Azərbaycan əleyhinə xaricdə fəaliyyət göstərən media qurumlarından biri də “Medyascope” adlı platformadır. Qərb fondlarının (vaxtilə USAID də daxil olmaqla) maliyyə dəstəyi ilə fəaliyyət göstərən və müstəqil yayım siyasəti yürütdüyünü iddia edən bu platforma fəaliyyətə başladığı gündən etibarən Türkiyə ilə yanaşı, həm də Azərbaycan əleyhinə qərəzli yazılar, reportajlar və materiallar yayması ilə diqqət çəkib.
“Faktyoxla”nın apardığı ətraflı araşdırma “Medyascope”un ölkəmizin milli maraqlarına zidd dairələrlə sıx əməkdaşlıq etdiyini, regionda destruktiv mövqe nümayiş etdirən marqinal subyektlərə geniş tribunalar verdiyini və xarici sifarişlər əsasında formalaşan qarayaxma kampaniyalarının əsas icraverici alətlərindən birinə çevrildiyini açıq şəkildə göstərir.
“Medyascope”, Ruşen Çakır tərəfindən 20 Avqust 2015-də qurulan, “YouTube” və podcast kanalları vasitəsilə siyasət ağırlıqlı yayım edən media platformasıdır. Platforma beynəlxalq qurum və təşkilatların dəstəkləri, beynəlxalq fondlardan gələn maliyyə, “Patreon” kimi monetizasiya platforması və “YouTube” gəlirləri ilə aparılan biznes modeli ilə Türkiyədə müstəqil yayımçılıq həyata keçirdiyini iddia edir. Portalın tərkibində təxminən 40 nəfər əməkdaş var.
Yayım müdiri Ruşen Çakır, baş direktoru Ufuk Kaya, xəbər koordinatoru və məsul katibi Kaya Heyse, redaktorları Gamze Elvan (şef), Senem Görür, Ekin Karaca, Duygu Köseoğlu (YouTube), Cenk Narın olan bu media orqanı başda internet saytı kimi qurulsa da, daha sonra podkast və tok-şoular da hazırlamağa başlayıb.

Ruşen Çakır 25 yanvar 1962-ci ildə Hopada anadan olub, əslən lazdır. 1981-ci ilin fevralından 1982-ci ilin avqustuna qədər Hasdal və Metris hərbi həbsxanalarında məhbus həyatı yaşayıb. Jurnalistika karyerasına 1985-ci ildə “Nokta” jurnalında başlayıb. Ardıcıl olaraq “Tempo”, “Cumhuriyet”, “Milliyet”, “CNN Türk”, “NTV”, “Vatan” və “Habertürk” kimi media qurumlarında çalışıb. Corc Sorosun Açıq Cəmiyyət Fondunun Məsləhət Şurasında fəaliyyət göstərib, eyni zamanda, Fonda yaxınlığı ilə bilinən TESEV-də (Türkiyə İqtisadi və Sosial Tədqiqatlar Fondu) “Demokratiya, Vətəndaş Cəmiyyəti və İslam Dünyası Proqramı”na rəhbərlik edib.
Çap və ənənəvi mediada Ruşen Çakır haqqında gedən materiallardan onun davamlı olaraq Qərb fondları vasitəsilə maliyyələşdirildiyi məlum olur.
2020-ci ildə ABŞ-nin məşhur düşüncə mərkəzlərindən olan “Amerika İrəliləyiş Mərkəzi” (Center for American Progress) “Türkiyənin dəyişən media mühiti” adlı hesabat dərc edib. Andre Odonohu, Maks Hoffman və Alan Makovski adlı analitiklərin hazırladığı ortaq hesabatda bildirilirdi ki, Türkiyədə bəzi media quruluşlarını dəstəkləmək olduqca önəmlidir. Milli Demokratiya Fondu (NED) və digər qurumlar tərəfindən dəstəklənən media qurumlarının içində, heç şübhəsiz, Ruşen Çakırın təsisçisi olduğu “Medyascope” xəbər portalı da olub. (aydinlik)
Bu hesabat açıqlanandan sonra xəbər Türkiyə ictimaiyyətində ciddi rezonans doğurmuşdu. Hadisədən təxminən bir il sonra “Medyascope” komandasının adı Norveç Xarici İşlər Nazirliyinin Türkiyənin müxtəlif vətəndaş cəmiyyəti institutlarına və media qurumlarına verdiyi yardımlarla bağlı dərc olunan hesabatda keçib. Həmin hesabatda “Medyascope”-un ABŞ və Norveçdən 100 minlərlə dollar maliyyə yardımı aldığı müəyyən edilmişdi (ahaber)


Əlbəttə ki, Ruşen Çakırın fəaliyyəti mükafatlarla da diqqət çəkib. Belə ki, “Medyascope” 2016-cı ildə Beynəlxalq Media İnstitutunun təsis etdiyi “Azad media flaqmanı” mükafatına, 2017-ci ildə “Sərhədsiz Reportyorlar” təşkilatının və Fransanıb “TV5Monde”-nin “Media azadlığı” mükafatına layiq görülüb. (diggitmagazine)
Bu media qurumunun bəzi fəaliyyətləri Türkiyə ictimaiyyətində zaman-zaman haqlı narazılıq və hiddət yaradıb. Məsələn, qurum türk ailə dəyərlərini göz ardı edərək, 2024-cü ildə Qurban bayramı günlərində “baxmalı olduğunuz altı “LGBT” məzmunlu film və serial” başlığı ilə provokativ video paylaşıb. Həmin paylaşımdan sonra Türkiyənin Radio və Televiziya Ali Şurasının rəhbəri Əbubəkir Şahin və tanınmış jurnalist Zəfər Şahin bu hərəkətə dərhal reaksiya vermişdilər.
Elə həmin il “Medyascope TV”-nin təsisçisi Ruşen Çakır bir video yayımlayaraq Səlahəddin Dəmirtaşın həbsdən çıxmalı olduğunu bildirmişdir. “Türkiyənin Səlahəddin Dəmirtaşa ehtiyacı var” başlıqlı videoda R.Çakır DEM Partiyasının yeni bir partiya olsa da, köklü bir ənənəyə sahib olduğunu iddia edir və həmin ənənənin adını çəkir – “PKK terror təşkilatı”. Maraqlıdır ki, həmin videoda Ruşen Çakır “həll prosesi”ni yaxından izlədiyini, PKK düşərgələrinə gedib Murad Karayılanla canlı yayım hazırladığını, Duran Kalkan və Cəmil Bayıkdan müsahibə aldığını etiraf edib.

Mediada bu video ilə bağlı yayımlanan xəbərin sonunda “Medyascope”-un indiyə kimi aldığı qrantlara da toxunulub. Belə ki, “Medyascope”-un aldığı qrantlar” bölməsində qeyd olunub ki, bu media qurumu 2016–2020-ci illər arasında ABŞ-nin “Chrest” fondundan 476 min 720 dollar qrant alıb. Xəbərdə daha sonrakı illərdə də bu media qurumuna ABŞ, Almaniya, İsveçrə və Belçika fondlarından vəsait axdığı vurğulanıb. 2023-cü ildən xəbərin yayımlandığı dövrədək R.Çakır və komandası Almaniyanın “Henrix Böll” fondundan 1 milyon 200 min TL, mərkəzi İsveçrədə yerləşən “Vətəndaş Hüquqlarının Müdafiəçiləri” (CRD) adlı qurumdan 3 milyon 390 min TL, mərkəzi Belçikada yerləşən Avropa Demokratiya Fondundan (EED) 7 milyon 40 min TL, ABŞ-nin Milli Demokratiya Fondundan (NED) 5 milyon 376 min TL, Beynəlxalq Jurnalistlər İnstitutundan 150 min TL, “Interview Network” adlı qurumdan isə 570 min TL qrant dəstəyi alıb.

Bu qurum haqqında araşdırma aparanda maraqlı bir məqama rast gəlinir. Belə ki, 2020-ci ildə “Perspektif Online” adlı sayta müsahibə verərkən Ruşen Çakır media qurumunun gəldiyi yola nəzər salanda başlanğıcda iki nəfərlə müzakirə apardığını qeyd edib. Həmin şəxslərdən biri CHP-li Gürsel Tekin, digəri isə Azərbaycana nifrət edən, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizi “qəbilə dövləti” adlandıran Levent Gültekin olub.
Qurumun Azərbaycan-Ermənistan münasibətləri və ümumilikdə erməni məsələsinə baxışını incələdikdə görürük ki, qərb fondları tərəfindən dəstəklənən “Bianet” adlı qurumun jurnalisti Tuğçe Yılmazın qondarma “erməni soyqırımı”nın “anım günü”ndə erməni gənclərdən müsahibə almasından sonra açılan cinayət işinə görə ən böyük dəstəyi “Medyascope” və şəxsən Ruşen Çakır verib.

2024-cü ilin sentyabrında “Medyascope”-un qonağı uzun illər “Agos” qəzetinin redaktoru işləmiş Pakrat Estukyan olub. Bu məqama xüsusi diqqət: Müsahibə zamanı Ruşen Çakır “Medyascope”-un ortaqlarından birinin erməni əsilli fotoqraf Manuel Çıtak olduğunu etiraf edib. Onun ölümü ilə bağlı yayımlanan xəbərdən məlum olur ki, saytın fəaliyyətə başladığı ilk dövrlərdə istifadə etdiyi ofis də Manuel Çıtakın studiyası imiş.

Ruşen Çakır müsahibəni özünün “X” hesabında “Türkiyədə erməni olmaq... Pakrat Estukyan danışır: yeganə tələbimiz bərabərhüquqlu vətəndaş olmaq” başlığı ilə paylaşıb.
Çakır bir çox paylaşımlarında Türkiyədə yaşayan ermənilərin maddi mədəniyyət nümunələrinin dağıdıldığını iddia edir. 44 günlük Vətən müharibəsi dövründə isə efirə ancaq “Aqos” qəzetində çalışan ermənipərəst jurnalist Arzu Qeybullanı dəvət ediblər.
Bundan başqa, media qurumu ermənipərəst jurnalistlərdən Levent Gültekini, Fehim Taştekin, Aydın Sezeri, analitiklərdən Fatih Ceylanı və Gönül Tolunu da verilişlərinə ekspert kimi dəvət edir. Sonuncu üç şəxsin adı Azərbaycanın Türkiyədəki keçmiş səfirinə qarşı həyata keçirilən qaralama kampaniyasından tanışdır. (faktyoxla.az)

Azərbaycanla bağlı bir çox qərəzli məqalələrin müəllifi, 2006-cı il təvəllüdlü Emir Berke Yaşarın müsahibə aldığı şəxsləri analiz edəndə onun kimin təsiri altında olduğu aydın görünür.

O, FETO-nun media komandasının əsas fiqurlarından olan Nazlı Ilıcak, hazırda xaricdə yaşayan jurnalist Aslı Aydıntaşbaş və Azərbaycan haqqında qərəzli mövqe nümayiş etdirən Hüseyin Çelik kimi şəxslərlə müsahibələr edib.
Emir Berke Yaşarın 12 iyul 2026-cı il tarixində Rusiya-Ukrayna müharibəsi zamanı rus ordusundan qaçan və hazırda Ermənistana sığınan 4 əsgərdən müsahibə alması da diqqət çəkir. O, ötən il qondarma “erməni soyqırımı”nın “anım günü”ndə başsağlığı tviti paylaşıb, daha öncə isə “biz demokratiya istəyirik, erməni kimliyinin həqarət kimi qəbul edilməsini yox” deyə paylaşım edib.
Ruşen Çakırın FETO-çuları müdafiə etməsi, həmçinin köşə yazarları arasında Taner Akçam, Levent Baştürk və Recep Karagöz kimi imzaların olması qurumun mövqeyini əks etdirən əsas məqamlardır.
Bütün bu faktlar və xronoloji təhlil “Medyascope”-un və onun rəhbərliyinin fəaliyyət istiqamətlərinin təsadüfi olmadığını açıq şəkildə nümayiş etdirir. Qərb fondlarından alınan milyonluq qrantlar, Türkiyə və Azərbaycanın milli maraqlarına zidd olan dairələrlə sıx əməkdaşlıq, eləcə də marginal şəxslərə tribunaların verilməsi bu media platformasının əsas missiyasının nədən ibarət olduğunu üzə çıxarır.
Məhz bu səbəbdəndir ki, Azərbaycana qarşı qanunsuz əməllərinə və dövlət əleyhinə fəaliyyət göstərən ünsürlərin “Medyascope”-da “qonaq” edilməsi və onların saxta iddialarının tirajlanması tamamilə məntiqli və gözlənilən bir addımdır. Bu cür platformalar xarici sifarişlər və maliyyə mənbələri hesabına dövlətçilik əleyhinə yönəlmiş qarayaxma kampaniyalarının əsas icraedici alətləri kimi çıxış edirlər.