Ənənəvi olaraq dəniz məhsulları zülalın ən faydalı mənbələrindən biri hesab olunur. Krevetlər (xırda dəniz xərçəngləri), midye (dəniz və şirin sularda yaşayan, ikiqat bərk qabığa malik, yüksək proteinli dəniz məhsuludur (yumşaqca)) və balıqlar tərkibindəki yüksək zülal, “omeqa-3” yağ turşuları və mikroelementlər sayəsində sağlamlıq yönümlü pəhrizlərin ayrılmaz hissəsidir. Lakin son illərdə bu məhsulların faydadan çox toksik təhlükə yaratdığına dair iddialar getdikcə daha tez-tez səslənir: guya onlar ağır metallar, civə və neft məhsulları ilə “zəhərləniblər”. Faktları mübaliğədən ayırmaq üçün elmin bu barədə əslində nələri bildiyinə nəzər salmaq lazımdır.
Dəniz məhsullarında həqiqətən ağır metallar da daxil olmaqla çirkləndiricilər ola bilər. Söhbət ilk növbədə sənaye fəaliyyəti nəticəsində dəniz mühitinə düşən civə, qurğuşun və kadmium kimi maddələrdən gedir. Lakin bu maddələrin toplanma dərəcəsi növündən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Ən yüksək konsentrasiyalar qida zəncirinin zirvəsində duran iri yırtıcı balıqlar üçün xarakterikdir. Məsələn, tun balığı (tuna) kiçik balıqlar və digər dəniz məhsulları ilə müqayisədə civəni daha çox toplamaq qabiliyyətinə malikdir.

Məhz buna görə də təhlükəsizlik məsələləri həssas qruplar üçün xüsusilə aktualdır. Civənin inkişaf etməkdə olan sinir sisteminə potensial təsiri səbəbindən azyaşlı uşaqların iri yırtıcı balıqları həddindən artıq yeməsi arzuolunmazdır. Eynilə, hamiləlik dövründə tibbi təşkilatların tövsiyələri tərkibində civə yüksək olan balıq növlərini məhdudlaşdırmağa və ya tamamilə rasiondan çıxarmağa yönəlib. Bu, hətta nisbətən kiçik dozaların dölün inkişafına təsir edə bilməsi ilə bağlıdır. Bununla belə, söhbət bütün dəniz məhsullarından imtina etməkdən getmir: adətən çirkləndirici səviyyəsi aşağı olan növlərə üstünlük verilir.

İri yırtıcı balıqlardan fərqli olaraq, krevetlər və midye kimi dəniz məhsullarında civə konsentrasiyası xeyli aşağıdır. Midyelər və digər ikitaylı mollyuskalar suyu süzərək (filtrasiya) qidalandıqları üçün ətraf mühitin keyfiyyətinə qarşı çox həssasdırlar. Çirklənmiş sularda yetişdirildikdə və ya ovlandıqda onlar zərərli maddələr toplaya bilərlər. Lakin əksər ölkələrdə sənaye ovu və akvakultura lazımi qaydada tənzimlənir, məhsullar isə toksin tərkibinə görə ciddi nəzarətdən keçir. Nəticədə, çirkləndiricilərin səviyyəsi adətən icazə verilən normalar daxilində qalır.

Dəniz məhsullarının neft məhsulları ilə "zəngin" olması barədə iddialar isə xüsusi araşdırma tələb edir. Neft çirklənmələri qəzalar və ya sızmalar nəticəsində dəniz ekosisteminə düşə bilər, lakin belə hadisələr lokal xarakter daşıyır və sistematik deyil. Zərər görmüş bölgələrdən gələn məhsullar, bir qayda olaraq, müvəqqəti olaraq dövriyyədən çıxarılır. Bazara daxil olan dəniz məhsullarında neft maddələrinin daimi mövcudluğu müntəzəm keyfiyyət nəzarəti məlumatları ilə təsdiqlənmir.
Qidalanma baxımından dəniz məhsulları hələ də dəyərli zülal və mikroelement mənbəyi olaraq qalır. Onların tərkibində asan həzm olunan protein, yod, selenyum və çoxşaxəli doymamış yağ turşuları var.

Potensial risklər ilk növbədə rasionun tezliyi və müxtəlifliyi ilə bağlıdır. Eyni növün, xüsusən də iri yırtıcı balıqların həddindən artıq istehlakı arzuolunmaz maddələrin toplanmasını artıra bilər, lakin müxtəlif çeşidli qidalanma bu riskləri minimuma endirməyə imkan verir.
Dəniz məhsullarının faydasından çox zərərli olması barədə yayılmış iddialar elmi məlumatlarla təsdiqlənmir. Eyni zamanda, çirklənmə problemini görməzdən gəlmək də doğru deyil. Müasir yanaşma məlumatlı seçim etməyi nəzərdə tutur: xüsusən uşaqlar və hamilə qadınlar üçün civə tərkibi yüksək olan növlərin məhdudlaşdırılması və təhlükəsizlik profili daha əlverişli olan dəniz məhsullarına üstünlük verilməsi tövsiyə olunur.
Beləliklə, krevetlər, midye və balıqların "okean zibili" olması tezisi reallığın həddindən artıq sadələşdirilməsidir. Elmi məlumatlar ətraf mühitin çirklənməsi ilə bağlı müəyyən risklərin olduğunu göstərir, lakin mülayimlik və şüurlu seçim prinsiplərinə əməl edildikdə, dəniz məhsulları balanslaşdırılmış qidalanmanın vacib hissəsi olaraq qalır.