfdən, elə faktın özü, ÜDM-lə bağlı rəsmi statistika da “CEBR”-in rəqəmlərdə ciddi səhvlərə yol verdiyini təsdiqləyir. Belə ki, 2025-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 12 min 602,2 manata bərabər olub ki, bu da dollar ifadəsi ilə 7413 dollar deməkdir.
Yəni “CEBR”-in proqnozu ilk cümlədən səhv üzərində qurulub. 

İqtisadiyyat dəqiq və düzgün rəqəmlərlə ifadəni tələb edir. Bu baxımdan Britaniyada yerləşən bu təşkilatın ÜDM və digər iqtisadi göstəricilərlə bağlı proqnozlarına da inam itir.

Mərkəzin 2040-cı ilə dair Cənubi Qafqaz ölkələri ilə bağlı proqnoz göstəricilərinə gəlincə, bu da ciddi tədqiqat araşdırması hesab edilə bilməz. Xüsusilə indiki geosiyasi təbəddülatlar dövründə səsləndirilən rəqəmlərin  14 il sonra üçün nə dərəcədə reallaşacağını özünə hörmət edən heç bir tədqiqat qrupu iddia etməz.
Ümumiyyətlə, dünya praktikasında beynəlxalq iqtisadi tədqiqat institutları proqnozlaşdırma və müqayisələr aparanda həmin ölkənin real iqtisadi vəziyyətini, ortamüddətli və uzunmüddətli inkişaf konsepsiyalarını, ümumi iqtisadi strategiya və tədqiqat bazalarını nəzərdən keçirərək mühakimlər yürüdür, proqnozlar hazırlayır. BMT, Dünya Bankı kimi nəhəng təşkilatların ekspert icmaları 14-15 il sonraya dair proqnozlarını müəyyən etməkdə çətinlik çəkir və bu baxımdan adətən yaxın 5 illik proqnozlar verməklə kifayətlənirlər. Ancaq “CEBR” kimi sıradan bir qurumun “uzaqgörənlik” etməsi özü qeyri-ciddi yanaşmadan xəbər verir.
Bütün bunlara rəğmən, müqayisə edilən hər 3 Cənubi Qafqaz ölkəsinin inkişaf göstəriciləri haqqında dürüst və həqiqi təsəvvür yaratmaq üçün ötən orta rəqəm kimi 14 ilin üzərində dayanaq. Ötən 14 ildəki ÜDM-nin həcmlərinə baxmaqla, qarşıdakı növbəti 14 illik barədə də mühakimə yürütmək olar.
Ötən 14 ildə Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun həcmi 54 milyard manatdan təqribən 130 milyard manata çatıb. Belə ki, 2012-ci ildə ölkəmizdə 54 milyard manat dəyərində Ümumi Daxili Məhsul istehsal olunub ki, əhalinin hər nəfərinə ÜDM həcmi 5 min 884,5 manata çatıb.
2025-ci ildə isə ölkəmizdə ÜDM-in nominal həcmi 129,1 milyard manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM-in məbləği isə 12 min 602,2 manata bərabər olub.
Beləliklə, son 14 ildə Azərbaycanda ÜDM-nin toplam həcmi 2,5 dəfə, adambaşına düşən milli məhsulun məbləği isə 2,4 dəfə çoxalıb.
Ermənistanda isə son 14 ildə ÜDM-nin artımı təxminən 2,2 dəfə böyüyüb. Belə ki, 2012-ci ildə bu rəqəm 10,6 milyard dollar, ötən il təxminən 26,9 milyard dollar olub. mənbə

Gürcüstanda isə ÜDM-in nominal həcmi 2012-ci ildə 26,17 milyard lari və ya 15,85 milyard dollar, 2025-ci ildə isə milli məhsulun dəyəri 37,4 milyard dollar olub.
Yəni bu ölkədə də 14 il ərzində ÜDM cəmi 2,2 dəfə böyüyüb.
Beləliklə, son 14 ildə ÜDM-nin ən çox faiz və nominal artımı Azərbaycanda baş verib.
Hazırda Azərbaycanda ÜDM-nin həcmi dollar ifadəsi ilə 76,4 milyard olmaqla, Gürcüstan və Ermənistanın birgə  ÜDM-dən (iki ölkənin birlikdə 63 milyard dollar) 13,4 milyard dollar çoxdur. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının təxminən 62 faizinə sahibdir.
Dünya ölkələrinin ÜDM-nin nominal dəyər ilə bağlı reytinq cədvəlində Azərbaycan 88-ci yerdə, Gürcüstan 108-ci yerdə, Ermənistan isə 118-ci yerdə qərarlaşır.

Yəni bütün bu göstəricilər bir daha ona dəlalət edir ki, ÜDM-nin artım dinamikası və nominal dəyəri ötən 14 ildə ən çox Azərbaycanda qeydə alınıb.
ÜDM-nin adambaşına düşən həcminə gəlincə, bu, beynəlxalq praktikada əsas və başlıca iqtisadi ölçü kimi qəbul edilmir. Çünki əhalinin sayı və dinamikası ÜDM-nin hər nəfərinə düşən nisbətini dəyişir. Cənubi Qafqazın cəmi əhalisinin sayı 16,5 milyon nəfərdir. Ermənistanın əhalisi 2,9 milyon nəfər, Gürcüstanın əhalisi 3,6 milyon nəfər, 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 milyon 264 min 40 nəfərə çatıb. İki ölkənin birlikdə əhalisi Azərbaycan əhalisindən 3,5 milyon nəfər azdır. Əgər Ermənistanda və ya Gürcüstanda əhali sayı Azərbaycandakı qədər olsaydı, bu ölkələrdə adambaşına düşən ÜDM 2300-3000 dollar olmaqla Azərbaycandan 3 dəfə aşağı hesablanardı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan ümumilikdə ÜDM-nin həcminə görə, Ermənistanı və Gürcüstanın hər birini ayrı-ayrılıqda 2,8 dəfə üstələyir.
Beynəlxalq iqtisadi praktikadan məlumdur ki, adambaşına düşən ÜDM həmin ölkənin ümumi iqtisadi-sosial gücünü və ÜDM-nin iqtisadi və sosial rifaha ötürücülük imkanlarını ifadə etmir. Əgər müqayisə həmin düstur və yanaşma üzrə aparılsaydı, onda əhalinin hər nəfərinə düşən ÜDM-yə görə, dünyada ilk beşlikdə dayanan Lüksemburq, İrlandiya, Sinqapur, Qətər qlobal iqtisadi nəhəng hesab edilən ABŞ-dən daha güclü iqtisadiyyata malik ölkə kimi təsəvvür edilməlidir. Yaxud Bruney və Avstriya Avropanın bir nömrəli iqtisadiyyatı sayılan və illik ÜDM-si bu ölkədən 500-600 dəfə kiçik olan Almaniyadan daha güclü iqtisadi güc hesab edilməlidir. Məsələn, ABŞ-də əhalinin hər nəfərinə düşən ÜDM 89,6 min dollar olduğu halda adlarını çəkdiyimiz ölkələrdə 90-130 min dollar arasındadır. Yaxud, dünyanın ikinci iqtisadiyyatı sayılan Çində adambaşına düşən ÜDM 13,8 min dollardır. Yenə də yuxarıdakı məntiqlə müqayisə etsək Çin onda inkişaf potensialına görə, dünyanın ən azı 80 ölkəsindən geridə qalmalıdır. Bu prinsiplə yanaşsaq belə çıxır ki, Nauru, Palay, Kuka, Samua, Qrenada və digər ada-ölkələri Çindən irəlidədirlər. Bu cür müqayisəni Avropanın bir nömərli iqtisadiyyatı olan Almaniya və digər inkişaf liderləri hesab edilən Fransa, İtaliya, İspaniya eləcə də Amerika ikincisi Kanada, yaxud Asiya nəhəngi Yaponiya haqqında da söyləmək olar. Sonuncu müqayisəyə diqqət yetirək: dünya iqtisadiyyatının inkişaf beşliyində yer alan Hindistan (adambaşına düşən ÜDM 2,8 min dollar) ən kasıb Afrika ölkələrindən də geridə olmalıdır. Çünki əhalinin say çoxluğu ÜDM-nin əhalinin hər nəfəri üzrə paylanmasına təsir edir, ancaq bu, həmin ölkənin ümumi iqtisadi resurs və gücünün aşağı olması anlamı daşımır.
Bunları xatırlatmaqla, bir daha adambaşına düşən ÜDM-nin hansısa ölkənin iqtisadi inkişafı, gücü və dünya iqtisadiyyatında yeri ilə qətiyyən əlaqəsi olmadığını göstərmək istəyirik. Dövlətlərin iqtisadi inkişafının əsas atributu birbaşa yaradılan əlavə dəyərin həcmi və ÜDM-nin nominal artım dinamikasıdır.
Eləcə də ÜDM-nin formalaşmasında rol oynayan əsas komponentlərin (monetar və qeyri-monetar faktorlar, iqtisadi-fiskal göstəricilər, sosial rifah və digər sosial-iqtisadi indikatorlar) dəyəridir. Həmin indikatorların bütün mütləq əksəriyyəti üzrə Azərbaycan Cənubi Qafqazın hər iki ölkəsini geridə qoyur.
Əsas indikatorlardan biri olan dövlət büdcəsinin həcmidir. Azərbaycanda 2026-cı il dövlət büdcəsinin gəlirləri  38 milyard 609 milyon manat, xərcləri isə 41, 7 milyard manat təsdiq edilib. Bu ABŞ dolları ilə 24 milyard deməkdir.
2026-cı ildə Ermənistanın dövlət büdcəsi 3, 9 trilyon dram (9,4 milyard dollar) təsdiqlənib.
Gürcüstanda isə 2026-cı il üzrə büdcə xərcləri 13,5 milyard dollardır.
Beləliklə, Cənubi Qafqazda formalaşan toplam 48 milyard dollar büdcə xərclərinin 24 milyard dolları və ya 51,5 faizi Azərbaycanın, 48,5 faizi isə digər 2 ölkənin payına düşür. Bu, bölgədəki iqtisadi-fiskal mənbələrin böyük bir qisminin Azərbaycanın əlində olduğunu təsdiqləyir. Yeri gəlmişkən, Gürcüstan və Ermənistanın isə dövlət büdcəsinin təxminən 20-25 faizi xarici maliyyə qaynaqları və ya xarici borc hesabına təmin edilir.
Bütün bu göstəricilərlə yanaşı, dövlətin iqtisadi gücünü və milli təhlükəsizlinin dayanıqlılığını təmin edən, qlobal böhranlar, pandemiya, iqtisadi sıxıntılar zamanı maliyyə immunitetini qoruyan və xarici maliyyə qurumlarından asılı olmamasını sığortalayan ən başlıca fiskal amil suveren yığımları, strateji rezervləridir. Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ilin yanvarında 85 milyard doları ötüb. Ermənistanın strateji valyuta ehtiyatları 5,5 milyard dollar, Gürcüstanın strateji valyuta rezervləri isə hazırda 6 milyard 299 milyon dollar təşkil edir.

Göründüyü kimi Azərbaycanın ÜDM-in nominal həcmini və milli gəlir yaradan mənbələri daha güclü və dayanıqlıdır. Məhz bu fundamental göstəricilərə əsaslanmaqla, qarşıdakı 14 ildə ÜDM-in artım dinamikasını proqnozlaşdırdıqda Azərbaycanın 2040-ci ildə də lider olacağına şübhə yoxdur. Son 14 ildə ÜDM-i 2,5 dəfə artırmağa nail olan Azərbaycan bu göstəricini daha 14 ildə eyni templə artırsa, bu halda əlavə dəyərin həcmi (76,4*2,5=191) 191 milyard dollara çata bilər.

Təbii ki, qarşıdakı 14 ilin iqtisadi proqnozlarını mütləq göstəricilər kimi qəbul etmək də düzgün deyil. Çünki həmin dövrə qədər qlobal iqtisadiyyatda köklü dəyişikliklərin baş verməsi, müxtəlif ölkələrin istehsal və emal prosesləri, iqtisadi-ticari balansındakı fraqmentasiyalar, ən əsası maliyyə sektorunda dəyişmələr, milli valyutaların dəyərinin xarici valyutalar və dollara nisbətdə yeni məzənnə fərqlərinin yaranması və digər amillər makroiqtisadi göstəricilər, o cümlədən ÜDM-lə bağlı gözlənilən rəqəmlərin də azalıb və ya çoxalmasına səbəb olacaq.
Məhz bu baxımdan Britaniya QHT-nin uzunmüddətli dövrdə (2040-cı ilə dair) Cənubi Qafqaz ölkələri ilə bağlı proqnoz göstəriciləri ciddi müqayisə materialı hesab edilə bilməz. 2040-cı ildə dünya iqtisadiyyatının mənzərəsini BMT-nin institutları, Dünya Bankı və digər nəhəng tədqiqat mərkəzləri dəqiq təsəvvür edə bilmir. Eləcə də Azərbaycan Hökuməti və əməkdaşlıq etdiyi beynəlxalq institutlar ən yaxşı halda 2030-cu ilə qədər proqnozlaşdırma aparır. Məsələn, Azərbaycan Hökumətinin yaxın illərə dair proqnozlarına görə, ÜDM 2029-cu ildə 161,8 milyard manata çatacaq. Bu, xarici valyuta ilə 96 milyard dollar, adambaşına düşən ÜDM isə təxminən 9,6 min dollar təşkil edəcək. istinad

Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2030-cu ilin sonuna Azərbaycanda ÜDM-nin nominal həcmi 171,522 milyard manat (100,895 milyard ABŞ dolları) təşkil edəcək. Bu, adambaşına 10,8 min dollar ÜDM deməkdir.

Bu isə Azərbaycanın 2030-cu ildə ÜDM-in həcminə görə Cənubi Qafqazda yenə də potensial iqtisadi güc mərkəzi kimi mövqeyini möhkəmləndirəcəyini təsdiqləyir. Əgər Gürcüstan və Ermənistan 5 il ərzində ÜDM-in artımını illik 5-6 faiz böyütsə hər iki ölkədə toplam əlavə dəyər indiki 63 milyard dollardan ən yaxşı halda 75-80 milyard dollara çata bilər. Hər iki ölkənin iqtisadiyyatı birlikdə Azərbaycanın iqtisadi potensialından 25-30 faiz aşağıda qalacaq. 

Arayış. “CEBR” (Centre for Economics and Business Research)

“CEBR” 1992-ci ildə Douglas McWilliams tərəfindən qurulub. McWilliams o dövrdə Britaniya Sənaye Konfederasiyasının (CBI) Baş İqtisad Müşaviri və “IBM UK”-nin Baş İqtisadçısı vəzifəsini tutmuşdur.

Londonda yerləşən müstəqil bir iqtisadi konsaltinq şirkəti olan CEBR — özəl firmalar, dövlət qurumları, xeyriyyə təşkilatları və beynəlxalq biznes strukturları üçün makroiqtisadi proqnozlaşdırma, mikroiqtisadi təhlil və siyasət araşdırmaları aparır. Grokipedia

2019-cu ildən etibarən şirketin baş icraçı direktoru Nina Skerodur.

“CEBR”-in əsas məhsullarından biri Dünya İqtisadi Liqası Cədvəlidir (WELT) — 189 ölkə üçün iqtisadi sıralama proqnozları verir. Bundan başqa, ASDA Income Tracker (gəlir izləyicisi) kimi göstəricilər hazırlayır. Civilstap Himachal

Təşkilat qüsurlu fəaliyyətinə görə indiyə kimi media tərəfindən ciddi tənqidlərə məruz qalıb.

1. Proqnoz səhvləri

1998–1999-cu illərdə “CEBR”-in bir sıra əsas iqtisadi göstəricilərə dair proqnozları "dəhşətli dərəcədə yanlış" kimi xarakterizə olunub və bunu D. McWilliams da etiraf edib. Bu hadisə qısamüddətli proqnozlaşdırma modellərinin zəif cəhətlərini, xüsusən ani şoklara reaksiya verə bilməmə problemini üzə çıxarıb. Grokipedia

2. Sifarişli tədqiqatlara dair şübhələr

“CEBR”-ə yönəlik metodoloji debatlar əsasən onun sifarişli hesabatları ətrafında cərəyan edir və bu hesabatlar müstəqillik və seçici məlumat interpretasiyası baxımından sorğulanır. Məsələn, 2018-ci ildə Böyük Britaniyanın parlamentindəki 20-dən çox deputat hökumətin qumar sənayesi üçün KPMG-nin hazırladığı, lakin qumar şirkətlərinin maliyyələşdirdiyi tədqiqata güvənməsini tənqid edib. thetimes

3. Siyasi qərəzliliyə görə ittihamlar

“CEBR”-in Brexit dövrünə aid bəzi hesabatları, sağçı mətbuatın onları aktiv şəkildə tanıtması səbəbindən iqtisadçılar tərəfindən tənqid olundu. Bu hesabatlar siyasi cəhətdən qərəzli kimi qiymətləndirildi. the-independent  

“CEBR” özünü müstəqil iqtisadi araşdırma mərkəzi kimi təqdim etsə də, bir sıra müstəqil analitiklər onun sifarişli işlərinin zamanla müştəri maraqlarına xidmət etdiyini iddia ediblər.

Bu prizmadan yanaşdıqda, “CEBR” kimi dünya tədqiqat icmasında adı və yeri nəzərə çarpmayan sıradan bir təşkilatın 14-15 il sonrakı “öncəgörməsi” üzərindən manipulyasiya edən “Azadlıq qəzeti” feysbuk səhifəsinin bu cür ucuz şou yaratmaq cəhdi isə qərəzin və diletantlığın nümunəsidir. Əli Kərimlinin “yalan maşını” yaxın 15 ildə Azərbaycanı fəlakətli günlərin gözlədiyi, Cənubi Qafazda geridə qalan dövlət olacağı barədə fikirləri manipulyasiya və saxta təşviqatdır.

 

Oxşar məqalələr: